Ola bilsin Qazaxıstana yeridilən Rusiya hava-desant qoşunlarının tələsik geri çıxarılması da (ən azından qismən) Ukraynaya hücum planları ilə bağlıdır. Çünki KTMT kontingenti tərkibində Qazaxıstana yeridilən desant bölmələri Rusiya ordusunun əsas zərbə gücünü təşkil edir.
Bu arada Şimal dənizindən Baltik dənizinə üç iri desant gəmi qruplaşmasının istiqamət aldığı məlum olub. Telegram-kanallarda yayılan məlumata görə, Baltik körfəzi sahillərində yaşayan sakinlər ötən gün hansısa yüklərlə tam yüklənmiş halda “Pyotr Morqunov”, “Olenoqorskiy qornyak” və “Georgi Pobedenoses” desant gəmilərinin, habelə onları müşaiyət edən gəmilərin Kalininqrad vilayəti istiqamətində hərəkətini müşahidə ediblər. Rusiya hərbi-dəniz qüvvələrinin Şimal donanmasının eyni vaxtda üç iri desant gəmisinin Baltik dənizinə göndərilməsi Rusiya Müdafiə Nazirliyinin NATO-ya cavabı kimi dəyərləndirilir. Yaxud ola bilsin bu, Ukraynaya gözlənilən hücuma NATO-nun mümkün cavabını önləmək üçündür. Ehtimal edilir ki, gəmilər Kalininqrad vilayətində yerləşdirilmək üçün operativ-taktiki raketlər, tanklar və digər hərbi texnikanı daşıyır.
Ukraynalı hərbi ekspert Aleksandr Kovalenko isə bu ölkənin sərhədlərinə doğru cəmləşdirilməkdə olan,-hansı ki, 2022-ci ilin əvvəlindən bu proses daha da sürətlənib,-Rusiya hərbi texnikasının üzərindəki tanınma nişanlarının ağ boya ilə boyanmasına diqqəti cəlb edib.
Ekspert 2014-cü ildə Donbassda müharibə başlayanda da Rusiya texnikasının bu cür tanınma nişanları olmadan sərhədə cəmləşdirildiyi, oradan isə Donetsk və Luqansk vilayətlərinə yeridildiyini xatırladır. Tanınma işarələrinin boya ilə örtülməsi isə bu hərbi texnikanın Rusiyaya məxsus olduğunu pərdələmək üçündür.(virtualaz.org)