Ana Sayfa > Karusel / Sosial > Bu gündən hava kəskin dəyişəcək

Bu gündən hava kəskin dəyişəcək


13-01-2022, 08:24. Yazar: Admin

  

Qarlı hava yollarda hərəkəti çətinləşdirib - Polis sürücü və piyadalara kömək göstərib (FOTO)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.  Məlumatda paytaxt və rayonlara qar yağacağı qeyd edilib: “Avropa meteoxidmətləri builki qış fəslinin son 30 ilin ən soyuq qışı olacağını istisna etmir. Qış havasına qütb burulğanı olan alçaq təzyiqli arktika hava burulğanı təsir edəcək. Həddindən artıq soyuq arktik hava kütlələri şimal yarımkürəsindən cənub enliklərədək yayıldıqda belə hava hadisəsi ”arktika sıçrayışı" adlanır. Hazırda çox soyuq hava kütləsi Rusiyanın Avropa hissəsində anomal soyuqlara səbəb olub, güclü qar və çovğun yollarda buz örtüyü əmələ gətirib.Artıq şimaldan cənuba yönəlmiş soyuq atmosfer cəbhəsi Şimali Qafqazda güclü qara səbəb olmaqla, qar uçqunları təhlükəsi yaradıb. Həftənin 2-ci yarısında Şimalı Qafqazda və Türkiyənin Aralıq dənizi sahillərində baş verən proseslərin əlamətləri bizim ərazimizdə də özünü göstərməyə başlayacaq.Yanvarın 13-ü gündüzdən Bakı və Abşeronda, eləcə də Kür çayı boyu ərazilərdə küləyin güclənəcəyi gözlənilir. Soyuq qarlı hava kütlələrinin şimal və qərbdən daxil olacağı proqnozlaşdırılır. Bununla əlaqədar, 13-də səhər Naxçıvan MR-də, Qarabağda, Şərqi Zəngəzurda, gündüz Böyük Qafqaz bölgəsində qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, temperaturun kəskin aşağı düşəcəyi gözlənilir. Yollar buz bağlayacaq. Axşama doğru prosesin ölkə ərazisini əhatə edəcəyi, lakin aran rayonlarında yağıntının əsasən yağışla başlayacağı, bəzi yerlərdə sulu qara keçəcəyi proqnozlaşdırılır. Yanvarın 15-də cənub-qərb küləyinin güclənəcəyi ilə əlaqədar yüksək dağlıq ərazilərdə qar uçqunları təhlükəsi ehtimal olunur. Yaxın günlərdə bir daha dəqiqləşdirilmiş məlumat təqdim ediləcək. Lakin proqnoz modelləri böyük ehtimalla Abşeronda sulu qarın yağacağını deməyə imkan verir. Belə ki, Bakıda və Abşeronda 13-ü axşam saatlarından yağış yağacağı, 14-də sulu qara, Bakı şəhərinin nisbətən yüksək ərazilərində isə qara keçəcəyi gözlənilir. Ayın 13-ü axşamı, 14-də havanın soyuması və güclü küləklə yanaşı, yanvarın 16-dək davam edən atmosfer təzyiqinin təzadlı qalxıb enməsi gözlənilir. Bu təsir effektini qısa müddət ərzində bir neçə dəfə 1000 metrlik yüksəkliyə qalxıb enmə nəticəsində yarana biləcək hisslə müqayisə edə bilərik. Bu səbəbdən xüsusən ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara daha diqqətli olmaları tövsiyə olunur. Rusiya ərazisindən cənuba doğru soyuq hava kütlələlərinin daxil olması ilə yanvarın 13-dən etibarən havanın temperaturu kəskin enəcək".

 

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru bildirdi ki, yanvar ayında havanın kəskin dəyişməsi normal haldır: “Paytaxtda şimal-qərb küləyinin güclənməsi gözlənilir. Yanvarın 13-ü axşamdan 14-ü gündüzədək güclü külək müşahidə olunacaq. Bu gün axşam yağış yağacaq, 14-ü isə artıq yağış sulu qara və qara keçəcək. Havanın temperaturu 10-12 dərəcə aşağı enəcək. Bu proses 14-ü axşamadək davam edəcək. Prosesin səhər saatlarından Naxçıvan Muxtar Respublikasından başlanacağı gözlənilir. Gündüz Şərqi Zəngəzur, Qarabağ, Balakən, Şəki zonalarında bəzi ərazilərə qar yağacaq. Axşama doğru yağıntılar Mərkəzi Aran rayonlarında müşahidə olunacaq-sulu qar, qar yağacaq. Bəzi rayonlarda yağıntıların intensiv və güclü olacağı istisna olunmur. Güclü qərb küləyi əsəcək. Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimal olunur. Əlverişsiz hava şəraiti yanvarın 15-dək davam edəcək. Bu, ilkin məlumatdır”. 

İqlimşünas Məhərrəm Mehdiyev mövzu ilə bağlı qeyd etdi ki, iqlim dəyişikliyini əsas faktor kimi qəbul etmək doğru deyil: “İqlim dəyişikliyi atmosfer cərəyanında olan komponentlərdən biridir. İqlim dəyişikliyinin digər elementlərə təsiri, əlbəttə, var.  Hava cərəyanlarının sürətinin dəyişməsi, buludların hərəkəti atmosferdəki hərəkətdən asılıdır. Orta illik temperatur qalxdığı üçün qarın, yağışın yağmasına, istiyə, soyuğa təsir edir. Bakıda heç zaman, məsələn, bir həftə boyunca  fasiləsiz qar yağması müşahidə olunmayıb. Qar maksimum üç gün yerdə qalıb. 1963-cü ildə Bakıya güclü qar yağmışdı. Uzun müddət sonra 2008-ci ildə yenidən güclü yağıntı olub”.

Qeyd edək ki, son 10 ildə Bakıda yanvar ayında ən soyuq hava 2008-ci ildə qeydə alınıb. Həmin il yanvarın 3-dən başlayaraq, hava şəraiti kəskin dəyişmişdi. Havanın temperaturu iqlim normasından 10 dərəcə aşağı olmuşdu. 2008-ci ildə yanvarın 7-dən 8-nə keçən gecə Bakıda rekord şaxta - mənfi 8,7 dərəcə qeydə alınmışdı.

Rayonlarda yağıntıların intensiv və güclü olacağı gözlənilir


Geri dön