Ana Sayfa > Karusel / Gündəm > Ceyhun Bayramov ATƏT-in forumunda çıxış edib

Ceyhun Bayramov ATƏT-in forumunda çıxış edib


19-01-2022, 17:23. Yazar: Admin

 

Ceyhun Bayramov xarici işlər nazirlərinin illik toplantısında çıxış etdi - Günün Səsi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun (TƏF) Azərbaycanın sədrliyi ilə keçirilən açılış iclasında çıxış edib.

Bu barədə Qarabaginfo.az Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Çıxış zamanı Azərbaycanın TƏF sədrliyinin prioritet məsələlərindən və müəyyən edilmiş Təhlükəsizlik Dialoqlarından danışan nazir, aşağıdakı vacib məsələləri səsləndirib:

- Azərbaycanın TƏF-də sədrliyi sonuncu dəfə 17 il bundan öncə olub və o vaxtdan bəri ATƏT regionunda ümumi təhlükəsizlik mühitini mürəkkəbləşdirən bir çox hadisələr baş verib. Dəyişilməz qalan isə bizim həm ATƏT, həm də TƏF çərçivəsində əməkdaşlığımızın təməl prinsipləridir. Buraya, Helsinki Yekun Aktından başlayaraq ATƏT-in əsas sənədlərində təsbit olunmuş fundamental normalara, prinsiplərə və öhdəliklərə qeyd-şərtsiz hörmət, xüsusilə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət edilməsi daxildir.

- Dövlətlərarası davranışın əsas prinsiplərinin kobud şəkildə pozulması nəticəsində Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri təhlükə altına düşmüşdü. Lakin, 2020-ci ilin payızında silahlı qüvvələrimiz tərəfindən həyata keçirilən əks-hücum əməliyyatı bu vəziyyətə son qoydu.

- Azərbaycanın sədrlik gündəliyinə TƏF üçün yüksək əhəmiyyət kəsb edən və aktual məsələlər üzrə Təhlükəsizlik Dialoqlarının həyata keçirilməsi daxil edilib. Belə ki, ilk Təhlükəsizlik Dialoqu gələn həftə beynəlxalq humanitar hüquqa riayət olunması və mülki şəxslərin müdafiəsi mövzusu üzrə keçiriləcək. Biz, bu Təhlükəsizlik Dialoqu vasitəsilə dövlətlərin beynəlxalq humanitar hüquq və ATƏT-in müvafiq öhdəliklərinə əməl etməsini təşviq etmək və gücləndirməyi, habelə onların pozuntularına görə cavabdehliyin vacibliyi məsələsinin müzakirəsini təşkil etməyi hədəfləyirik.

- Digər iki Təhlükəsizlik Dialoqunu Yüngül və Atıcı Silahların və Adi Sursat Ehtiyatlarının müxtəlif aspektlərinə həsr edəcəyik. Onlardan biri əldə edilmiş təcrübəyə diqqət yetirməklə, ATƏT-in müvafiq öhdəliklərinin yerinə yetirilməsi mövzunu əhatə edəcək. Digər Təhlükəsizlik Dialoqu minalarla mübarizə məsələsinə diqqət yetirəcək.

- ATƏT-in hərtərəfli və çoxölçülü təhlükəsizlik konsepsiyası nöqteyi-nəzərindən, praktiki yardım layihələrinin həyata keçirilməsi digər təhlükəsizlik sahələrində, məsələn, məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasının asanlaşdırılması ilə bağlı öhdəliklərimizin yerinə yetirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

- ATƏT-in ‘hərbi-siyasi bloka qoşulmayan’ iştirakçı dövləti olan Azərbaycan, həmişə ATƏT-i ümumavropa təhlükəsizlik arxitekturasının əsas sütunu kimi görüb və hesab edib ki, ATƏT-in fundamental sənədlərində dəstəklənən təhlükəsizliyin bölünməzliyi qorunmalıdır. Sədrliyimiz çərçivəsində Təhlükəsizlik Dialoqlarından biri də, heç bir siyasi-hərbi alyansa daxil olmayan ölkələrin Avropa təhlükəsizlik arxitekturasındakı yeri və roluna, eləcə də ATƏT məkanında təhlükəsizlik və sabitliyə töhfə verməklə bağlı yanaşma və təcrübələrinə həsr olunacaq.

- Sədrliyimizin növbəti Təhlükəsizlik Dialoqu terrorizmin bütün forma və təzahürləri ilə mübarizəyə həsr olunacaq. ATƏT özünün unikal hərtərəfli təhlükəsizlik konsepsiyasına əsaslanaraq, terrorizmin maliyyələşdirilməsi, xarici terrorçu döyüşçülər fenomeni və terrorizm, o cümlədən çirkli pullarla muzdluların və terrorçuların maliyyələşdirilməsi, habelə separatizm və zorakı ekstremizm, mütəşəkkil cinayətkarlıq və digər qeyri-qanuni fəaliyyətlər arasında əlaqələr daxil olmaqla, vahid yanaşma vasitəsilə terrorizmlə mübarizə və onun qarşısının alınması üçün yaxşı mövqeyə malikdir.

- Növbəti Təhlükəsizlik Dialoqumuz adi silahlara nəzarət, eləcə də etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirlərini əhatə edəcək. Azərbaycan öz təcrübəsinə əsaslanaraq, bu sahədə mövcud olan təhlükə və çağırışlara yaxşı bələddir. Son otuz ilə yaxın müddətdə biz, ərazilərimizin işğalı ilə bağlı status-kvonu gücləndirmək kimi yanlış cəhdlər çərçivəsində bütün tətbiq edilən silahlara nəzarət rejimlərinə, habelə etimad və təhlükəsizlik tədbirlərinə qəsdən məhəl qoyulmadığının və onlardan boyun qaçırıldığının şahidi olduq. Bu təcrübəyə əsaslanaraq, biz əminik ki, dövlətlərin mövcud rejimlər altında silahlara nəzarət və etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirlərinə dair öhdəliklərini yerinə yetirməsi həm sözdə, həm də əməldə ATƏT regionunda sülh, təhlükəsizlik və sabitliyə mühüm töhfə verə bilər.

- Nəhayət, yekun Təhlükəsizlik Dialoqumuz münaqişədən sonrakı yenidənqurma məsələlərinə diqqət yetirəcək və ATƏT regionunda əldə edilmiş təcrübəyə əsaslanacaq. ATƏT-in münaqişə dövrü ilə bağlı alətləri Təşkilatın münaqişədən sonrakı yenidənqurmada geniş və əhatəli şəkildə iştirakı üçün əsası təmin edir.

- Azərbaycan TƏF sədrliyi müddətində Təşkilatın əsasını təşkil edən fundamental prinsiplərə hörməti təmin etməklə yanaşı, ümumi siyasi və hərbi öhdəliklərimizin həyata keçirilməsini təşviq etmək və gücləndirmək üçün digər iştirakçı dövlətlərlə fəal şəkildə işləyəcək.

İclasın sonunda nazir Ceyhun Bayramov Azərbaycanın TƏF sədrliyini təbrik edən, Azərbaycanın prioritetlərini dəstəkləyən və bu istiqamətdə Azərbaycanla birgə işləməyə hazır olduğunu ifadə edən bütün iştirakçılara minnətdarlığını ifadə etdi, səsləndirilmiş bir sıra rəy və təkliflərə münasibət bildirdi. Eyni zamanda, müzakirələr zamanı Ermənistan nümayəndəsi tərəfindən səsləndirilən əsassız iddialar rədd edildi və Azərbaycanın regional təhlükəsizliklə bağlı beynəlxalq hüquqa əsaslanan mövqeyi iştirakçıların diqqətinə çatdırıldı.


Geri dön