Ana Sayfa > Karusel / Təhsil > Azərbaycanda test üsulu ləğv olunur? - “Əlavə imtahanlar keçirilməlidir“

Azərbaycanda test üsulu ləğv olunur? - “Əlavə imtahanlar keçirilməlidir“


11-01-2022, 16:02. Yazar: Admin
Azərbaycanda test üsulu ləğv olunur? - “Əlavə imtahanlar keçirilməlidir“

 

Test üsulunun əzbərçiliyə yol açdığı ilə bağlı iddialar getdikcə intensivləşir. Bəzi ekspertlər hesab edirlər ki, test üsulunun tətbiqindən sonra şagirdlərin fundamental biliklərə yiyələnməsi arxa plana keçib. Bu səbəbdən test üsulunun ləğv olunması, sovet dövrü üçün xarakterik olan üzbəüz imtahanların keçirilməsi təklif olunur. 

Amma bu təklifi “süngü” ilə qarşılayanlar da var. Test üsulunun ləğv olunmasına qarşı çıxanların fikrincə, üzbəüz imtahanların keçirilməsi yenidən rüşvətxorluğa yol açacaq, pulu, arxası olmayan abituriyentlərin universitetlərdən kənarda qalmasına səbəb olacaq.

Vəziyyətdən çıxış yolu nədir? Azərbaycan test üsulundan imtina etməli, yoxsa testə aid üsulları bir qədər də təkminləşdirilməlidir?

Qarabaginfo.az-ın xəbərinə görə, Sabiq Təhsil naziri Firudin Cəlilov Yenisabah.az-a açıqlamasında deyib ki, test imtahanı ədaləti bərpa edir:

“Testi Azərbaycana gətirəndə indi müzakirə olunan problemlərin ortaya çıxacağını demişdim. Bilirdim ki, test imtahanlarının belə fəsadları da olacaq. Ancaq indi elə bir durumdayıq ki, universitetlərə qəbulda korrupsiyanın, rüşvətin qarşısını almağın yeganə yolu testdir. Bu ona görədir ki, savadlı, kasıb uşaqlar gedib oxuya bilsinlər. Test ədaləti bərpa edir.

Lakin bir neçə ildən sonra insanlarda o auranı yarada bilsək ki, kim oxuya bilirsə, gəlsin oxusun. oxuya bilmirsə, başqa peşənin dalınca getsin, o zaman bu məsələlərə baxıla bilər. Hətta fikirləşirdim ki, bir neçə ildən sonra ümumiyyətlə imtahanı ləğv etmək lazımdır. Oxumaq istəyənlər buyursun. Onsuz da 1 semestr oxuyandan sonra məlum olacaq ki, bu tələbə oxuya biləcək, ya yox. Əgər ilk semestrdə özünü göstərə bildisə, təbii ki, qalıb oxuyacaq. Proqramı yerinə yetirə bilmirsə, avtomatik olaraq xaric olub, gedəcək. Biz hələki buna hazır deyilik. Bu səbəbdən testə etiraz edə bilmirəm”.

Sabiq nazirin sözlərinə görə, testdə tapmaca yox, yönəldici suallar verilməlidir:

“30 ildir ki, bu hallar davam edir. Hələlik testi ləğv etmək olmaz. Test ləğv olunsa, yenidən 90-cı illərə qayıtmış olarıq. Sadəcə, testi "islah" etmək lazımdır. Orada tapmaca suallar yox, yönəldici suallar verməlidir. Ümumi fənlərə aid bilginin azlığı isə yuxarı sinif şagirdlərinin məktəbə getməməyi, universitetlərə hazırlaşmağı ilə bağlıdır. Bunlar hamısı tənzimlənməlidir. İndiki şəraitdə testi ləğv etmək düzgün deyil. Lakin təkminləşdirmə aparmaq lazımdır”.

F.Cəlilov qeyd edib ki, testlə yanaşı əlavə imtahanlar da keçirmək lazımdır:

“Testlə yanaşı, əlavə imtahanlar da keçirmək olar. Ana dilindən yazı qabiliyyəti yoxlanıla bilər. O vaxtı jurnalistika fakültəsinə daxil olmaq istəyən abituriyentlərdən öncə inşa yazmaq tələb edilirdi. Yazılar yoxlanılırdı. Kimin bacarığı varsa, digər imtahanlara buraxılırdı. Bacarığı olmayanın, adicə inşaanı yaza bilməyənin jurnalistikada nə işi var? Həmin şəxslərin sənədləri qəbul olunmurdu. Abituriyentləri süzgəcdən keçirmək üçün mərhələlər olmalıdır. Uşaqların danışıq qabiliyyətini yoxlamaq lazımdır. Bu aylarla, illərlə işləniləsi çox dərin problemdir”.


Geri dön