Ana Sayfa > Karusel / Dünya > ABŞ-Rusiya danışıqlarının yeni raundu: müharibə təxirə salınır - ŞƏRH
ABŞ-Rusiya danışıqlarının yeni raundu: müharibə təxirə salınır - ŞƏRH19-01-2022, 15:23. Yazar: Admin |
Rusiya ilə Ukrayna arasında gərginlik artdıqca diplomatik görüşlər də intensiv xarakter alır. Kanada, Almaniya və ABŞ xarici siyasət idarələri rəhbərlərinin Ukraynaya səfərləri bunu deməyə əsas verir. Bu həm də Ukrayna-Rusiya münasibətlərindəki gərginlikdən Qərbin də narahat olduğunun göstəricisi sayıla bilər. Çünki iki ölkə arasındakı ehtimal olunan silahlı qarşıdurma, yaxud müharibə NATO sərhədlərində də təhlükəsizliyin təhdid edilməsinə səbəb ola bilər. Ağ evin mətbuat katibi Cen Psaki bu günlərdə bildirib ki, Rusiya Ukraynadakı səfirliyinin diplomatlarını Kiyevdən təxliyə etməyə hazırlaşır. Bu isə müharibənin daha qısa müddətə başlaya biləcəyini ehtimal etməyə əsas verir. Rusiya Xarici İşlər Nazirliyi bu xəbəri təkzib etməklə həm də silahlı münaqişənin başlaması ehtimalını azaltdı. Eyni zamanda dezinformasiyalar Moskva-Kiyev qarşıdurmasında spekulyasiyalara, yalanlara yol açır. Belə xəbərlər həm də hər iki ölkənin əhalisi arasında təşvişə səbəb ola bilər. Odur ki, bu kimi xəbərlərin də yayılmaması, tərəflər arasında etimad mühitini qoruyub saxlamaq üçün ABŞ-la Rusiya arasında diplomatik danışıqlar davam edir. Məlumat üçün bildirək ki, yanvarın 21-də dövlət katibi Entoni Blinken İsveçrənin Cenevrə şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Artıq yanvarın 19-da diplomatlar telefonla danışıb. Onlar əyani olaraq görüşüb-danışmağın daha faydalı olacağı barədə razılığa gəliblər. Bu görüş Entoni Blinkenin Kiyev və Berlinə, Almaniyanın xarici işlər naziri Annalena Berbokun isə Ukrayna paytaxtına səfərindən sonra reallaşacaq. Amerikalı və almaniyalı diplomatlar Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş keçirəcəklər. Belə görünür ki, Blinkenlə Lavrovun görüşü Ukraynaya səfərlərin nəticəsi olaraq keçiriləcək. Ola bilsin Qərb bloku Moskva-Kiyev qarşıdurmasının aradan qaldırılması üçün yeni təkliflər irəli sürəcək. Ancaq Ukraynanın ərazi bütövlüyü xaricində hansı təkliflər ola bilər? ABŞ Rusiyaya NATO-nun Şərqə doğru genişlənməməsi barədə təminat verə bilər. Kreml isə bunun qarşılığında Ağ ev qarşısında hərbçilərini kazarmaya qaytaracağı barədə öhdəlik götürə bilər. Bu isə mövcud gərginliyin azalmasında yalnız yardımçı amil kimi çıxış edə bilər. Çünki Rusiya bununla Ukraynanın ərazi bütövlüyünün təmin olunmaması müddətinin uzadılmasına nail olur. İlhaq və Donbas və Luqanskda vəziyyət dəyişməz olaraq qalır. Yeri gəlmişkən, Azərbaycan torpaqları işğal altında olduğu müddətdə beynəlxalq vasitəçilərin bölgəyə çoxsaylı səfərləri, müxtəlif ranqlarda görüşləri münaqişənin həllinə zərrə qədər də olsun yardım etmədi. Onda mövcud vəziyyətdən yararlanan vasitəçilər bir-birinə öz üstünlüklərini nümayiş etdirməklə işğalı 30 ilə yaxın uzatdılar. İndi həmin qüvvələr mövcud olmayan münaqişəyə vasitəçiliyi bərpa etmək istəyindədirlər. Bu baxımdan Entoni Blinkenlə Sergey Lavrov arasında danışıqların daha çox ikitərəfli münasibətlərə aid olacağı istisna edilmir. Bir də danışıqlarda beynəlxalq aləmdəki başqa məsələlər əhatə edilə bilər: məsələn, İranın nüvə proqramı ilə bağlı Vyanadakı görüşlər, Yəməndəki husilərin Əbu-Dabiyə zərbə endirməsi, ABŞ-ın Suriyadan qanunsuz neft daşıması, Əfaqnıstandakı Taliban hökumətinə münasibət, Qazaxıstandakı vəziyyət, Cənubi Qafqazda yaranmış şərait və həmsədrlərin fəaliyyətinin bərpası və s. Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin Rusiyaya səfərindən iki gün sonra Entoni ilə Lavrov görüşəcək. Bu baxımdan rusiyalı nazirin amerikalı həmkarına Tehranın hər hansı ismarışını da aparması ehtimalı var. Bütün bu kimi məsələlərin isə Ukraynanın ərazi bütövlüyünün təmininə çətin faydası olar. Deməli, yanvarın 21-dən sonra Rusiya Krımdan və Donbasla bağlı istəklərindən əl çəkməyəcək. Blinkenlə Lavrov görüşü isə Ukrayna ilə Rusiya arasında ehtimal olunan müharibənin daha bir müddət ertələnməsi deməkdir. 8 ildir torpaqları üzərində suveren hüquqlarını itirən Ukrayna bu danışıqlar fonunda ərazi bütövlüyünü təmin etmək üçün daha bir müddət gözləməyə məcbur olacaq... (Report) Geri dön |