Ana Sayfa > Karusel / Gündəm > İş adamı baş həkimi aldadıb 58 min manatını aldı

İş adamı baş həkimi aldadıb 58 min manatını aldı


22-01-2022, 18:49. Yazar: Admin

İş adamı baş həkimi aldadıb 58 min manatını aldı

Bakıda iş adamı “Loğman” klinikasının baş həkimini aldadaraq külli miqdarda pulunu mənimsəyib.

Qarabaginfo.az-ın məlumatına görə, təqsirləndirilən Nadir Əliyev (soyad şərtidir) biznes qurmaq adı ilə klinikanın rəhbəri İlqar Quliyev və daha bir tanışı Tamerlan Məmmədova (soyad şərtidir) məxsus ümumilikdə 153 min manatdan çox pulu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib. Belə ki, o, həmin şəxslərə Türkiyədən “Paşabahçe", “Güral Porselen” və digər brend firmalara məxsus qab-qacaq gətirib Bakıda satmaq, eləcə də restoran işlətmək vədlərini verib. Bu işlərdən yaxşı gəlir götürəcəklərinə inandıraraq onlardan aldığı pulları mənimsəyib. Daha sonra aldadıldıqlarının fərqinə varan baş həkim və digər zərəçəkmişin şikayəti əsasında Nadir Əliyev barəsində cinayət işi başlanılıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb 

Məhkəmədə dindirilən zaman N.Əliyev ittiham olunduğu cinayət əməlləri üzrə özünü təqsirli bilməyib: “Tamerlanı uşaqlıqdan tanıyıram, münasibətlərimiz normal olub. 2018-ci ildən Türkiyədən “Paşa Bahçeli”, “Gural Porselen” və digər brend firmaların qab-qacaq və mətbəx avadanlıqlarını gətirməklə məşğul olmuşam. Sifarişi Bakıda tanış olduğum Türkiyə vətəndaşı Suad Çakıcıya verirdim. Malları “Sədərək”də olan anbara gətirib oradan paylayırdım. 2018-ci ildə həmin işdə yaxşı qazanc əldə etdiyimdən gətirdiyim malların çeşidini çoxaltmaq və dövriyyəni artırmaq məqsədi ilə sinif yoldaşım Sami Əfəndiyevdən borc pul götürüb əldə etdiyim qazancdan ona da hörmət etdim. Həmin vaxt Tamerlan da bu işə qoşulmaq istədi. Ondan hissə-hissə 50-60 min manat alıb, əldə etdiyim qazancdan hər ay 2-5 min manat pul verməyə razılaşdım. 2018-ci ildən mütəmadi olaraq mənə pul verib qazanc götürməyə başladı. Lakin sonra sifariş verdiyim Türkiyə vətəndaşları məni aldatdı və 270 min dollarımı alıb yoxa çıxdılar. Mən də Tamerlanın pulunu qaytara bilmədim. “Kia Rio” markalı avtomobilimi və borcdan bir qədərini Tamerlana verdim. Ona ümumilikdə 34 800 manat qaytarmışam. Hazırda imkanım olmadığı üçün pulun qalan hissəsini qaytara bilmirəm.

Baş həkim İlqar Quliyevi isə qaynatamın müalicə üçün “Loğman” klinikasına getməsinə görə tanımışam. Klinikanın stomotoloqu Mustafa qaynatamla söhbət zamanı mənim restoran işi ilə məşğul olduğumu öyrənib. Belə ki, mən Bakıda yerləşən “8 kafe”, “İncir”, “Park Çinar”, “Tezbazar”  restoranlarını işlədirdim. Mustafa İlqara mənim restoran işi ilə məşğul olduğumu deyib. İlqar mənə zəng edib görüşmək istədi. “Loğman” klinikasının 1-ci mərtəbəsindəki 75 kv/m sahəsi olan kafeni işlətməyi təklif etdi. Mən də razılaşdım. Onun pulla kafeyə avadanlıqlar alıb quraşdırdım. Razılaşmaya əsasən İlqara hər ay 800 manat icarə haqqı vermişəm. Həmin vaxt aramızda səmimi münasibət yaranmışdı. Daha sonra İlqar mənim “8 kafe” restoranıma gəlib-getməyə başladı. Həmin vaxtı mənə kafenin yanındakı boş torpaq sahəsində restoran tikməyi təklif etdi. Torpaq sahəsi “8 kafe” restoranının sahibinə məxsus idi. Tikinti üçün 110 min manatlıq smeta layihəsi hazırladıq. Pulun 58 min manatını İlqar verdi. Amma mən kommersiya fəaliyyətində uğursuzluğa düçar olduğum üçün ziyana düşdüm. Bu səbəbdən də zərərçəkmiş şəxslərdən aldığı pulu qaytara bilmədim”.

Zərərçəkmiş Tamerlan Məmmdəov əvvəllər elektron ticarət sahəsi üzrə biznes fəaliyyəti ilə məşğul olduğunu və kürəkəni Sami vasitəsilə Nadirlə tanış olduğunu deyib: “2018-ci ildə Badamdar qəsəbəsində Nadirlə görüşdük. Nadir Türkiyədən brend firmaların qab-qacaqlarını gətirib “Bravo” marketlər şəbəkəsinə və digər mağazalara satdığını, yaxşı gəlir götürdüyü dedi. Dövriyyəsini qaldırmaq üçün məndən 60 min dollar istədi. Qazancdan asılı olaraq 2-5 min manat arası aylıq qazanc verəcəyini dedi. Dedi ki, pulu geri istəsəm 1 ay qabaqcadan deməyim kifayətdir. Nadirin Sami ilə yaxın münasibətinin olması, “Bravo”da “Paşa Bahçe” firmasına məxsus qabları görməyim məndə ona qarşı inam yaratdı. Amma sonra Nadirin bir neçə ay qazanc vermədiyini görüb pulumu geri istədim. Nadir müxtəlif bəhanələr etdiyi üçün özüm Türkiyəyə gedib onun iş gördüyü şəxslərlə tanış olmaq qərarına gəldim. 3 gün ərzində Nadir məni müxtəlif bəhanlərlə aldatdı və mənə türk vətəndaşları tərəfindən aldadıldığını bildirdi. Ümumilikdə 58 min dollarımı ələ keçirib. Cəmi 34 min 800 manat qaytarıb”.

“Loğman” klinikasının baş həkimi İlqar Quliyev isə daha çox ziyana düşdüyünü deyib: “Klinikanın tərkibində kafe açmaq istəyirdim. Nadir mənə kafedə zəruri olan avadanlıqları haradan almaq, harada quraşdırmaqla bağlı məsləhətlər verdi. Təxminən 7500 manat pul xərcləyərək avadanlıqlar aldım və Nadir kilinkada kafe işlətməyə başlamışdır. 4-5 ay normal işlədikdən sonra Nadirin kafe işlətməkdən başı çıxdığını görüb oğlum Fəridlə başqa kafe açıb işlətməsini təklif etdim. Nadir məni əvvəllər işlətdiyi “8 kafe”, “Əncir” və bir neçə adı yadımda qalmayan lyuks restoranlara apardı və həmin restoranları özünün işlətdiyini dedi. Hətta ora tanınmış müğənnilər də gəlirdi. Nadiri kafelərdə adminstrator qarşılayırdı, Nadir onlara göstəriş verirdi. Mənə restoran biznesindən ayda 24 min manat gəlir əldə etdiyinə dair hesabat göstərdi. Daha sonra biz razılaşdıq ki, yeni bir restoran tikək. Ona 58 min manat verdim. Nadirin heç bir tikinti aparmadığını görüb şübhələnməyə başladım. Daha sonra 11 saylı notariat ofisində onunla borc müqaviləsi bağladıq. Bundan da sonra Nadirin pulu vermədiyini görüb barəsində polisə müraciət etdim”.

Şahid ifadələri zamanı məlum olub ki, Nadir Əliyev zərərçəkmişlərdən aldığı pulları müxtəlif vaxtlarda digər borcu olan şəxslərə, arvadına, Türkiyədə işlətdiyi kafeyə, kommunal xərcələrə, icarə haqqı və s. yerlərə xərcləyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nadir Əliyev 6 il müddətə azadlıqdan məhrum edilib. Ona məxsus 13500 manat pul iki zərəçəkmiş arasında bərabər bölüşdürülüb.


Geri dön