Ana Sayfa > Karusel / Region > Sovet qoşunlarını Bakıya Artur Rasizadə dəvət edib? - Məxfi teleqramın şok təfərrüatları
Sovet qoşunlarını Bakıya Artur Rasizadə dəvət edib? - Məxfi teleqramın şok təfərrüatları21-01-2022, 07:24. Yazar: Admin |
Sovet ordusunun 20 yanvar 1990-cı il tarixində Bakıda törətdiyi qanlı hadisələrin 32-ci ildönümündə xatırlanan məmurlardan biri də Azərbaycanın keçmiş baş naziri Artur Rasizadədir. İddialara görə, məhz A.Rasizadə Bakıdakı etirazçılara qarşı qoşun yeritmək barədə Moskvaya gizli teleqram göndərib. Ancaq A.Rasizadə bu iddiaları həmişəki kimi təkzib edir: “Sovet İttifaqının tarixində belə bir şey olmayıb ki, hansısa respublikanın baş nazirinin müavini Mərkəzi Komitənin baş katibinə məktub, ya da teleqram göndərsin. Məgər Rasizadənin işi-gücü yox idi ki, Qorbaçova teleqram göndərir?!”. A.Rasizadə deyib ki, respublikanın birinci katibi, ikinci katibi, baş naziri yerində ola-ola, baş nazirin müavini Qorbaçova məktub yaza bilməzdi: “Artur Rasizadə hansı statusla Qorbaçova məktub göndərib sovet qoşunlarını Bakıya dəvət edir? Belə yalan olar?! Əlbəttə yalandır…”. Xatırladaq ki, A.Rasizadə 1990-cı ilin yanvar hadisələri zamanı Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutub. Həmin dövrdə Nazirlər Sovetinin sədri vəzifəsində Ayaz Mütəllibov çalışıb. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi postunda isə Əbdürrəhman Vəzirov işləyib. Artur Rəsizadənin Moskvaya teleqram vurduğu haqda ilk xəbər 1991-ci ildə “Azadlıq” qəzetində dərc olunduğu deyilir. Bu məlumatları internet resurslarından əldə etmək mümkündür. Məlumatı qəzetin o zamankı redaktorlarından Surxay Hüseynli də “Facebook”dakı şərhlərində təsdiqləyib: “Onda Nazirlər Sovetindən belə teleqramların olduğunu təsdiq etmişdilər. Bildirmişdilər ki, baş nazirin birinci müavini Artur Rəsizadənin imzası ilə Moskvaya 3 teleqram vurulub. Teleqramlarda qoşunların yerləşdirilməsi, ərzaqla təmin olunması və digər texniki məsələlərdən söhbət gedib. Əsas xətt ordunun Azərbaycan paytaxtına yeridərək sabitliyin təmin olunması idi”. 20 Yanvar faciəsi üzrə deputat -stintaq komissiyasında işçi qrupunun rəhbəri olmuş mərhum Səftər Nəhmədov da vaxtilə faktı təsdiqləyib. O deyib ki, əslində belə teleqramlar tək Artur Rəsizadənin imzasıyla getməyib, o vaxt komissiya bu hadisələri araşdıranda üzə çıxıb ki, yanvarın 13-dən sonra bütün dövlət qurumlarına tapşırılıbmış ki, kömək üçün Moskvaya müraciət etsinlər. “Bu, tamamilə həqiqətdir. İndi ola bilər ki, həmin şifrəli teleqramlar Moskvada olduğuna görə heç kim bunu boynuna almasın, amma biz o dövrdə komissiyada işləyəndə rayonların hamısına sorğu göndərmişdik. Və belə bir fakt ortalığa çıxmışdı”. 1992-ci ildə AXC hakimiyyətə gələndən sonra Nazirlər Kabinetində aparat rəhbəri vəzifəsində çalışan, ABŞ-da mühacir həyatı yaşayan Ramiz Yunus isə Meydan TV-yə deyib ki, o, Artur Rasizadənin Moskvaya göndərdiyi teleqramı həmin ilin avqustunda görüb: “Baş nazir Rəhim Hüseynov idi. Aparat rəhbəri olduğumdan bütün şöbələrlə bərabər məxfi şöbə də mənə tabe idi. 20 Yanvar faciəsi ilə əlaqədar Respublika Prokurorluğunda istintaq komissiyası yaradılmışdı, AXC hakimiyyətə bir neçə ay idi gəlmişdi və hadisənin istintaqı yenilənmişdi. Bütün detallar araşdırılırdı. Ayaz Mütəllibovun hakimiyyəti zamanı dövlət katibi Midhət Abbasovun sədrliyi ilə yaradılan komissiya fəaliyyətdə idi. Elə vəziyyət yaranmışdı ki, əsas sənədlər Nazirlər Kabinetində idi və dövlət müşaviri İxtiyar Şirinov məndən xahiş etdi ki, istintaqa yardım edim. Ramiz Yunus İstintaqın nümayəndələri Nazirlər Kabinetinə gəlib gərəkli sənədləri istəmişdilər. Həmin müstəntiqlərdən birinin adı Məzahir idi. Digər sənədlərlə birgə Artur Rasizadənin Moskvaya göndərdiyi teleqramı da aktlaşdırıb müstəntiqlərə təqdim etdim. Əslində, həmin sənəd teleqram yox, “şifrəli teleqram” adlanır, “şifroqramma” deyilir. Xüsusi poçtla göndərildiyindən hər adam oxuya bilmirdi”. Ramiz Yunus deyib ki, istintaq uzandığından Artur Rasızadənin həbs olunması məsələsi gündəmə gəlmədi. Hakimiyyət dəyişəndən sonra isə bu məsələ gündəmdən çıxdı. Ramiz Yunus teleqramı oxuduğunu təsdiqləyib: “Təbii ki, sənəd rus dilində idi və Rəsizadənin imzası vardı. Teleqramın məzmunu təxminən belə idi: “Bakı şəhərində Sovet İttifaqının əleyhinə təxribatlar aparılır və bu, SSRİ-yə qarşı ideoloji hərəkatı gücləndirib. Gedişat respublikada sovet hakimiyyətinin çökməsi təhlükəsini yaradıb. Azərbaycan rəhbərliyi tərəfindən xahiş edirik, situasiyanı sabitləşdirmək üçün hərbi heyət göndərəsiniz, əks təqdirdə hakimiyyət təxribatçıların əlinə keçəcək”.(Musavat.com) Geri dön |