Ana Sayfa > Karusel / Dünya > Ehtimal edilən Rusiya-Ukrayna müharibəsi: kim qalib gələcək?
Ehtimal edilən Rusiya-Ukrayna müharibəsi: kim qalib gələcək?17-01-2022, 14:30. Yazar: Admin |
Ötən həftə ABŞ-Rusiya və NATO-Rusiya Şurasının toplantısı keçirildi. Görüşlərdə Ukrayna ətrafında yaranan vəziyyət müzakirə olundu. Amma danışıqlar nəticəsiz başa çatdı. Başqa sözlə, tərəflər bir-birinin şərtlərini qəbul etmədi. Rəsmi Vaşinqton Moskva qarşısında Ukrayna ərazilərinin azad edilməsini, bu ölkə sərhədləri yaxınlığında topladığı qoşunları kazarmaya qaytarmasını, NATO-dakı müttəfiqlərini təhdid etməməsini və bu kimi tələblər irəli sürüb. Rusiya isə ABŞ və NATO-dan təhlükəsizliyinə təminat, keçmiş sovet respublikalarında fəaliyyətini genişləndirməmək, ilk növbədə, Ukrayna və Gürcüstanı Alyansa üzv qəbul etməməsini istəyir. ABŞ, NATO və Rusiya - hər üç tərəf Ukrayna, genişlənmə, Avropanın təhlükəsizliyi məsələsini özü üçün qırmızı xətt elan edib. Buna tərəflərin maraqlarının toqquşduğu xətt də demək olar. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, onlar qoşunlarını öz ərazilərindən kazarmaya qaytarılmasına dair ABŞ-ın qəbuledilməz tələblərini hətta müzakirə etməyə belə hazır deyil. Danışıqlarda ABŞ-ı təmsil edən dövlət katibinin birinci müavini Vendi Şerman isə qeyd edib ki, öz yolunu seçmək hər dövlətin suveren hüququdur. Yaxın tarixə nəzərə salaq. Suveren hüquqları müdafiə edən dövlətlərin hüquqları bu tezisi irəli sürənlər tərəfindən necə qorunur? Ukraynada 2013-cü il noyabrın 21-dən 2014-cü il fevralın 22-dək davam edən Maydan hərəkatından sonra 2014-cü ilin mart ayının əvvəllərindən etibarən Ukraynanın Donetsk və Luqansk vilayətlərində rusiyayönümlü qruplaşmaların fəaliyyəti nəticəsində regionda separatçılar baş qaldırdı və tanınmayan iki “respublika” elan olundu. İndiyədək Rusiyanın onlara yardımı və dəstəyi davam edir. Qərb dövlətlərinin rəsmiləri isə bu hadisələri Ukraynanın Rusiya tərəfindən "görünməz işğalı" kimi təqdim edib bəyanat verməklə kifayətləndi. Rusiya Krım yarımadasını tarıxdə üçüncü dəfə ilhaq etdi. Qərb bloku yenə oxşar bəyanatlar səsləndirib Rusiyaya qarşı sanksiyalar tətbiq etdi. Ukraynanın ərazi bütövlüyünün pozulmasından isə artıq 8 ilə yaxın vaxt ötüb. Ukraynanın ərazi bütövlüyü bərpa olunub? Onun Avropaya inteqrasiyası təmin edilib? Xeyr. Çünki Qərb problemi olan dövlətləri özünə birləşdirmir. Eləcə də problemi və ya münaqişəsi olan dövlətlərdən daha çox rəqiblərinə, xüsusilə Rusiyaya qarşı vasitə olaraq istifadə edir. ABŞ və onun Qərbdən olan müttəfiqləri bu kimi hallarda qarşı tərəflə hibrid müharibəsi aparır. 8 ildir Krımsız və Donbassız qalan Ukraynaya müxtəlif istiqamətlərdə yardımlar edilsə də, əsas məsələ öz həllini tapmayıb. Oxşar hadisə Gürcüstanda da baş verib. Bu ölkənin Avropa İttifaqı və NATO üzvlüyünə qəbul olunacağı vədləri verilir. Nəticədə isə Gürcüstan öz ərazilərini itirir. Rusiya Cənubi Osetiya və Abxaziyanın “müstəqilliyini” tanıyır. Yeri gəlmişkən, Qərb blokunun lideri ABŞ 1992-ci ildə öz torpaqlarını işğaldan azad edib ərazi bütövlüyünü bərpa etmək istəyən Azərbaycana “Azadlığı müdafiə aktı”na 907 saylı düzəlişlə sanksiya tətbiq etdi. Suverenliyi və ərazi bütövlüyünü qoruyan, yenicə müstəqilliyini bərpa edən, demokratik inkişaf yolunu seçən Azərbaycan hakimiyyəti ABŞ-ın yardımlarından məhrum oldu. İndi Azərbaycan torpaqları işğaldan azad edilib. Ancaq Qərb hələ də erməni separatçılarına müxtəlif şəkildə yardımlar edir, onların təmsilçiləri ilə görüşür. Deməli, 2008-ci ildə Gürcüstanın Rusiya ilə müharibəyə təhrik edilməsi münaqişənin daha da dərinləşməsinə və ərazilərin mərkəzi hakimiyyətdən bir az da aralanmasına təkan verdi. Belə çıxır, indi növbə Ukraynanındır. Qərb, o cümlədən NATO Ukraynaya görə Rusiya ilə müharibə etməyəcəyini bildirir. Buna əsas kimi isə Ukraynanın NATO-nun üzvü olmamasını göstərir. Rəsmi Kiyev isə üzvlüyə qəbul olunmaqla Rusiyadan qorunacağını bildirir. ABŞ və Qərb bloku Rusiyanın şərtlərini qəbul etmədiyi kimi, Ukraynanın suveren seçiminə də müsbət cavab verməyib. Deməli, burada əsas məsələ böyüklərin marağıdır. Suveren seçimdən, beynəlxalq hüquqdan çıxış edənlər isə vasitədir. Belə çıxır, Qərb Ukrayna ilə Rusiya arasında müharbəni qızışdırmaqla marağını təmin etmək istəyir. Bunun üçün də Ukraynaya yardımlar edir. Rusiya isə bunlardan qıcıqlanaraq Ukrayna ilə sərhədböyu ərazilərə əlavə qüvvə yeridir, təlimlər keçirir. Belə şərait isə Ukrayna iqtisadiyyatını riskli vəziyyətə salır. Ölkə iqtisadiyyatı böhrana sürüklənir və yardımlara möhtac vəziyyətə salınır. Ukrayna ilə müharibə heç Rusiyaya da uğur gətirməz. Bu, Federasiyaya qarşı genişmiqyaslı beynəlxalq sanksiyaların tətbiqi ilə nəticələnər. Yekun olaraq, Ukrayna və Rusiya arasında ehtimal olunan müharibədən qalib üçüncü tərəf çıxacaq. Ukrayna bütövlükdə Qərbdən asılı vəziyyətə, Rusiya isə dağılmış, zəif düşmüş hala düşə bilər. Belə şəraitdə çıxış yolu hikkə və inad deyil, qanunlar və qaydalarla mümkündür. 1994-cü il dekabrın 5-də imzalanan Budapeşt memorandumuna əsasən, Rusiya, ABŞ və Böyük Britaniya Ukraynanın təhlükəsizliyinə təminat veriblər. Çin və Fransa da bu sənədə sonradan uyğun bəyanatlarla qoşulub. Oxşar sənəd Belarus və Qazaxıstanla da bağlı qəbul olunub. Ukrayna, Qazaxıstan və Belarus ərazilərindəki nüvə başlıqlarını təhvil verərək dünya “beşliyi” tərəfindən təhlükəsizliklərinə təminat almışdı. Ancaq Ukrayna, Belarus və Qazaxıstanda baş verənlərdən belə görünür ki, bu ölkələrin təhlükəsizliyindən daha çox Rusiya “narahatdır”. Yeri gəlmişkən, İraq və Suriya Qərbin maraqlarının təmin olunması və həmin ölkələrdə bu maraqlara xidmət edəcək yeni quruluşların yaranması üçün mövcud hala salınıb. Nəhayət, “beşliyin” iştirak etdiyi münaqişələr həll olunmadığı kimi, heç bir dövlətə də xeyir gətirməyib.(Report) Geri dön |