Ana Sayfa > Karusel / Siyasət > Ukrayna savaşı: Putinin “son hücumu” və Ərdoğanın həmləsi...

Ukrayna savaşı: Putinin “son hücumu” və Ərdoğanın həmləsi...


26-01-2022, 22:02. Yazar: Admin

Ukrayna ətrafında baş verənlərlə bağlı olduqca ziddiyyətli açıqlamalar gəlir.

Rusiya cidd-cəhdlə müharibə etmək niyyətində olmadığını sübut etməyə çalışır. Ancaq Ukrayna ilə sərhədə yüz minlik ordu yığmaq, “İsgəndər”lərə qədər ağır silahları əraziyə cəlb etmək, Belarusla genişmiqyaslı təlim üçün bu ölkəyə çoxsaylı hərbi birliklər və zirehli texnika göndərməklə, Rusiya faktiki olaraq Qərbin informasiya manipulyasiyasının “xammalı” rolunu oynayır. Nə qədər hücum etməmək barədə israrlı açıqlamalar versə də, bu hərbi hazırlıqların istənilən formada yozulması mümkündür.

Amma qəribə olan Qərbin informasiya savaşında Ukraynanın mövqeyidir. Prezident Zelenski başda olmaqla, ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilova qədər, Rusiyanın hücuma keçəcəyi ilə bağlı hansısa tutarlı informasiya və siyasi təşəbbüsün olmadığı açıqca elan edilir. Ancaq Ağ Ev dərhal Danilovu təkzib edir və Putinin hücum hazırlığında olduğunda israr edir!

Bu faktın özü Rusiya ətrafında çox ciddi bir informasiya və siyasi daralma getməsindən xəbər verir.

Putinə hücum nə vaxtdan başlayıb?

ABŞ və NATO Rusiya aqressiyasının qarşısındamı bu “gecikmiş” addımları atır? Doğrudanmı Qərbin əsas hədəfi aqressiv Rusiyanı dayandırmaqdır? Hələ 200-ci illərin əvvəllərində Rusiyanın NATO-ya girməsini istisna etməyən Putin necə və niyə Qərbin hədəfinə çevrildi?

Hər kəs 2007-ci il Münhen konfransında Putinin Rusiyanın strategiyasını açıqladığı və Qərbə xəbərdarlıq etdiyini xatırladır və məsələnin mahiyyəti də burdadır.

Putin Rusiyanın qüdrətini özünə qaytarmaq üçün çalışanda kollektiv Qərb Gürcüstanda, daha sonra isə Ukraynada məxməri inqilab həyata keçirdi. Bu inqilablar və Rusiyanın ətrafında olan ölkələrdə dinc çevrilişlərə qarşı Kremlin reaksiyası gecikirdi, amma yaxın keçmişin fövqəldövlətinin iddiası kifayət qədər ucadan eşidilirdi.

Rusiya “itirdiyi nüfuz dairəsini” geri qaytarmaq uğrunda ciddi fəaliyyətə başladı – həm Ukraynada, həm də Gürcüstanda. Buna qarşı ilk aqressiya Gürcüstanda göstərildi. Acarıstanın hərbi müdaxilə ilə ram edilməsinin dərhal ardından Rusiyanın xəbərdarlıqlarına rəğmən Cənubi Osetiya və Abxaziyanın hərbi yolla nizamlanması istəyinə Moskva ordunu Tiflisə göndərməklə cavab verdi.

Putin başqa cür davrana bilməzdi: əgər Saakaşvilinin timsalında buna izn verilsəydi, onda post-sovet məkanında fərqli bir presedent yaranacaqdı və müttəfiq respublikalar Rusiyanın əhatə dairəsindən çıxaraq, Qərblə yaxınlaşacaq və öz ərazi bütövlüklərini də Qərbin dəstəyi ilə bərpa edəcəkdilər. Beləliklə, NATO bütün perimetr boyunca Rusiya sərhədlərinə yerləşəcəkdi.

Rusiyanın Gürcüstan təcavüzü buna görə baş verdi və Qərb yalnız bəyanatlarla kifayətlənməyə məcbur oldu. 2008-ci ildə Gürcüstan və Ukraynaya NATO üzvlüyü ilə bağlı yaşıl işıq yandırılandan sonra isə Rusiya hər iki ölkədə hərbi-siyasi təzyiqini artırmağa başladı.

Yuşşenko, ardınca isə Saakaşvili yola salındı. Qərbin Ukraynada növbəti “məxməri cəhdi” isə bu ölkənin faktiki olaraq əhəmiyyətli hissəsinin Gürcüstan kimi işğalına səbəb oldu.

Kim haqlıdır?

Rusiya hərbi təcavüzkardır, aqressiv dövlətdir və qonşularına hörmət göstərməyi o qədər də sevmir. Ancaq Rusiyanın qlobal maraqları var və bu, mütləq şəkildə nəzərə alınmalıdır.

Nə Gürcüstanda, nə də Ukraynada bunlar nəzərə alındı: hər iki ölkədə Qərbdən maliyyələşən qurumların ictimai təsir imkanları ilə növbəti proseslər davam etdirildi, hətta “Ərəb baharı” başladıldı, böyük bir arealda Rusiya təsirinin məhvinə start verildi.

Heç bir prosesə Rusiya birinci başlamayıb: Rusiya sadəcə ona SSRİ-dən miras qalan münaqişə ocaqları ilə təsirini saxlamağa çalışıb. Bu yanlış siyasətdən Rusiyanın daha məqbul varianta keçməsi üçünsə sadəcə, vaxtı olmayıb. Əlbəttə, bu, Rusiyanın təcavüzkar olduğu anlayışını yoxa çıxartmır, ancaq fakt da faktlığında qalır. Mülayiş təzyiq üçün böyük zaman və siyasi münasibətlər formalaşmasına ehtiyac var. Buna isə Rusiya keçid edə bilməz – Qərb bu baxımdan onillərdir formalaşmış strukturlara sahibdir və Rusiya bu siyasəti seçəcəyi andaca məğlub olacaq...

Ukrayna – tamamilə fərqli savaşdır

Rusiya və Ukrayna – slavyan xalqlarıdır, qardaşdırlar, üstəlik, Ukraynada rus əhalisinin sayı kifayət qədər çoxdur. Ukrayna siyasətçilərinin yanlış düşüncəsi və yaxud Qərbin vədlərinə aldanması nəticəsində Ukrayna bütövlükdə böyük bir böhrana daxil oldu, iki qardaş ən yaxın onilliklərdə barışmayacaq qədər bir-birlərinə nifrət edirlər.

Bu, Qərbin məkrli siyasətinin, ukraynalı siyasətçilərin isə məhdud düşüncələrinin bəhrəsidir.

Ukrayna hazırda yüksək sürətlə silahlandırılır, külli miqdarda yardımlar edilir, Rusiyaya qarşı bu ölkə vətəndaşlarını necə manipulyasiya etmək mümkündürsə, o qədər də edilir. Məqsəd Rusiyanı Ukraynaya çəkmək və Ukraynada da batırmaqdır!

Rusiya bunu çox yaxşı bilir və qətiyyən hücum etməyəcək. Bəs niyə sərhədə yüz minlik ordu yığmalıdır?

Çünki Acarıstan təcrübəsi var və Rusiya Qərbin təhriki ilə Kiyevin Donbasa hücum etməyəcəyinə əmin deyil. Bu hücuma qarşı isə hazırlıqlı olmaq istəyir və Tiflisin nümunəsində Kiyevə qədər gedə biləcəyini elan edir!

Burda ciddi oyunlar davam etdiyi halda Qərb Orta Asiyaya da “hücum” etdi, Rusiyaya daha bir cəbhə açmağa çalışdı. İndi bəlli olur ki, Əfqanıstanda 85 milyardı aşan silahları da qoyub, niyə “rüsvayçılıqla” qaçmışdı.

ABŞ heç yerə qaçmayıb və siyasətini davam etdirir: bu dəfə Rusiyanın ətrafında olan ölkələrin öz əli ilə.

Qazaxıstan ssenarisinin qarşısı ölkə rəhbərliyinin ən son variantlara qədər əl atması ilə alındı. Ancaq Orta Asiyada yeni ssenarilər hələ də aktualdır.

ABŞ Ukrayna böhranını dərinləşdirməklə daha fərqli cəbhələr açmağa çalışır. Rusiya isə “bölünməmək” üçün Qazaxıstanda qalmamağa, ancaq orda kəşfiyyatı gücləndirməyə qərar verdi və KTMT də buna görə ordan cəmi 10 günə çıxdı. Məqsəd sadəcə, “Qazaxıstandan boy göstərmək” idi – hakim komandanın fəaliyyəti isə bu məqamda Rusiyanın maraqlarına tam cavab verdi. Qazaxıstan parçalanmadan xilas oldu, Rusiya isə ikinci ən böyük cəbhədən yaxa qurtardı.

Yəni burda haqlı olmaq məsələsi yox, dünyanın təsir dairələrinə yenidən bölünməsinə qarşı Rusiyanın dirənişi və aqressiyası gündəmdədir.

Rusiyalı müxalif siyasətçilərin bir arqumenti var: hətta NATO bizim sərhədlərimizə gəlsə belə, Rusiya niyə narahatdır? Axı bu nəhəng nüvə dövləti üçün heç bir təhlükə ola bilməz? Rusiya niyə sərhədinə NATO-nun gəlməsindən narahatdır?

Onda əks sual çıxır ortaya: bəs, NATO niyə Rusiya sərhədlərinə yerləşmək istəyir? Niyə Ukrayna NATO üzvü olmalıdır? Ukrayna kimə qarşı NATO ilə birləşir?

Finlandiya və İsveç bir neçə dəfə rəsmi şəkildə NATO-ya üzv olmaq istəmədiklərini elan ediblər, ABŞ və NATO-nun ən yüksək səviyyəli nümayəndələri isə israrla bu iki ölkəni NATO-da görmək istədiklərini bir-birinin ardınca təkrarlayırlar. Niyə bu ölkələr NATO-ya qoşulmalıdır? Dövlətlər istəmir, buna müqavimət göstərir, ancaq kollektiv Qərb “qapılarını açır”. Səbəb nədir axı?

Rusiya hərbi təhlükəsizliyinin yox, iqtisadi-siyasi və nüfuz maraqlarının təhlükəyə düşməsindən narahatdır. ABŞ hər vəchlə AB-ni də oyununun aləti edib və Rusiyanı zəiflətdikdən sonra Çinlə “münasibətlərini” nizama salmaq istəyir. Bu yolda Rusiyaya qonşu olan dövlətlərin taleyi isə onu qətiyyən maraqlandırmır.

Elə Rusiyanı da maraqlandırmır, keçmiş SSRİ respublikalarında basdırdığı minaları istədiyi vaxt partladır və böyük fəlakətlər törədir.

Hazırda Rusiyanın ətrafındakı ölkələr qurbanlıqlardır: kim daha doğru siyasət yürüdürsə, hərbi-siyasi birliklər qurursa, o da ayaqda qalır.

Belarus lideri bu baxımdan tam haqlıdır: dünyada böyük təmərküzləşmə prosesi gedir və Rusiya da bu mərkəzləşmədə öz haqqını almaq istəyir.

Ərdoğanın əks-həmləsi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məhz bu məqamda Rusiya və Ukraynanı barışdırmaq istəyi xüsusilə diqqət çəkir. Putin və Zelenskiyə fərqli, yeni platforma təklif edilir. “Ukraynasız Ukrayna müzakirə edilə bilməz” deyir rəsmi Kiyev, onda düşmən olduğun qardaşınla özün bir masaya əyləş!

Əlbəttə, çox ağır bir prosesdir: Ukrayna siyasətini necə dəyişmək olar? Ölkənin bütün taleyi artıq Qərbə tapşırılıb, Qərb “standartları”, Qərb maliyyəsi, Qərbin himayəsində olan QHT-lər, dotasiyalar, Qərb silahları... Hər şey artıq ABŞ-ın əlindədir. Bu mərhələdən geri qayıtmaq olduqca böyük vaxt və güc tələb edir!

Zelenski bunu bacara, ölkəsini NATO və ABŞ-ın təsirindən qurtarıb, “qardaşı” ilə münasibətləri yoluna sala bilərmi?

Hətta Zelenski və Danilov “Rusiya hücum etməyəcək” deyəndə ABŞ “əsəbiləşirsə” və Ukrayna kəşfiyyatının, prezidentinin əvəzinə danışıb, onları yalanlayırsa, Ukraynanı qaytarmaq mümkündürmü?

Xırda və adi bir cəhd – Rusiyanın hücum etməyəcəyi “etirazı” artıq Qərbi hiddətləndirir. Bu vəziyyətdə Ərdoğan hansı nəticəyə nail ola bilər?

Böyük siyasi strategiya və olduqca uzunməsafəli düşüncə Ukraynanı yaxşı mənada xilas edə bilər.

Heç şübhə yoxdur ki, bu ssenari Zelenskiyə çatdırılıb; qəti şübhə yoxdur ki, Rusiya lideri bu mümkünsüz görünən plan haqda müfəssəl məlumata malikdir. Ona görə də İlham Əliyevin səfəri, Ərdoğanın fevralda Ukraynaya gedəcəyini bildirməsi və “bu görüşlərdən sonra ola bilsin ki, Rusiyaya gedəm” deməsi ciddi müzakirələr getdiyini təsdiqləyir.

Qərb - əlbəttə ki, ABŞ nəzərdə tutulur – imkan verəcəkmi?

Buna görə Rusiyanın ətrafında daha bir “inqilab” başlasa və yaxud Kiyevdə anidən müharibə alovlansa, təəccümlənməyə dəyməz.

Qərb yaxşı işləyir...


Geri dön