Ana Sayfa > Karusel / Region > Xüsusi xidmət orqanları Azərbaycan qazını alan şirkətdə yoxlama aparır

Xüsusi xidmət orqanları Azərbaycan qazını alan şirkətdə yoxlama aparır


15-01-2022, 15:49. Yazar: Admin

Bolqarıstanın xüsusi xidmət orqanları və polisi Azərbaycanın “Şahdəniz” yatağından ildə 1 milyard kubmetr qaz almaq öhdəliyi götürmüş “Bulgargaz” dövlət şirkətində yoxlamalar aparır.

 Yoxlamanı Dövlət Milli Təhlükəsizlik Agentliyi (SANS) və Baş polis idarəsi həyata keçirir. Şirkət özü də yaydığı press-relizdə yoxlama aparıldığını təsdiqləyib.(Virtualaz.org)

 

 

Bolqarıstanın qaz bazarı üçün strateji əhəmiyyət daşıyan dövlət qaz təchizatçısı olaraq “Bulgargaz” müntəzəm olaraq səlahiyyətli orqanlar tərəfindən yoxlamalara məruz qalır və bu normaldır”, - şirkətin yaydığı press-relizdə bildirilir. Məlumatda deyilir ki, “Bulgargaz” komandası yoxlamalara tam dəstək verir və indiki yoxlamaları təbii qaz təchizatındakı qiymətlərlə bağlı son zamanlar yaranmış bir sıra suallara aydınlıq gətirilməsi baxımından yaxşı imkan hesab edir.

 

Bu yoxlamaların konkret hansı məsələ ilə bağlı olduğu açıqlanmır, amma bu günlərdə Bolqarıstan parlamentində dinləmələr zamanı maliyyə naziri Asen Vasilyev bildirib ki, “Bulgargaz” şirkəti “Çiren” yeraltı qaz anbarından daha aşağı qiymətə aldığı qazı daxili bazarda ucuz  satmaqdansa onu daha baha qiymətə Rumıniyaya ötürür. Nazir bu məsələnin araşdırıldığını deyib. “Bulgargaz” şirkətinin icraçı direktoru Nikolay Pavlov isə ittihamları rədd edib, deyib ki, qiymətin formalaşmasında istehlakçıların tələbi əsas götürülür. O cümlədən qaz paylayıcı şirkətlərin, istilik təchizatı şirkətlərinin və sənaye istehlakçılarının da qiymətin formalaşmasına təsiri var.

Pavlov deyib ki, “Bulgargaz” həm “Chiren” qaz anbarından aldığı qazı, həm Rusiya qazını Bolqarıstana nəql edən kəmər vasitəsilə aldığı Azərbaycan qazını (1 milyard kubmetrin təxminən üçdə biri) qarışdırır və bazara çıxarır.

 

Xatırladaq ki, Yunanıstan-Bolqarıstan interkonnektoru IGB qaz kəmərinin tikintisini yunan tərəfinin müəmmalı şəkildə illərlə ləngitməsi üzündən Azərbaycan qazı tam həcmdə Bolqarıstana daxil ola bilmir. Bolqarıstanın energetika naziri Aleksandr Nikolov bu günlərdə bildirib ki, ölkə ucuz Azərbaycan qazını tam həcmdə ala bilmədiyindən gündə 750 min avro zərər edir, ötən bir ildəki zərər isə 250 milyon avro olub. Bolqarıstan hökuməti IGB kəmərinin tamamlanması üçün 2022-ci il iyulun 1-ni son müddət kimi müəyyən edib.

Bundan əvvəl isə “Bulgargaz” ölkənin xüsusi xidmət orqanlarına müraciət edərək Azərbaycanla 2013-cü ildə bağlanmış qaz müqaviləsindən kommersiya sirri olan informasiyalar sızdırılıb və Azərbaycan tərəfi bundan bərk qəzəblənib. Müqaviləni pozmaqla hədələyib. Həmin informasiyaların Bolqarıstanın qazla təchizatında inhisarçı olan “Gazprom”a bağlı adamlar tərəfindən sızdırıldığı bildirilir.(virtualaz.org)


Geri dön