Ana Sayfa > Karusel / Gündəm > DYP piyada svetoforları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

DYP piyada svetoforları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib


28-01-2022, 10:13. Yazar: Admin

 

DYP piyada svetoforları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyada svetoforları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

BDYPİ-dən Qarabaginfo.az-a daxil olan xəbərdarlıqda deyilir:

"Son illərdə paytaxt ərazisindəki küçə və prospektlərdə nəqliyyat axınının tənzimlənməsi, eləcə də piyadaların, o cümlədən görmə qabiliyyəti məhdud olan şəxslərin yolu qarşı tərəfə təhlükəsiz keçmələri üçün bəzi nizamlanan piyada keçidlərində sensor və ya düymə ilə idarə olunan piyada svetoforları quraşdırılıb.

Sürücülər üçün yaşıl işıq siqnalına üstünlük verilən belə svetoforların iş prinsipinə görə qurğuya toxunduqdan bir neçə saniyə sonra avtomobillər üçün qırmızı işıq siqnalı yanır və piyadaların yolun hərəkət hissəsini rahat şəkildə keçməsinə şərait yaranır ki, bu da nəqliyyatın intensiv hərəkət etdiyi yollarda ləngimələrin qarşısının alınmasına hesablanıb.

Lakin müşahidələr göstərir ki, yolu tək keçməyə çalışan bir çox piyadaların sensor və ya düymədən qısa zaman kəsiyində tez-tez istifadə etməsi bu tip svetoforların quraşdırıldığı ərazilərdə süni sıxlığın yaranmasına gətirib çıxarır. Yaxşı olar ki, piyadalar yolu keçərkən ətrafa baxsınlar, əgər başqaları da varsa, onları gözləyib yolu birlikdə keçsinlər. Dünya təcrübəsində də piyadalar nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmamaq üçün bir neçə nəfər toplaşdıqdan sonra sözügedən svetoforların imkanlarından istifadə edirlər.

Odur ki, Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edərək sensorlu və ya düyməli piyada svetoforlarının quraşdırıldığı ərazilərdə səbrli davranaraq yolu tək-tək deyil, toplu halda keçməyi, özləri ilə yanaşı digər yol hərəkəti iştirakçılarını da nəzərə almağı xahiş edir".


Geri dön