Ana Sayfa > Karusel / Sosial > ETSN: Ceyrançöldə əcnəbilər tərəfindən qanunsuz ov hallarına rast gəlinməyib
ETSN: Ceyrançöldə əcnəbilər tərəfindən qanunsuz ov hallarına rast gəlinməyib15-01-2022, 17:53. Yazar: Admin |
Tovuz rayonu ərazisində, Ceyrançöl qışlağında xarici ölkə vətəndaşlarının ov etməsi barədə sosial şəbəkədə yayılan xəbərə Ekologiya və Təbii Sərvətləri Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova münasibət bildirib. Qarabaginfo.az-ın məlumatına görə, xidmət rəsmisi qeyd edib ki, hazırda ölkəmizdə ov mövsümü açıqdır və fevral ayının sonuna qədər su-bataqlıq quşları və bəzi məməli heyvanlar üçün ov mövsümü davam edəcək. "Ov mövsümündə müvafiq limitlər və ov icazəsi əsasında yerli və xarici ovçular üçün icazələrin verilməsi qanunvericilikdə nəzərdə tutulub. Qeyd edim ki, 2019-cu ildən etibarən xarici vətəndaşlara və ya onların təmsilçilərinə ov lisenziyaları 5 saylı Bakı "ASAN xidmət" mərkəzi tərəfindən verilir və hazırda bir neçə şirkətə ov icazəsi verilib", - A. Səmədova bildirib. Onun sözlərinə görə, bu gün Ceyrançöl ərazisinə Nazirliyin regional idarələrinin əməkdaşları tərəfindən baxış keçirilib, lakin heç bir qanunsuz ov aparılması faktı aşkar edilməyib: "Ərazi nəzarət altındadır, qanunsuz ov halları aşkar edilərsə, dərhal qanuna müvafiq tədbirlər görüləcək". Qeyd edək ki, sosial şəbəkədə bir qrup ərəbin Tovuz rayonunda Ceyrançöldə "Bəzgək" ovladıqları ilə bağlı məlumat yayılıb. Geri dön |