Ana Sayfa > Karusel / Siyasət > İlham Əliyev: "Bütün məsələlərdə qardaş Türkiyənin yanında olmağa davam edəcəyik"

İlham Əliyev: "Bütün məsələlərdə qardaş Türkiyənin yanında olmağa davam edəcəyik"


14-01-2022, 10:25. Yazar: Admin

 

İlham Əliyev: Bütün məsələlərdə qardaş Türkiyənin yanında olmağa davam edəcəyik
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan

"Dünyada bərabəri olmayan, dostluq və qardaşlığın ən gözəl nümunəsi olan Azərbaycan-Türkiyə münasibətlərinin, müttəfiqliyinin inkişafı və möhkəmlənməsində Sizin xidmətləriniz əvəzsizdir".

Qarabaginfo.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə göndərdiyi təbrik məktubunda əksini tapıb.

"Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı hər zaman ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək bizi daim ruhlandırır və əlavə güc verirdi. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin ilk saatlarından son dəqiqələrinə qədər şəxsən Sizin, Türkiyə Respublikasının, qardaş xalqınızın nümayiş etdirdiyi mənəvi dəstəyi, həmrəyliyi heç zaman unutmayacaq. Bu gün də işğaldan azad edilmiş torpaqların əsaslı yenidənqurulması və bərpası işlərində Türkiyə ilə çiyin-çiyinə bir yerdə irəliləməyimiz böyük məmnunluq doğurur. Biz də öz növbəmizdə hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanında olmağa davam edəcəyik.

Əminəm ki, bu günün reallığı və xalqlarımızın qürur mənbəyi olan nümunəvi Azərbaycan-Türkiyə birliyi və qardaşlığı gələcək nəsillərə strateji yol xəritəsi, əbədi və sarsılmaz miras olaraq qalacaqdır", - Azərbaycan liderinin məktubunda bildirilib.


Geri dön