Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanın yeni iqtisadi strateqiyasının hədəfləri açıqlandı
Azərbaycanın yeni iqtisadi strateqiyasının hədəfləri açıqlandı5-01-2022, 15:22. Yazar: Admin |
“2022-2026-cı illəri əhatə edən strategiya çərçivəsində dərin şaxələnmə və ixrac potensialının tam reallaşdırılması üçün yeni “hərəkətverici qüvvələr”in tapılması, özəl və xarici investisiyaların payının artırılması, regionların iş qüvvəsi və bütün resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsi vasitəsilə iqtisadi aktivliyin daha da artırılmasına nail olunacaq". Qarabaginfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Nazir qeyd edib ki, hazırda Baş nazirin rəhbərliyi ilə yaradılmış 10 alt işçi qrupu tərəfindən milli prioritetlər əsasında 2022-2026-cı illəri əhatə edən strategiyanın layihəsi hazırlanaraq təqdim olunub. Onun sözlərinə görə, strategiya çərçivəsində iqtisadi artım sürətinin yüksəldilməsi üçün neft gəlirlərindən asılılığın əhəmiyyətli dərəcədə azaldılmasına yönəlmiş yüksək əlavə dəyər yaradan artım modelinin formalaşdırılması nəzərdə tutulur: “Yeni strategiya layihəsi uğurla həyata keçirildiyi təqdirdə, 2022- 2026-cı illərdə ölkədə ÜDM-in orta illik artım tempinin 3,9 %, o cümlədən qeyri-neft sektorunda 5 % səviyyəsində formalaşması, adambaşına düşən nominal ÜDM-in həcminin hazırkı dövrlə müqayisədə 1,3 dəfə artırılması təmin olunacaqdır. Mikayıl Cabbarov bildirib ki, bu hədəfər ölkə iqtisadiyyatının sürətli artımı üzrə göstəricilərinə uyğundur: "Qeyd etməliyəm ki, növbəti ilin makroiqtisadi proqnozları və dövlət büdcəsinin parametrləri, faktiki olaraq, yeni strateji dövrün ilk ilinə uyğun qaydada tərtib edilib. 2022-ci ildə ÜDM-in 3,9 %, qeyri-neft məhsulları üzrə 4 % artımını proqnozlaşdırırıq. Həmçinin ayrı-ayrı sektorlarda iqtisadi artım gözləntilərimiz vardır. Kənd təsərrüfatında 4 %, qeyri-neft sənayesində 8,7 %, turizm sektorunda 48,2 %, nəqliyyatda 4,5 %, informasiya və rabitədə 9,5 % kimi bir artım göstəricilərindən söhbət gedir”. Geri dön |