Həqiqət elə bir acı nemətdir ki, onu fransız markası ilə düzəldilmiş nə erməni konyakı, nə də “rus vodkası” ilə müqayisə etmək olur. Qarabağ məsələsində erməni həyasızlığından “badələrini” doldurmuş istər Avropa mədəniyyət beşiyinin “uşaqları”, istərsə də üzdə sülhpərvər görünmək istəyən qüzeylilər nədənsə dünyada haqsızlıq buzunun əriməkdə olduğunu görmək istərmirlər.
Elə bu üzdəndir ki, Azərbaycan Prezidentinin ATƏT-in “ölmüş” Minsk qrupu və rusiyalı “sülhməramlılarla” bağlı yerli telekanallara müsahibəsində bildirdiyi fikirlərdən dərhal sonra sanki, “Paris partladı”, Moskva isə şüvən qopardı.
Baxın, Avropa Parlamentinin Fransadan olan deputatı, Xarici İşlər Komitəsinin Təhlükəsizlik və Müdafiə üzrə alt komitəsinin sədri Natali Luazo Azərbaycanın Fransadakı səfirinin yazısına cavab olaraq, Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunun fəaliyyətinə dair verdiyi müsahibədən bir hissəsini tvitter səhifəsində paylaşaraq, məlumat verdi ki, “diplomat ilk növbədə xidmət etmək şərəfinə malik olan ölkəyə hörmət etməlidir”.
Maraqlıdır, belə gəlişigözəl ifadələr işlədən və şərəfdən dəm vuran madmuazel Luazo məgər öz ölkəsinin 27 il ərzində həmsədr olduğu ATƏT-in “ölmüş” Minsk qrupu üzvlərinin yarıtmaz və ermənipərəst mövqe tutmasından - Azərbaycan xalqının şərəfinə ləkə vurmasından xəbərsizdirmi? Səhərini Bakıda, naharını İrəvanda, şamını isə Xankəndidə yeyib yatan bu “üç muşketyor” hansı işə yaradı ki, onlar bu gündən sonra da münaqişə həll edə bilələr?! “Fransa ATƏT-in Minsk qrupunun həmsədridir, siz isə işə mane olmaq üçün əlinizdən gələni edirsiniz. Qarabağ münaqişəsi həll olunmur, atəşkəs edilmir. Ermənistanda ötən gün 3 əsgər həlak olub”, deyən Natali Luazo heç şübhəsiz ki, artıq iliyinədək erməniləşib. Əks təqdirdə erməni quldurlarının təcavüzü nəticəsində indiyədək vəhşicəsinə öldürülmüş minlərlə azərbaycanlını unutmuş bu madmuazel nədən 3 erməni təxribatçısının halına belə ürəkdən acıyır?
Fransalı digər bir madmuazelin, hansı ki, ötən ilin dekabrında Qarabağa qanunsuz səfərə gəlmiş Fransa prezidentliyinə namizəd Valeri Pekresin vəkili müsyö Tibo de Montbrial isə bildirib ki, “beynəlxalq hüququn hazırkı prezidenti məhkəmə iddialarından qorumasına baxmayaraq, yanvarın 16-da Valeri de Pekres Azərbaycan Prezidentinə qarşı iddia qaldıracaq”. Müsyö Montbrialın sözündən belə çıxır ki, bundan sonra Azərbaycan Respublikasının qanunları heçə alınmalı, Firəngistandan gələn madam Valerilər isə Xankəndidə keyf eləməlidir?! Bu arada, o da maraqlıdır ki, Valeri Pekresin Qarabağa səfəri ilə bağlı yanvarın 13-də Fransadakı erməni təşkilatlarının koordinasiya şurası ona qarşı guya “təhdidlər” yazıb. Ancaq Valeri belə “təhdidlərin” onu qorxutmadığını qeyd edib. O, hətta buna görə Fransa diplomatiyasının “sükutundan” təəccübləndiyini də dilə gətirib. Nə deyəsən, görünür fransızların pis əməllərinə son qoymaları üçün, dərvişlərə müraciət edib divləri, əcinnələri hərəkətə gətirmək lazımdır ki, Qarabağ müşkülü tezliklə hasil olsun.
Azərbaycan Prezidentinin rusiyalı “sülhməramlılarla” bağlı səsləndirdiyi haqlı mövqeyinə Rusiya XİN-nin sözçüsü xanım Zaxarovanın reaksiyası isə ağa qara yaxmaqla ümumiyyətlə əndazəni aşır. Diqqət edin, xanım Zaxarovaya görə, “Dağlıq Qarabağda Rusiya sülhməramlılarına kölgə salmaq mümkün olmayacaq. Kimsə kölgə salmaq istəsə də, nəticə verməyəcək. Çünki onların işi dəqiq və məqsədəuyğundur, o, böhranın həllində maraqlıdır”.
O zaman bir sıra suallar yaranır: üçtərəfli məlum bəyanatın 4-cü bəndi indiyədək nədən icra edilmir? Xankəndi və ətraf rayonlarda özlərinə səngər və ya gor qazan separatçılara niyə münbit şərait yaradılır? Laçın dəhlizi nədən Karvansaray qapısına döndərilir? Azərbaycan ərazisindən çıxıb getmək istəyən ermənilərə niyə mane olunur? Azərbaycanlı köçkünlərin “sülhməramlıların” nəzarətində olan ərazilərdəki öz doğma evlərinə qayıtmasına niyə şərait yaradılmır? Hərçənd bu kimi sualların sayı çoxdur...
Əlbəttə, Zaxarova “onların işi dəqiq və məqsədəuyğundur”, deyəndə burada Rusiya maraqlarına cavab verən dəqiqlikdən və məqsədəuyğunluqdan bəhs edərək sadəcə gözə kül üfürür. Əslində isə xanım Zaxarova Azərbaycan ərazisində erməni separatçılarının zərərsizləşdirilməsinə və bölgədə birdəfəlik sülhün bərqərar olmasına kölgənin məhz Moskva tərəfindən salındığını özü çox yaxşı bilir. Daha sadə dildə desək, Qarabağ məsələsinin tam həllinə “sülhməramlılar” başqa oyunlar oynamaqla özləri kölgə salır.
Bu arada, o, “Rusiya sülhməramlılarına kölgə salmaq mümkün olmayacaq. Kimsə kölgə salmaq istəsə də, nəticə verməyəcək”, deyəndə görünür kölgənin üstünə kölgə salınmasının həqiqətən də nəticə verməyəcəyi fəlsəfəsini pis anlamır. Ancaq xanım Zaxarova bir şeyi anlamalıdır ki, beynəlxalq qanunlarla bərabər, hər bir xalqın iradəsindən doğan öz günəşli qanunları var.
30 illik qara kölgəni 44 gün ərzində Azərbaycanda parlayan birlik və həmrəylik günəşi yox etdi. Azərbaycan dövlətinə kölgə salanları da, işıq tutanları da xalq yaxşı tanıdı. Şübhəsiz ki, o günəşin üzünü dumanla, çiskinlə qəsdən örtsələr də, amma hələ sönməyib, hər yeri görür və göstərir. Artıq dünyanın düzəni dəyişir, bir gün o günəş yenidən, daha da parlaq çıxacaq və günorta olmasa belə, Azərbaycan ərazisindəki bütün “kölgələri” yox edəcək!
Mübariz Azərbaycanlı,
müstəqil jurnalist