Ana Sayfa > Karusel / Siyasət > Prezident: “Ukrayna və Azərbaycan hər zaman bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəkləmişlər”

Prezident: “Ukrayna və Azərbaycan hər zaman bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəkləmişlər”


14-01-2022, 19:12. Yazar: Admin

Prezident: “Ukrayna və Azərbaycan hər zaman bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəkləmişlər”

“Məni Ukraynaya səfərə dəvət etdiyiniz üçün də Sizə minnətdaram. Mən çox şadam ki, Ukrayna-Azərbaycan əlaqələrində çox ciddi irəliləyiş var. Bizim aramızda yüksək səviyyəli siyasi dialoq aparılır”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu yanvarın 14-də Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatlarla çıxış edərkən deyib.

“Biz Prezident Zelenski ilə keçən ay, düz bir ay bundan əvvəl Brüsseldə görüşmüşük. Prezident Zelenski qeyd etdiyi kimi, 2019-cu ilin sonunda Azərbaycana səfər etmişdir. Yəni biz təmasları möhkəmləndiririk və müzakirələr əsnasında iki ölkə arasındakı gələcək inkişaf perspektivlərini həm müzakirə edirik, həm də ki, vacib qərarlar qəbul edirik. O cümlədən bu gün keçirdiyimiz çox geniş fikir mübadiləsi nəticəsində əminəm ki, yaxın gələcəkdə biz yeni, gözəl hadisələrin şahidi olacağıq”, - Prezident İlham Əliyev qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, fevralın 6-da diplomatik münasibətlərin 30 illiyi qeyd ediləcək: “Bildirməliyəm ki, müstəqillik dövründə Ukrayna və Azərbaycan hər zaman bir-birini dəstəkləmişlər, hər zaman bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəkləmişlər və bu dəstək bu gün birgə imzaladığımız Birgə Bəyannamədə də öz əksini tapır”.


Geri dön