Ana Sayfa > Karusel / Qarabağ > Şuşa və Ağdama ilk sərnişin avtobusları yola düşüb

Şuşa və Ağdama ilk sərnişin avtobusları yola düşüb


24-01-2022, 07:21. Yazar: Admin

Avtovağzal gücləndirilmiş iş rejiminə keçir

 

Şuşa və Ağdam şəhərlərinə ilk sərnişin avtobusları yola düşüb.

Qarabaginfo.az xəbər verir ki, avtobuslar Bakı Beynəlxalq Avtovağzalından yola çıxıb.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə bu gündən müntəzəm avtobus reyslərinə başlanıb.

Reyslər Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa və Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası avtobus marşrutları ilə yerinə yetirilir.

Artıq hər bir marşrut üzrə sınaq səfərləri həyata keçirilib, istismar ediləcək avtobusların sinifləri müəyyən olunub.

Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı-Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq.

Bakı-Şuşa-Bakı biletinin bir istiqamətə olan qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı biletinin bir istiqamətdə qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli (express) biletinin bir istiqamətdə qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə (express) biletinin bir istiqamətdə qiyməti 5 manat, Füzuli BHL - Şuşa (express) biletinin bir istiqamətə qiyməti isə 6 manat təşkil edir.

Sərnişinlər getdikləri gün geriyə dönəcək.

İşğaldan azad olunan ərazilərə səyahət etmək istəyənlər biletləri elektron qaydada əldə edə bilər. Bu məqsədlə "yolumuzqarabaga.az" portalı yaradılıb.

İlkin olaraq Ağdama və Şuşaya səfərləri nəzərdə tutan sistemdə, daha sonra işğaldan azad edilən digər bölgələrə də səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.

İmtiyazlı şəxslər də daxil olmaqla, bütün şəxslərə işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir.


Geri dön