Ana Sayfa > Karusel / Region > Tokayev ilk erməniləri çıxaracaq - Kuznetsovun şərhi

Tokayev ilk erməniləri çıxaracaq - Kuznetsovun şərhi


11-01-2022, 21:13. Yazar: Admin

Dünən Rusiya Prezidenti Vladimir Putin bildirib ki, KTMT sülhməramlıları ölkədə vəziyyət tam normallaşana qədər Qazaxıstanda qalacaqlar. Artıq bu gün Prezident Tokayev elan etdi ki, iki gün ərzində sülhməramlıların ölkədən çıxarılmasına başlanılacaq. Bu cür tələskənliyin səbəbləri nədir? Ümumiyyətlə, ilk təcrübə fonunda KTMT-nin Qazaxıstandakı missiyasını necə qiymətləndirmək olar?

Axar.az əməkdaşının bu və digər suallarını rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov cavablandırıb.

“Hər şey Qazaxıstanda baş verən iğtişaşların əsl səbəbindən asılıdır. Bu haqda isə yalnız Qazaxıstanda dəqiq bilirlər. Mediada və sosial şəbəkələrdə bununla bağlı çoxlu versiyalar var. Onların əksəriyyəti qəsdən geosiyasi və ya makroiqtisadi məqsədlər üçün ortaya atılır, bütün bu fikir müxtəlifliyinin arxasında Qazaxıstandakı vəziyyətin real mənzərəsi görünmür. Amma bu ölkədən faktiki material yoxdur. Mən hətta dəqiq deyə bilmərəm ki, Prezident Tokayev həqiqətən ölkədəki vəziyyətə nəzarət edir, yoxsa bununla KTMT hərbçilərinə qədər başqa “paralel” qüvvələr məşğuldur. Əgər Prezident Tokayevin mövqeləri həqiqətən də özünün iddia etdiyi qədər güclüdürsə, - şəxsən buna şübhə edirəm - o zaman KTMT sülhməramlılarının Qazaxıstandan çıxarılması bir neçə gündən sonra başlaya bilər. Amma hamımız yaxşı başa düşürük ki, bu, mərhələlərlə həyata keçiriləcək və ilk addımlar formal xarakter daşıyacaq. Qazaxıstanın yerli əhalisi və xarici müttəfiqlərində xüsusilə güclü qıcıq yaradan amil sülhməramlı kontingentdə erməni hərbi qulluqçuların olmasıdır. Ermənilərin burada iştirakı özlüyündə sülhməramlı kontingentin ümumi tərkibində heç bir əhəmiyyət kəsb etmir və ola bilər ki, KTMT-nin bütün hərbçilərinin ölkədən çıxarılmasında ilk addım kimi erməni hərbçiləri evlərinə göndəriləcək. Amma real baxsaq, belə çıxır ki, Tokayev yalan danışmadı və sülhməramlılar Prezident Putinin dediyi kimi, ölkədə vəziyyətin yekun sabitləşməsinə qədər qaldılar”, - ekspert vurğulayıb.

Onun sözlərinə görə, bir aydan sonra Tacikistan hərbçilərini Qazaxıstandan çıxarmaq mümkün olacaq, lakin birdən-birə yox, əvvəlcə bir bölük, bir neçə həftə və ya bir aydan sonra digərləri:

“Bütün bu müddət ərzində əsas Rusiya-Belarus kontingenti döyüş tapşırıqlarını yerinə yetirməyə davam edəcək. Bunlar KTMT qüvvələrinin ölkədən mərhələli şəkildə çıxarılması kimi şərh olunacaq.

Əgər Qazaxıstanda baş verən hadisənin səbəbləri və məzmunu ilə bağlı mənim versiyamı şəxsən eşitmək istəyirsinizsə, onda heç vaxt inanmayacağam ki, qiymət artımı mütəşəkkil etiraza səbəb ola bilər. Bu şəkildə təşkil olunan aksiya təhlükəsizlik orqanlarının, xüsusi xidmət orqanlarının və dövlətin birinci şəxsinin ətrafından kiminsə razılığı, himayəsi olmadan mümkünsüz olardı. Şərqi Avropa ölkələrində bütün siyasi rejimlərin devrilməsi, ərəb dünyasındakı bütün “rəngli inqilablar” zamanı da belə olub. Şəxsən mən Qazaxıstan hadisələrinə kənardan müdaxiləyə inanmıram, orada baş verənlərin hamısı daxili siyasi qarşıdurmaların və həddi aşmanın nəticəsidir. Ona görə də əminəm ki, KTMT qoşunları Qazaxıstandan çıxarılacaq, lakin bunun nə qədər tez baş verəcəyi birbaşa Prezident Tokayevin hakimiyyətinin sabitliyindən asılı olacaq”, - rusiyalı ekspert qeyd edib.

 


Geri dön