Ana Sayfa > Karusel / Siyasət > "Mərkəzi Nəbatat Bağı" və “Dendrologiya Bağı" publik hüquqi şəxsləri yaradılıb

"Mərkəzi Nəbatat Bağı" və “Dendrologiya Bağı" publik hüquqi şəxsləri yaradılıb


11-01-2022, 12:13. Yazar: Admin

 

Nazirlər Kabineti: Məhdudiyyətlərin səmərəliliyinin artırılması istiqamətində əlavə tədbirlər görüləcək

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxslər yaradılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qərara əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının mövcud ərazisi və Dendrologiya İnstitutunun Bakı şəhərinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən mövcud ərazisi müvafiq olaraq “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin ərazisi qismində müəyyən edilib. Bu publik hüquqi şəxslər onlara aid ərazinin idarə edilməsi, mühafizəsi, bitki növlərinin və yaşıllıq sahələrinin salınması, onlara qulluq edilməsi, həmin bitkilərin qorunması və saxlanılması, ərazisinin qorunması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxslərdir.

Bu qərarla yaradılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Nazirlər Kabinetinə:

- publik hüquqi şəxslərin nizamnamələrinin təsdiqi və nizamnamə fondlarının miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

- publik hüquqi şəxslərin strukturunun təsdiq edilməsi;

- publik hüquqi şəxslərin idarəetmə orqanlarının yaradılması;

- Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, publik hüquqi şəxslərin ləğvi və yenidən təşkili;

Bakı Şəhər İcra Hakimiyyətinə:

- Yuxarıda qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” qanunda publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Bakı Şəhər İcra Hakimiyyəti:

- aidiyyəti orqanlarla (qurumlarla) razılaşdırmaqla, “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin nizamnaməsinin və strukturunun layihəsini, nizamnamə fondunun miqdarını və işçilərinin say həddinə dair təkliflərini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etsin;

- İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxs və “Dendrologiya Bağı” publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının və Dendrologiya İnstitutunun balansında olan dövlət əmlakının müvafiq olaraq “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin balansına verilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etsin;

- Mərkəzi Nəbatat Bağının və Dendrologiya İnstitutunun ərazisində texniki işləri həyata keçirən xidmətedici heyətin bu Qərarın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tədbirlər görsün;

- bu Qərardan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Milli Elmlər Akademiyası:

- bu Qərarın tələbləri nəzərə alınmaqla, Mərkəzi Nəbatat Bağının və Dendrologiya İnstitutunun fəaliyyətinin təmin edilməsi və Akademiyanın strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etsin;

- Mərkəzi Nəbatat Bağının və Dendrologiya İnstitutunun işçilərinin fəaliyyətinin təmin edilməsi istiqamətində zəruri tədbirlər görsün.

İqtisadiyyat Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün nizamnamələri qeydiyyata alındıqdan sonra üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada tədbirlər görsün.


Geri dön