Ana Sayfa > Karusel / Dünya > Təhlükə artır, Böyük Britaniya da öz səfirliyinin əməkdaşlarını geri çağırır

Təhlükə artır, Böyük Britaniya da öz səfirliyinin əməkdaşlarını geri çağırır


24-01-2022, 17:50. Yazar: Admin

ABŞ-ın ardınca Böyük Britaniya da Kiyevdəki səfirliyindən əməkdaşlarını geri çıxarmağa başlayıb. Londonda qeyd edirlər ki, britaniyalı diplomatlara Ukraynada birbaşa təhdid yoxdur, bununla belə personalın yarısını geri çağırmaq qərara alınıb.

“Bizim əməkdaşlarımızın və onların ailə üzvlərinin bir hissəsi Rusiya tərəfdən artan təhdidlər fonunda Kiyevdən geri çağırılır. Böyük Britaniya səfirliyi açıqdır və öz əsas funksiyalarını yerinə yetirməyə davam edir”, - Böyük Britaniya XİN-dən yayılan rəsmi bəyanatda bildirilir.

Bundan əvvəl ABŞ Dövlət Departamenti də Kiyevdən diplomatların və onların ailə üzvlərinin təxliyəsinin başladığını təsdiq edib. Hərçənd Dövlət Departamenti bunu təxliyə yox, xəbərdarlıq xarakterli addım adlandırır. ABŞ xarici siyasət idarəsinin yaydığı bəyanatda deyilir ki, Rusiyanın hərbi müdaxiləsi istənilən an başlaya bilər və bu zaman əməkdaşların Kiyevdən çıxarılması olduqca çətinləşər. Dövlət Departamenti habelə ABŞ vətəndaşlarını Rusiya və Ukraynaya səfərlərdən çəkinməyə çağırıb.

ABŞ-ın Kiyevdəki səfirliyində 900-a yaxın əməkdaş çalışır və bu, Birləşmiş Ştatların Avropadakı ən iri diplomatik missiyalarından biridir.

 ABŞ və Böyük Britaniya ilə yanaşı bu gündən etibarən Avstraliya hökuməti də Kiyevdən öz diplomatlarını və onların ailə üzvlərini çıxarmaq barədə sərəncam verib. Habelə digər Avstraliya vətəndaşlarına Ukraynanı öz hesablarına tərk etmək məsləhət görülür.

 Avropa İttifaqı ölkələri isə hələlik diplomatlarını Kiyevdən geri çağırmağa tələsmir. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildiirb ki, indiki mərhələdə buna heç bir tutarlı əsas yoxdur. “Hesab etmirəm ki, danışıqların hələ davam etdiyi bir vaxtda situasiyanı dramatikləşdirmək lazımdır”, - Borrel ABŞ dövlət katibi Entoni Blinkenlə videokonfrans formatındakı görüşündə bildirib.(virtualaz.org)


Geri dön