Ana Sayfa > Karusel / Region > Belarus Baş Prokurorluğu soyqırımla bağlı 17 ölkədən hüquqi yardım istəyib

Belarus Baş Prokurorluğu soyqırımla bağlı 17 ölkədən hüquqi yardım istəyib


9-01-2022, 22:58. Yazar: Admin

 

Belarus Baş Prokurorluğu soyqırımla bağlı 17 ölkədən hüquqi yardım istəyib

Belarus Baş Prokurorluğu Böyük Vətən Müharibəsi illərində belarus xalqının soyqırımı ilə bağlı 17 ölkəyə hüquqi yardım üçün sorğu göndərib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə STV kanalında soyqırım işi üzrə prokurorluğun istintaq qrupunun rəhbəri Valeri Tolkaçev bildirib.

Onun sözlərinə görə, Litva və Latviya cinayət işi ilə bağlı Belarusa hüquqi yardım göstərməkdən imtina edib və bunu ölkələrinin milli təhlükəsizlik məsələlərinə təsir edə biləcəyi ilə əsaslandırıb.

Eyni zamanda o, Rusiyanın arxiv sənədləri ilə işləmək imkanı verən istintaqa fəal kömək göstərdiyini qeyd edib.

"Dövlət başçısının tapşırığı ilə Baş Prokurorluğun istintaq qrupu Moskvada olub. Biz Rusiyanın dövlət arxivi ilə, Müdafiə Nazirliyinin arxivi ilə, digər arxivlərlə işləmişik. Rusiya tərəfi bizi sənədlərlə təmin etməkdə maraqlıdırlar”, - deyə Tolkaçev bildirib.

O, bildirib ki, iş üzrə 12,5 minə yaxın şahid dindirilib, onların yarısı konslager əsirləri və Böyük Vətən Müharibəsi veteranlarıdır.

2021-ci ildə Böyük Vətən Müharibəsi zamanı belarus xalqının soyqırımı faktı ilə bağlı cinayət işi açılıb. Baş prokuror Andrey Şvedin sözlərinə görə, məqsəd ölkəni soyqırım qurbanı kimi tanımaq, tarixi faktları dəyərdən salmaq cəhdlərinin qarşısını almaq olub.

Prokurorluğun məlumatına görə, Böyük Vətən Müharibəsi illərində ən azı 1,5 milyon insanın həlak olduğu Belarus ərazisində 400-dən çox dinc əhalinin məcburi saxlanması yeri, 260 ölüm düşərgəsi və 170 getto fəaliyyət göstərib. Ümumilikdə, Almaniyanın işğalı illərində Belarusun mülki əhalisinin itkisi təxminən 3 milyon nəfər, yəni əhalinin üçdə biri olub.(Report)


Geri dön