Ana Sayfa > Karusel / Siyasət > “Prezidentimiz bir daha dünyaya erməni faşizminin məhvi ilə bağlı mesajlarını ünvanladı”
“Prezidentimiz bir daha dünyaya erməni faşizminin məhvi ilə bağlı mesajlarını ünvanladı”1-02-2022, 18:31. Yazar: Admin |
“Bu gün Azərbaycanın yalnız işğaldan azad edilmiş əraziləri deyil, bütün şəhərləri, kəndləri, qəsəbələri inkişaf, tərəqqi dövrünü yaşayır. 2021-ci ildə dövlət başçısı İlham Əliyevin regionlara ümumilikdə 47 səfəri olmuşdur ki, bunun 32-si işğaldan azad edilmiş ərazilərimizə idi. Bu səfərlər çərçivəsində təməli qoyulan, yaxud açılış mərasimi keçirilən sosial obyektlərin say tərkiblərini də nəzərə alsaq qarşıdakı dövrdə daha sürətli inkşafdan bəhs etməyimizə böyük əsaslar yaranır. Eyni fikirləri cari il üçün də qeyd edə bilərik. Belə ki, təkcə ölkə Prezidenti İlham Əliyevin yanvarın 30-da Gəncə şəhərinə səfəri zamanı açılışında və təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlərə diqqət yetirək. Dövlət başçısı Gəncə Dövlət Dram Teatrının yeni binasının, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposunun açılışlarında iştirak etdi. Gəncə İdman Sarayında aparılan tikinti işlərinin gedişi ilə tanış oldu, Gəncə Memorial Kompleksinin təməlini qoydu. Cənab İlham Əliyev bildirdi ki, bütün bu açılışlar və təməlqoyma mərasimləri göstərir ki, ölkəmizin hər bir yerində inkişaf davam etməlidir. Əldə olunmuş nailiyyətlərlə kifayətlənməməli, yalnız irəliyə getməli və bütün gücümüzü səfərbər edib insanlar üçün daha yaxşı həyat şəraiti yaratmalıyıq”. Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib. M.Həsənov qeyd edib ki, Azərbaycan postmünaqişə dövrünün reallıqlarının təsdiqi və təqdimatı istiqamətində biri-birindən mühüm addımlar atmaqla yanaşı, eyni zamanda, informasiya cəbhəsində də mübarizəsini uğurla davam etdirir: “Gəncə Memorial Kompleksinin təməlinin qoyulması özündə bütün məqamları ehtiva edir. Məlum olduğu kimi, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanında məğlubiyyəti ilə barışmayan Ermənistan silahlı qüvvələri digər yaşayış məntəqələrimizi raketlərdən atəşə tuturdular. Azərbaycanın ikinci böyük şəhəri, qədim tarixə malik, çoxsaylı mədəniyyət obyekti olan, turizm mərkəzi və əhalinin sıx məskunlaşdığı Gəncəyə qadağan olunmuş silahlardan istifadə etməklə iki dəfə raket zərbələri endirildi. Nəticədə dinc əhali arasında çoxsaylı ölən və yaralanan oldu, mülki evlərə, tarixi və mədəni abidələrə, inzibati binalara və digər sosial obyektlərə ciddi ziyan dəydi. Bu hücumların məqsədi məlum idi - Azərbaycan xalqını qorxutmaq və ordumuzu Ermənistan ərazisinə cavab zərbəsi endirməyə məcbur etmək, üçüncü tərəfləri münaqişəyə cəlb etmək. Gəncə Memorial Kompleksi erməni vəhşiliyinin, hərbi cinayətlərinin dünyaya təqdimatında əhəmiyyətli rol oynayacaq. Bu kompleks böyük bir ərazini əhatə edəcək. Diqqət çəkən əsas məqam dağıdılmış binaların olduğu kimi saxlanılmasıdır. Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanması təklifini etsə də, törətdiyi vəhşilikləri, cinayətləri heç zaman unutmayacaq. Dövlət başçısı İlham Əliyevin Gəncə şəhərinə səfəri çərçivəsində erməni faşizminə şahidlik edən bu dağıdılmış bunaların qarşısında Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibəsi, həmçinin sualları cavablandırarkən səsləndirdiyi fikirlər işğalçı Ermənistana və ona havadarlıq edənlərə ciddi mesajlardır”. “Dövlət başçısı İlham Əliyev bir daha dünyanı erməni faşizminə qarşı fəal mübarizəyə çağırdı” söyləyən millət vəkili vurğulayıb ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində yalnız torpaqlarını işğaldan azad etmədi, erməni faşizmini məğlub etdi. Ölkə Prezidentinin də bəyan etdiyi kimi, erməni faşizmi məhv edilməyib, təzahürləri görünməkdədir: “Ölkəmiz onun təzahürlərini yer üzündən silmək gücünə malikdir. 30 ilin işğalına 44 günlük İkinci Qarabağ müharibəsində son qoyulması, ədalətin bərpası, 30 ildə dünya güclərinin icra edə bilmədikləri BMT qətnamələrinin təkbaşına icra edilməsi Azərbaycanın gücünün, qüdrətinin göstəricisidir. Azərbaycan tarixi Zəfəri ilə dünyaya ədalət və beynəlxalq hüquq məfhumlarının mövcudluğunu sübut etdi. Bu gün dünya gücləri, beynəlxalq ictimaiyyət erməni faşizminin məhv edilməsində həmrəylik nümayiş etdirməlidirlər. İşğaldan azad edilmiş torpaqlarımızda, həmçinin Vətən müharibəsinin getdiyi dövrdə Gəncədə, Bərdədə, Tərtərdə və digər ərazilərimizdə törətdilən vəhşiliklər, vandalizm illərdir Azərbaycan xalqının necə bir vəhşi ilə üz-üzə olduğunu dünyaya nümayiş etdirir. “Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur” söyləyən dövlət başçısı, eyni zamanda, bu mesajı da ünvanladı ki, biz heç vaxt bölgədə erməni faşizminin baş qaldırmasına imkan verə bilmərik. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir”. M.Həsənov Azərbaycanın xarici siyasət uğurlarının davamlılığından bəhs edərək diqqəti bu günlərdə Rusiyada erməni diasporunun səylərinə baxmayaraq faşist Qaregin Njde haqqında filmin yayımının dayandırılmasına yönəldib: “Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edir ki, faşistlərin qəhrəmanlaşdırılmasına imkan vermək olmaz. Hər bir çağırışı ilə ədalətin, beynəlxalq hüququn bərpasına, ikili standartlara əsaslanan siyasətə son qoyulmasına çalışan Azərbaycan dünya siyasətində dəyişikliklərə yol açır. 10 noyabr 2020-ci il tarixdə üçtərəfli Bəyanatın imzalanmasından bu günədək hadisələrin təhlili qalib Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmləndiyini təsdiqləyir”. Geri dön |