Ana Sayfa > Karusel / Siyasət > Delimitasiya və demarkasiya niyə başlamır? - “Erməni təxribatları onu göstərir ki, məqsəd...”

Delimitasiya və demarkasiya niyə başlamır? - “Erməni təxribatları onu göstərir ki, məqsəd...”


19-01-2022, 22:37. Yazar: Admin
Delimitasiya və demarkasiya niyə başlamır? - “Erməni təxribatları onu göstərir ki, məqsəd...”

Qarabaginfo.az Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovla müsahibəni təqdim edir:

- Tofiq müəllim, sərhədlərin müəyyənləşməsi ilə bağlı komissiyalar yaradılmalı, Azərbaycan, Ermənistan tərəfindən nümayəndələr təyin edilməli idi. Sizcə, proses niyə uzanır?

- Sərhədlərin dəqiqləşməsi, delimitasiya və demarkasiya texniki prosesdir. Burada əsas kimi hansısa bir xətt götürülməlidir. Sonra o xəttin bu va ya digər tərəfində dəqiqləşmələr aparıla bilər. Ona görə də, siyasi səbəb olmasa, delimitasiya prosesi başlaya bilməz. Bununla bağlı müxtəlif baxışlar var. Rusiya tərəfi də hansısa hərbi xəritələri təqdim etmək istəyir. Amma görünür, hələ razılıq əldə edilməyib. Sərhədin haradan və necə keçməsi məsələləri mütləq ki, həll olunmalıdır. Əsas problem də bundan ibarətdir.

- Komissiyanın yaradılması mümkün təxribatların qarşısını nə dərəcədə ala bilər?

- Hər iki tərəfdən müxtəlif qurumların təmsilçiləri olur. Bunun əsasında konkret sərhədlərin haradan keçməsi dəqiqləşdirilir. Bunun texniki xarakter daşımasına görə, orada siyasi məsələlər həll olunmalıdır. Siyasi məsələlərdə də hansı sərhədlərin əsas götürülməsi şərti var. Azərbaycan və Ermənistanın burada mövqeyi mövcuddur. Rusiya vasitəçi kimi xəritələrin təqdim ediləcəyini açıqlayıb. Amma problem hələ ki, həll edilməyib. Problem isə Ermənistan tərəfindədir. Ermənistan sərhədləri tanımış olsa o Qarabağla bağlı məsələdən əl çəkməli olacaq. 30 il ərzində Azərbaycana qarşı ərazi iddiaları olan ölkə bundan da imtina etməlidir.

- Təxribatların siyasi mahiyyəti nədən ibarətdir?

- Əlbəttə, erməni təxribatları onu göstərir ki, burada məqsəd vaxt uzatmaqdan ibarətdir. Daha sonra isə de-fakto hansısa bir xətlər tutulur. Hazırda isə Azərbaycanla Ermənistan arasında sərhəd xətti mövcud deyil. Bu, təmas xəttidir. Ermənistan da iddia edə bilməz ki, Azərbaycan hansı nöqtədə dayanmalıdır. Çünki onların Azərbaycana aid rəsmi qərarları var. “Miatsum” layihələri vardı ki, Qarabağı Ermənistana birləşdirmək istəyirdilər. Hətta işğal edilmiş əraziləri də özününkü hesab edirdilər. İndiki baş nazir vaxtilə “Qarabağ Ermənistandır” deməklə bunu etiraf etmişdi. Yəni erməni tərəfinin iddiasına görə, bu sərhədlər sovet vaxtında və yaxud Tiqranın dövründə filan yerdən keçib. İşğal olunmuş ərazilərin də hamısını Ermənistanla birlikdə hesab edirdilər. Bu ölkə indiyə qədər Azərbaycanla mövcud olan sərhədlərini tanımaq istəmir.

- Sərhəd məsələlərində Ermənistan tərəfinin daha çox mübahisəli hesab etdiyi ərazilər hansı istiqamətlərdir?

- Ermənilərin iddialarının özündə də ziddiyət var. Çünki onların siyasi istəkləri çox böyükdür. Amma hərbi qabiliyyətləri imkan vermir. Sadəcə olaraq indiki məqamda onlar vaxt uzatmaqla məşğuldurlar. Dövlət başçısı da müsahibəsində bunu açıq şəkildə qeyd etdi. Azərbaycan prosesləri gözləyir, amma səbrimizin də sonu var. Ermənilərin siyasi istəkləri, bəyanatları ona dəlalət edir ki, sovet vaxtı və işğal dövründə olan əraziləri özləri üçün yeni sərhəd hesab edirdilər. Onların iddiaları o qədər böyükdür ki, Kür çayının cənubunu Ermənistan sayırdılar. Hətta bununla bağlı özləri üçün xəritələr də düzəldiblər. Amma Ermənistanda bir nəfər normal siyasətçi tapılmır desin ki, gəlin, bu söhbətləri qurtaraq. Bunu etiraf etməyə belə cəsarətləri yoxdur. Döyüşdə uduzublar, amma yenə də naz edirlər.

- Məcburedici addımlar necə olmalıdır?

- Bununla bağlı da, dövlət başçısının mövqeyi var. Açıqlanıb ki, Azərbaycanın səbri sonsuz deyil. Bəlkə də Ermənistanın sərhədləri tanımamaq cəhdləri elə bizim xeyrimizə olacaq. Əslində onlar Azərbaycanın sərhədlərini tanımadıqca, özlərinin sərhələrinin haradan keçdiyini də dəqiq bilməyəcəklər. İddialarına görə sovet vaxtında sərhəd olub. Sonra rus qoşunları ora gəlib sərhəddə hansısa bir işarə qoyub. Kənardan isə bizə deyirlər ki, onların ərazi bütövlüyünə hörmət edin. Tələb edilə bilərmi ki, onlar sərhədlərinin haradan keçdiyini açıqlasın. Heç bunu özləri də bilmir. Çünki burada məntiqi ziddiyət mövcuddur.

- Prosesin uzanmasının bizə ziyanı nədir?

- Strateji baxımdan bu, Ermənistanın ziyanına olan məsələdir. Sözsüz ki, təxribatlar baş verir, əsgərlərimiz şəhid olur. Bu, üzücü haldır. Amma eyni zamanda bu, bizim seçimimiz deyil. Bu siyasətin həyata keçirilməsi qarşı tərəfin seçimidir. Təbii ki, bu səhv bir siyasətdir. Yekunda da onlar uduzacaq. Azərbaycan istəmir ki, müharibə yenidən başlasın, itkilər olsun. Eyni zamanda tələb edilir ki, iki ölkə sərhədləri müəyyənləşsin, təhlükəsizlik məsələləri həll edilsin. Sadəcə bu, tarixin bir axarıdır. Qonşumuz belədir, biz nə edə bilərik.

- Türkiyə ilə Ermənistan arasında ilk görüş baş tutdu. İlkin şərt olmadan danışıqları davam etdirməklə bağlı qərər verildiyi açıqlandı. Perspektiv görürsünüzmü?

- Ilkin şərtlər olmadan danışıqları davam etdirmək ifadəsi diplomatik baxımdan mənasızdır. Burada hər iki tərəfin mövqeyi var. Bunu ermənilər özləri üçün bir gediş hesab edir. Danışıqlardan öncə ilkin şərt irəli sürülməsə, belə danışıqlar zamanı hər iki tərəf öz mövqeyini ortaya qoyacaq. Tükiyə bu məsələdə öz mövqeyini ortaya qoyub. Ermənistanla sərhədlərin açılıb-açılmamasının Türkiyəyə heç bir ziyanı yoxdur. 10 ildə bu sərhədlər açılmasa, Türkiyə heç nə itirməyəcək. Bu ilk növbədə Ermənistana lazımdır. Əgər Ermənistan münasibətləri normallaşdırmaq istəyirsə, rəsmi şəkildə ərazi iddialarından, saxta soyqırımından imtina edilməlidir. Üçüncu şərt isə Azərbaycan Ermənistan münasibətlərinin tənzimlənməsindən asılı olan məsələdir. Burada gedən hər hansı bir proses orada da özünü göstərəcək. Tükiyənin mövqeyi məhz belədir. Bu da açıq şəkildə erməni tərəfinə bildirilib.(Teleqraf)


Geri dön