Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda turoperator və turagentlər mülki məsuliyyət sığortasına cəlb ediləcək
Azərbaycanda turoperator və turagentlər mülki məsuliyyət sığortasına cəlb ediləcək5-01-2022, 17:12. Yazar: Admin |
Hazırda Milli Məclisdə müzakirələri aparılan "Turizm haqqında" yeni qanun layihəsi “mehmanxana” kateqoriyasına aid olan yerləşmə vasitələri üçün ulduzlaşmanın məcburi olması, ölkədə fəaliyyət göstərən turoperator və turagentlər üçün mülki məsuliyyət sığortasının müəyyən edilməsi, turizm bələdçiliyi üzrə sertifikatlaşdırma, turizm assosiasiyalarının yaradılması, rekreasiya zonaları, turistlərə yardım mərkəzlərinin formalaşdırılması və s. bu kimi vacib məsələləri əhatə edəcək. Qarabaginfo.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev deyib. Onun sözlərinə görə, bütün dünyada olduğu kimi, ölkəmizdə də turizm üzrə yeni inkişaf istiqamətləri formalaşıb: “Hazırda qüvvədə olan “Turizm haqqında” Qanun 1999-cu ildə qəbul olunub. Ötən müddət ərzində dövlət səviyyəsində ölkəmizdə turizmin inkişafı istiqamətində genişmiqyaslı işlər həyata keçirilib. Turizmin ölkə iqtisadiyyatının aparıcı sahəsinə çevrilməsi prioritet məqsəd kimi qarşıya qoyulub. Həmçinin Azərbaycanda son illərdə beynəlxalq standartlara cavab verən turizm infrastrukturu və turizm xidmətləri yaradılıb. Dinamik dəyişən inkişaf tendensiyaları, yeni qlobal çağırışlar, müasir beynəlxalq standartlar, ölkəmizin turizm potensialının istifadə imkanlarının genişləndirilməsi kimi amillər bu sahədə qanunvericilik bazası və dövlət tənzimlənməsi üzrə yeni yanaşma tələb edirdi. Qeyd etdiyimiz yeni yanaşma yeni turizm münasibətlərini və formalaşmaqda olan turizm sənayesinin tənzimləmə mexanizmlərini, turizm ehtiyatlarının səmərəli istifadə qaydalarını və digər məsələləri müəyyən edən yeni qanun layihəsinin hazırlanmasını zəruri etdi. Turizm haqqında qanun layihəsi cari ilin dekabrın 14-də artıq Milli Məclisin plenar iclasında birinci oxunuşda təsdiq edilib". F. Nağıyev hesab edir ki, eyni zamanda, bütün bu mexanizmlər dayanıqlı və məsuliyyətli turizmin inkişafına xidmət edərək turizm sənayesi subyektləri üzərində ağır öhdəliklər yaratmadan turizm sənayesində bazar qiymətlərinin formalaşmasına, xidmət keyfiyyətinin artırılmasına və istehlakçı hüquqlarının qorunmasına öz təsirini göstərəcək: "İnanırıq ki, yeni qanun turizm sektorunda davamlı iqtisadi fəallığı dəstəkləyərək sənayenin, dövlət orqanlarının və turistlərin məsuliyyətli davranışı üçün əsaslar yaradacaq. Qanun layihəsində qeyd olunan vacib məqamlardan biri də ölkənin turizm ehtiyatları və sənayesi barədə məlumatları özündə ehtiva edən vahid turizm informasiya bazası rolunu oynayacaq Turizm Reyestrinin yaradılmasıdır. Əminik ki, turizm üzrə yeni qanun layihəsi ölkəmizdə dayanıqlı turizmin inkişafına nail olmaq istiqamətində mühüm addım olacaq və bu sahədə möhkəm hüquqi baza rolunu oynayacaq”. Geri dön |