Ana Sayfa > Karusel / Gündəm > Deputat İqbal Məmmədova cinayət işi AÇILA BİLƏR
Deputat İqbal Məmmədova cinayət işi AÇILA BİLƏR1-02-2022, 17:33. Yazar: Admin |
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytında deputat İqbal Məmmədova məxsus “Kaspi Yıldız” şirkətinin 10 milyon manata yaxın vergi borcunun olması barədə məlumat yer alıb. Belə ki, şirkətin 1600019501 nömrəli VÖİN-i üzrə sorğu zaman “Kaspi Yıldız”ın 9 666 469.63 AZN borcu olduğu üzə çıxıb.
Külli miqdarda vergidən yayınmaqda ittiham olunan deputata cinayət işi açıla və o həbs oluna bilərmi?
Qarabaginfo.az-ın xəbərinə görə, Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Əkrəm Həsənov Modern.az-a açıqlamasında bildirib ki, bu, deputat İqbal Məmmədovun vergi ilə bağlı ilk problemi deyil. Daha öncə də onun adı oxşar hadisələrdə hallanıb.
“Borc məhz deputatın birbaşa özünün olarsa, cinayət işi açmaq prosesi asandır. Ancaq ona məxsus olduğu deyilən hansısa müəssisənin vergi borcunun olması fərqli yanaşmadır. Həmin şirkətin rəsmən deputata məxsus olması sübuta yetirilməlidir. Faktlarla təsdiqlənsə ki, həmin şirkət deputatın adınadır və vergi borcundan yayınır, o zaman cinayət işinin açılması üçün Baş prokuror Milli Məclisə təqdimat verməlidir. Daha sonra həmin deputatın toxunulmazlığı üzərindən götürülə və cinayət işi açıla bilər".
Hüquqşünasın sözlərinə görə, İqbal Məmmədovun vergi problemi çoxdan məlum idi: "Bir neçə il əvvəl qohumları vergi işçilərini döymüşdü. Necə olur ki, adi vətəndaşın vergi orqanına bir az borcu olanda, ona qarşı sərt tədbirlər görülür, amma deputat olduğu üçün 10 milyon borcu var və heç nə edilmir. Deputat hətta borcunu da vermək istəmir. Bu faktlar araşdırılmalıdır. Faktlar sübut olunduqdan sonra lazımi tədbirlər görülməlidir”.
Qeyd edək ki, bu gün mətbuatda yayılan digər məlumata görə, “Kaspi Yıldız” şirkətinin təsisçilərindən biri Rafet Ekmekçioğlu özünə məxsus 50% payı digər təsisçi Məmmədov İqbal Nəriman oğluna verib. Bununla da “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin təsisçisi 100% pay ilə Məmmədov İqbal Nəriman oğlu olub.
Maraqlıdır ki, Lerikin deputatı bir müddət əvvəl mətbuata açıqlamasında “Kaspi Yıldız”la bağlı danışarkən şirkətin onun adına olması barədə iddiaları təkzib etmişdi: “Mən deputat olana qədər “Kaspi Yıldız” öz adıma idi. Parlament üzvü olduqdan sonra bütün biznesimi ailə üzvlərimin adına keçirdim. Deputatam deyə biznesimi yad adama bağışlayası deyildim ki...” Geri dön |