Ana Sayfa > Karusel / Region > "Kremlə siqnal…" - London Ukraynaya tank əleyhinə sistemlər və təlimatçılar göndərir…
"Kremlə siqnal…" - London Ukraynaya tank əleyhinə sistemlər və təlimatçılar göndərir…19-01-2022, 08:15. Yazar: Admin |
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles ölkəsinin Kiyevə “Kremli müdaxilədən çəkindirmək” üçün nəzərdə tutulmuş müdafiə silahları satdığını bəyan edib. Bundan əlavə, rəsminin sözlərinə görə, britaniyalı hərbçilərin müəyyən hissəsi ukraynalılara döyüş sistemləri ilə işləməyi öyrətməli olacaq. Qarabaginfo.az bildirir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri yazır. Nəşr bildirir ki, Böyük Britaniya Rusiyanın getdikcə artan hədələyici davranışına cavab olaraq Ukraynaya tank əleyhinə yeni yüngül silahlar verməyə başlayıb. Bu barədə İcmalar Palatasının iclasında Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəhbəri Ben Uolles məlumat verib. Moskva qərb sərhədlərinə doğru qoşun yeritməkdə davam etdiyi bir vaxtda London Kiyevə hərbi yardımı gücləndirir. Qəzet iddia edir ki, Kreml xüsusi olaraq öz əsgərlərini qonşu Belarusa təlim keçmək üçün göndərir və bəzi ekspertlərin fikrincə, bu, Ukraynaya müdaxilənin daha çox ehtimal olunan istiqamət yoludur.
“Biz Ukraynanı tank əleyhinə yüngül müdafiə silahları ilə təchiz etmək qərarına gəldik”, - deyə nazir bildirib. O, əlavə edib ki, az sayda britaniyalı hərbçi Kiyev qüvvələrinə alınan texnikanı mənimsəməyə kömək edəcək. “İcazə verin aydınlıq gətirim: bu silah sistemləri qısa məsafə üçün nəzərdə tutulub və yalnız müdafiə məqsədləri daşıyır. Onlar strateji deyil və Rusiyanı təhdid etmirlər; onlardan özünümüdafiə üçün istifadə edilməlidir”, - deyə Uolles bildirib.
Lakin britaniyalı nazirin bu sözləri çətin ki, Moskvanı inandırsın. “The Guardian” xatırladır ki, Vladimir Putin bir müddət əvvəl Ukraynaya tank əleyhinə pilotsuz təyyarələr satan Türkiyəni tənqid edib və bu razılaşmanı “təxribat” adlandırıb. Nəşrin Böyük Britaniya Müdafiə Nazirliyindəki mənbələri Ukraynaya hansı sistemlərin satıldığı barədə təfərrüatları açıqlamayıb. Lakin ekspertlərin fikrincə, söhbət bir neçə yüz metr atəş məsafəsinə malik yeni nəsil tank əleyhinə yüngül silahlardan gedir. Britaniya sistemləri analoji imkanlara malikdir, lakin güc baxımından Vaşinqtonun 2018-ci ildən Kiyevi təchiz etdiyi Amerika “Javelin”lərindən geri qalır. Nəşr vurğulayır ki, nəzəri olaraq, onlar yuxarıdan vurduqda tankı yararsız hala salmağa qadirdirlər. Çıxışı zamanı Uolles həmçinin rusiyalı həmkarı Sergey Şoyqunu Londonda keçiriləcək ikitərəfli danışıqlara dəvət edəcəyinə söz verib, baxmayaraq ki, həmin görüşün baş tutub-tutmayacağı hələ dəqiq deyil. "Biz qarşılıqlı təhlükəsizlik problemləri ilə bağlı məsələləri müzakirə etməyə, konstruktiv və vicdanla qarşılıqlı fəaliyyət göstərməyə hazırıq", - deyə britaniyalı nazir bildirib. Parlamentin Müdafiə Komitəsinin sədri Tobias Ellvud Uollesdən Putinin müdaxilə üçün yaşıl işıq yandıracağı təqdirdə NATO-nun daha hansı dəstəyi verəcəyini soruşub. Cavabında nazir Britaniyanın Ukraynaya silah tədarükü elanının Kremlə bir siqnal olacağına ümid etdiyini bildirib. “Ümid edirəm,çünki düşünürəm ki, prezident Putin hələ yekun qərar verməyib, amma yenədə ümid edirəm ki, bu, (Kiyevə tank əleyhinə silahların satışı) Kremli yolundan döndərmək üçün kifayətdir”, - deyə Uolles bildirib. O, həmçinin təklif edib ki, sanksiyaların vahid cəbhəsi və ukraynalıların dayanıqlığı Moskvanı gələcək addımlar barədə düşünməyə məcbur edəcək.
“Mən 2016-cı ildən bəri Ukraynaya beş dəfə səfər etmişəm və bilirəm ki, ukraynalılar qürurlu xalqdır və öz ölkələri, demokratiya və azadlıq uğrunda mübarizə aparacaqlar. İstənilən müdaxilə azadetmə kimi deyil, işğal kimi qiymətləndiriləcək və qorxuram ki, bu, hər tərəfdən böyük insan itkisinə səbəb ola bilər”, - deyə nazir bildirib. Yeni silah satışı Britaniyanın mövcud hərbi öhdəliklərinin genişləndirilməsi deməkdir. “The Guardian” qeyd edir ki, London yaxın vaxtlara qədər Kiyevi gəmilər və hərbi donanma avadanlıqları ilə təmin edib, keçən il iki minaaxtaran gəminin tədarükü və Qara dəniz donanması üçün səkkiz gəminin birgə inşasına 1,7 milyard funt-sterlinqlik müqavilə bağlandığını elan edib.(Moderator.az) Geri dön |