Son vaxtlar Azərbaycanda müxtəlif kommersiya qurumlarının, o cümlədən bankların adından vətəndaşlara onları aldatmaq məqsədi ilə ismarıclar göndərilir.
Qarabaginfo.az bildirir ki, sonuncu belə hal “Kapital Bank” ASC ilə yaşanıb. Bankın adından göndərilən və onun müştərilərinin hesablarındakı vəsaitləri ələ keçirmək məqsədi daşıyan spam mesajlarla bağlı artıq hüquq-mühafizə orqanları araşdırma aparıb, xeyli sayda cinayətkarlar tutulub.
Bu günlərdə isə Azərbaycan Mərkəzi Bankının adından spam mesajlar göndərilib və vətəndaşlar arasında çaşqınlığa səbəb olub. Bəs bu kimi halların qarşısını necə almaq olar?
İnformasiya texnologiyaları üzrə ekspert Vahid Qasımov deyir ki, spam adlandırılan bu cür mesajlar kütləvi şəkildə göndərilirsə, bunların mətnləri azı 40-50% oxşardısa, deməli, süni intellekt sistemləri onları raha “tuta bilər”: “Yəni bu tip mesajlar SMS vasitəsilə göndərilirsə, mobil operatorlar bunu spam olaraq tanıyıb bloklaya bilərlər. Başqa bir məsələ də var. Məsələn, mən Bill Qeytsin adından sizə elektron məktub göndərə bilərəm. Amma bu, onun görünən hissəsidir. Bir də görünməyən hissə var. Onu isə ekspertlər görə bilər ki, göndərən server hansıdır, həqiqətən “Microsoft”un serveridirmi, ona uyğundurmu?”.
Ekspertin sözlərinə görə, belə məsələlərdə ayıqlıq istifadəçilərdən daha çox mobil operatorların öhdəsinə düşür: “Onların mübarizə aparmaq üçün resursları da mövcuddur. İstəsələr, mübarizə apara bilərlər. Nəzərə alaq ki, belə SMS-lərin çoxu xaricdən gəlir. Əgər xaricdən gələn SMS- filtirasiya tətbiq olunsa, mesajların sürətinə mane olmayacaq. Mobil operatorlarımız bunu edə bilərlər. Hesab edirəm ki, feyk mesajların əsas səbəblərindən biri mobil operatorların və bankların səhlənkarlığıdır.
“Diqqətlə baxıldıqda belə, orijinal və feyk mesajları ayırmaq mümkün deyil. Bəzi banklar mesaj göndərəndə qeyd edir ki, bank kartlarınızın nömrəsini heç kimə göndərməyin. Əgər belə yazılmırsa, deməli feykdir. Sosial şəbəkələrdə uduş vəd edən reklamlar da bu qəbildəndir. Məşhur şirkətlərin adı hallanan, əslində isə onlara heç bir aidiyyəti olmayan bu tip reklamlar da çoxlu sayda istifadəçinin aldanmasına, pul itirməsinə səbəb olur”.
İnformasiya texnologiyaları üzrə digər ekspert Rəcəb Mehdiyev də bu cür problemlərlə qarşılaşdığını deyərək, həlli yolunu təklif edir: “Bu gün sosial şəbəkələrdə hər bir insanın istədiyi məlumatı reklam şəklində, pul vəsaiti yatırtmaqla yaymaq imkanı var. Ona görə də problem geniş vüsət alır. Amma mübarizə üsulu da var. Məsələn, reklam tipli paylaşımlar üçün bank hesabı, rəsmi rekvizitləri olan xüsusi şirkətin yaradılması tələb oluna bilər. Reklam vermək istəyənlər məhz bu şirkət vasitəsilə öz reklamlarını yayımlaya bilərlər. Yəni vergi ödəyicisi olmayan şəxsin reklam vermək imkanı olmayacaq. O zaman reklamda şirkətin adı çəkilərkən oradan gələn pul da birbaşa şirkətin balansına gedəcək. Belə sistemlər yaradılsa, onda dələduzlar üçün də imkanlar daralacaq”.(Report)