Ana Sayfa > Karusel / İqtisadiyyat > AB Bakıya da üz tutur: Qaz savaşı Xəzərə sıçrayır?
AB Bakıya da üz tutur: Qaz savaşı Xəzərə sıçrayır?31-01-2022, 09:04. Yazar: Admin |
Avropa İttifaqı Rusiya ilə problemlər fonunda Azərbaycandan qaz tədarükünü artırmaq istəyini təsdiqləyib. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrell deyir ki, diplomatiyanın uğursuz olacağı, Rusiyanın tədarükünü kəsmək və ya dayandırmaq qərarına gələcəyi təqdirdə ABŞ, Qətər və Azərbaycandan qaz tədarükünü artırmaq məsələsini nəzərdən keçirirlər. Moskvanın Avropaya qarşı qaz rıçağından istifadə etsə də, tədarükü dayandırması ehtimalı azdır: qaz bazarından pul qazanırlar; qaz rıçağından Avropanı itirmək yox, “ələ keçirmək” üçün istifadə edirlər. Brüssel bunu anlayır, ABŞ və Qətərdən almaq istədiyi NLG, Azərbaycandan almaq istədiyi təbii qaz həcminin ehtiyacı tam qarşılayacağı da sual altındadır. Bunun fonunda almanların mövqeyi Aİ-nin mövqeyi ilə üst-üstə düşmür. Hərçənd, tədarükün şaxələndirilməsi məsələsini gündəmə gətirməklə Rusiyaya alternativlərinin olduğunu nümayiş etdirmək gedişi edir və bununla: - Qaz bazarında maraqlarına yarana biləcək riskləri göstərməklə rusları dialoqa sövq edir; - Moskvanın qaz ixracını Avropanın hazırda ehtiyacı olduğu həcmdə artırmağına nail olmağa çalışır. Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun bu həftə Vaşinqton və Bakıda qaz tədarükünün artırılması ilə bağlı müzakirələr aparacağı gözlənilir. Və mümkündür ki, bu gedişlə ruslardan istədiklərini ala biləcəklər, çünki Moskva iqtisadi və siyasi olaraq istifadə etdiyi qaz rıçağına risklərin yaranmasından yana deyil. Burada bizim üçün vacib olan məqam rəsmi Bakının qazana biləcəkləridir: Birincisi, Azərbaycan qazı Avropa bazarında həcm baxımdan rus qazına tam alernativ olmasa da, mövcud situasiya Bakıya qaz ixracını artırmağa imkan verir; İkincisi, Avropada Bakının siyasi əhəmiyyəti artır; bu, Moskva üçün də keçərlidir. Baş verənlər “qaz müharibəsi”nin yenidən aktuallaşması və növbəti qışa qədər daha da kəskinləşməsi riskini gündəmə gətirir: Avropanın bu qış rus qazının təsirini azaltması imkanı zəifdir və diplomatik gedişlərlə cari dövrdə ruslardan istədiyini almaq istəyir; neft ixracından fərqli olaraq, qaz ixracı ilə bağlı müqavilələrin adətən növbəti il üçün nəzərdə tutulması da əsas kəskinləşmənin qarşıdakı dövrdə olacağı gözləntisini yaradır; a) Avropa bazarında xüsusilə ABŞ NLG ixracını artıra bilər; b) Qaz ixracının artırılması üçün Azərbaycanla müqavilə imzalana bilər: TAP 10 milyard kubmetr qaz ixrac edir, bu həcmi iki dəfə artırmaq mümkündür; c) ABŞ Cənub Qaz Dəhlizini doldurmaq üçün Transxəzər layihəsini gündəmə gətirə bilər. İl ərzində bu istiqamətlərdə mümkün addımların atılması gözləniləndir. Bu gedişlər, xüsusilə Transxəzər layihəsi “qaz müharibəsi”ni kəskinləşdirəcək. Bakı və Ankara Türkmənistanla Transxəzər məsələsini müzakirə edir, lakin rus faktoru Avropa bazarındakı qarşıdurmanı Xəzər bölgəsinə də daşıya bilər. Mümkündür ki, Vaşinqton Bakı və Ankara üzərindən Xəzərə və Mərkəzi Asiyaya çıxmaq istiqamətində fəaliyyətini aktivləşdirsin. Bu bölgədə yeni risklər yarada bilər. Lakin “Nabucco” ilə başlanan “qaz müharibəsi”ndən bütün tərəflərin mövqelərini nəzərə alaraq, Cənub Qaz Dəhlizi ilə qazanclı çıxan Azərbaycanın Rusiya ilə qarşıdurmaya gedəcəyi ehtimalı azdır: Bakı Ankara ilə birlikdə yaranmış şərtlərdən Qərb və Rusiya qarşısında maraqlarının təmin edilməsi üçün istifadə edə bilər; Moskva da bu bölgədə Azərbaycan və Türkiyə ilə işləməkdə maraqlıdır. Əsas çətinlik Mərkəzi Asiyada yaşana bilər: Rusiyanın bölgənin enerji resurslarının Avropa bazarına çıxması perspektivinin az olmasına baxmayaraq, bu coğrafiyada nəzarəti gücləndirmək istiqamətində işləyəcəyi, qazax ssenarisinin bu və ya digər formada bölgənin digər ölkələrində də tətbiq edəcəyi istisna deyil.(Axar.az)
Geri dön |