Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin çağırışı ilə ölkəyə KTMT kontingenti adı altında böyük sayda Rusiya desant qoşunlarını yeridilməsi hakimiyyətə vəziyyəti nəzarət altına almağa imkan verə bilər. Lakin xarici qoşunlarının Qazaxıstana yeridilməsini qazaxların böyük əksəriyyəti dəstəkləmir və Tokayevin ölkə daxilindəki imici üçün silinməz ləkədir.
Qarabaginfo.az xəbər verir ki, bu fikirlər “Azadlıq” radiosunun Vaşinqton redaksiyasının məqaləsində yer alır. Müəllif Bryus Pannier qeyd edir ki, Qazaxıstanda 1986-cı ildə sovet qoşunlarının Jeltoksanda kommunist hakimiyyətinə qarşı etirazları qanla yatırmasının 35-ci ildönümünü bu günlərdə qeyd etmişdilər. Həmin qanlı hadisələrdə yüzlərlə adamın öldürüldüyü bildirilir, hərçənd rəsmi məlumatlarda ölənlərin sayının onlarla olduğu bildirilirdi.
Tokayevin Rusiya qoşunlarını ölkəyə çağırmasını ABŞ-ın Qazaxıstandakı keçmiş səfiri Uilyam Kortni belə şərh edib: “Qazaxıstan xalqı başa düşür ki, terrorçu bandaların xaricdən ölkəyə hücumu yox, korrupsiyalaşmış tiraniyaya qarşı üsyan baş verib. Rusiyanı hərbi müdaxiləsi Qazaxıstan sakinləri tərəfindən pis qarşılanacaq, çünki qazaxlar öz ölkələrinin suverenliyini və müstəqilliyini qiymətləndirirlər. Hərbi müdaxilə iki ölkə arasında 30 ildir formalaşmış dost münasibətləri də zədələyəcək”.
Vaşinqtondakı Rusiya və Avrasiya araşdırmaları üzrə Devis Mərkəzinin eksperti Nargis Kassenova isə bildirir ki, Tokayevin KTMT-yə müraciət etməsi “dəhşətli qərardır və onun legitimliyini saxlamaq imkanlarını məhv edir”.
Mühacirətdə olan keçmiş qazaxıstanlı bankir və nazir, özünü etirazların lideri elan edən Muxtar Ablyazov “Azadlıq” radiosunun qırğız xidmətinə müsahibəsində bildirib ki, formal olaraq KTMT-yə Tokayev müraciət edib. Amma aydındır ki, bütün məsələləri Nazarbayev həll edir.
“Bu müraciət təcili olaraq edilib, çünki Alma-Atada OMON və hərbçilər xalqın tərəfinə keçməyə başlamışdı. Və faktiki olaraq Nazarbayev başa düşdü ki, vəziyyət idarəolunmazdır. Onun güc strukturları qəfildən rejimə arxa çevirdilər. Belə situasiyada təcili olaraq Putinə müraciət edildi. Bir başqasına yox, məhz Putinə. Çünki KTMT adlandırılan təşkilat Putinin qoşunlarından ibarətdir, bütün qalanlar isə boş şeydir. Görüntü yaratmaq üçündür ki, guya ölkələr yığışıb qərar qəbul edirlər. Xeyr, hər şeyi Putin həll edir”, - Ablyazov deyib.
Müxalifətçi bildirir ki, o Tokayevi yaxından tanıyan adam kimi qəti əmindir-bu adamın heç bir mövqeyi, öz iradəsi ola bilməz, o sadəcə olaraq Nazarbayevin dediklərini yerinə yetirir.
“Lakin Putinin qoşunları Qazaxıstana daxil olandan sonra tükdən asılı situasiya yaranmış olur. Və indi orada həlledici səs, yekun qərarları qəbul edən adam Putin özüdür. Çünki hətta Nazarbayev köhnə münasibətlərindən istifadə edib onunla anlaşa bilirdisə indi Putinin maraqları belədir ki, o istənilən vaxt bu razılaşmaları ləğv edə bilər. Ona görə də indi Rusiya qoşunlarının ölkəyə yeridildiyi, Qazaxıstan ordusunun isə hakimiyyətdə əminlik yaratmadığı bir vaxtda Tokayev Putin nə desə onu edəcək. Putin isə çox nəzakətlə, incəliklə deyəcək. Nazarbayev və onun adamları isə susacaq”, - Ablyazov bildirib.(virtualaz.org)