Ana Sayfa > Karusel / Siyasət > NATO Rusiyanın Ukraynanı təşkilata üzv qəbul etməkdən imtina çağırışına mənfi cavab verib

NATO Rusiyanın Ukraynanı təşkilata üzv qəbul etməkdən imtina çağırışına mənfi cavab verib


12-01-2022, 18:03. Yazar: Admin

Yens Stoltenberq

“Asan müzakirələr olmadı. Biz Ukrayna və Avropanın təhlükəsizliyi ilə bağlı ciddi və birbaşa fikir mübadiləsi apardıq”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu NATO Baş katibi Yens Stoltenberq Brüsseldə NATO-Rusiya Şurasının iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, NATO müttəfiqləri və Rusiya arasında fikir ayrılıqları var, ancaq bir stol arxasında oturub müzakirə aparmaq yaxşıdır, müsbət siqnaldır.

“Biz NATO-nun açıq qapı siyasətini dəstəkləyirik, hər ölkənin öz seçim hüququ var. Müzakirələrdə Rusiya və NATO dialoqun bərpasını vurğulayıb. Bizim gələcəkdə daha detallı görüşlərimiz olacaq. NATO təhlükəsizlik məsələləri ilə bağlı konkret müzakirələr aparmaq istəyir. Biz NATO və Rusiya arasında mülki və hərbi kommunikasiya kanalının olmasını, Brüssel və Moskvada büroların fəaliyyətinin bərpasını vacib hesab edirik.

Eyni zamanda, Ukrayna ətrafındakı vəziyyət barədə narahatlığımızı ifadə etdik. Rusiya bütün qonşu ölkələrin ərazi bütövlüyünü və suverenliyini tanıyıb hörmət etməlidir. Biz NATO olaraq siyasi yol tapmaq üçün səylərimizi davam etdirəcəyik. Yenə vurğulayıram: hər bir ölkənin öz yolunu seçmək hüququ var, bu, beynəlxalq sənədlərdə də əks olunub. Yalnız Ukrayna və 30 ölkə Ukraynanın nə zaman üzv olacağına qərar verir. Biz NATO standartlarına uyğunlaşması üçün Ukraynanı dəstəkləmişik”, - Baş katib vurğulayıb.

Y. Stoltenberq qeyd edib ki, Rusiya qoşunları Moldova, Gürcüstan və Ukraynanın razılığı olmadan bu ölkələrin ərazilərindədir: “Bu qüvvələr həmin ölkələr tərəfindən qəbul edilmir. Biz bu gün görüşdə Rusiyanı qoşunlarını bu ölkələrin ərazisindən geri çəkməyə çağırdıq. Rusiya hərbi qüvvələrini bu ölkələrdən geri çəkməli və həmin ölkələrin ərazi bütövlüyünü tanımalıdır”.


Geri dön