Ana Sayfa > Karusel / Region > Etirazçılar Alma-Atada meriya binasını tutdu, prezident iqamətgahı da ələ keçirilir

Etirazçılar Alma-Atada meriya binasını tutdu, prezident iqamətgahı da ələ keçirilir


5-01-2022, 14:17. Yazar: Admin

13.49

Alma-Atada minlərlə etirazçı şəhər meriyasını tutub. Son xəbərlərə görə etirazçılar təhlükəsizlik qüvvəsinin müqavimətini qıraraq binaya daxil ola biliblər, içəridəki polislərlə toqquşmalar olub, səs qumbaraları atılıb. Lakin etirazçılar da polislərə qarşı daha əvvəl asayiş keşikçilərindən ələ keçirdikləri səs qumbaralarını atıblar. Onlar habelə polislərdən ələ keçirdikləri dəyənək və qalxanlardan istifadə ediblər. Etirazçıların binanı tutmasından sonra yanğın başlayıb, meriya binasının üzərindən qara tüstü qalxdığını əks etdirən kadrlar yayılıb.

Kütlənin digər qismi isə bu dəqiqələrdə köhnə prezident iqamətgahını tutmağa çalışır. “Sputnik Kazaxıstan” xəbər verir ki, iqamətgahı mühafizə edən polislər geri çəkilir. Meriya binasının qarşısında da etirazçıların aqressiv hissəsi 10-dan polisi bərk döyüb.

Habelə Akma-Atada hakim “Nur Otan” partiyasının qərargahı, prokurorluq binası və daha bir neçə inzibati bina yandırılıb. Kütlə Nazarbayevin portretlərini tapdalayır. Etirazlar ildırım sürəti ilə ölkənin hər yerinə yayılır, son məlumatlara görə sənaye şəhəri Ust-Kamenoqorskda da etirazlar başlayıb. Kütlə şəhərin mərkəzi meydanına axın edir, polis onlara müdaxilə etmir.

 

13.05

Qazaxıstanda etirazlar iri şəhərlərdən daha birinə-Kustanaya sıçrayıb. Telegram-kanallarda yayılan görüntülərə əsasən polis etirazların qarşısını almaq üçün Kustanaya gedən yolu bağlayıb. Lakin kütlə polis kordonunu keçərək şəhərə tərəf hərəkət edir. “Polis dayanıb, buraxmır. Deyirlər ki, hava şəraitinə görədir. Amma hava şəraiti yaxşıdır, onlar sadəcə olaraq qorxurlar”,-istifadəçilərdən biri deyir.

Digər kadrlarda Alma-Atada yanan maşınlar görürnür. Kadrlara əsasən alova bürünmüş bir neçə avtomobil yolun ortasında qalıb, şəhərin mərkəzini tüstü bürüyüb və görmə çətinləşib. Etirazçılar nümayişlərin dağıdılması üçün nəzərdə tutulan xüsusi texnikanı da ələ keçirib və onun üstünə minərək şəhərin mərkəzinə tərəf hərəkət edirlər.

Son məlumatlara görə etirazçılar Alma-Atada şəhər meriyasını ələ keçirməyə çalışır. Binanın qarşısında polislə toqquşmalar baş verir, bəzi etirazçılar polislərin əllərindən avtomatlarını alıb. Küçələrdən partlayış və səs qumbaralarının səsi eşidilir.

Xəbərlərə görə, Aktobe şəhərində də etirazçılara qarşı xüsusi vasitələr tətbiq olunur, kütlənin arasında güclü partlayışlar baş verir və bu partlayışlar nəticəsində etirazçılardan biri ayağını itirib. Aktobedə şəhər administrasiyasının qarşısına minlərlə etirazçının toplaşdığı bildirilir.

 

Qazaxıstanda maye qazın bahalaşmasına görə başlayan etirazlar səngimir və son məlumatlara görə Alma-Ata şəhərində yeni kortəbii mitinq başlayıb. Polis toplaşanlara müdaxilə edib və toqquşmalar başlayıb. Polis şəhərin mərkəzinə doğru hərəkət edən və dəyənəklərlə silahlanmış bir neçə yüz nəfərlik kütlənin qarşısını kəsib, onlara qarşı xüsusi vasitələr, o cümlədən səs qumbaraları tətbiq edilir.

Etirazlar başlayandan bəri Alma-Ata xəstəxanalarına 190-a yaxın xəsarət alan şəxs müraciət edib, onlardan 137-i polis əməkdaşlarıdır.

Etirazların başladığı Janaozen şəhərində isə fəallar hakimiyyət qarşısında beş tələb qoyub. Bu tələblərə əsasən Qazaxıstanda rejim dəyişməli, vilayət rəhbərlərinin (hakimlərin) xalq tərəfindən azad seçkilərlə birbaşa seçilməsi təmin olunmalı, 1993-cü il Konstitusiyası bərpa edilməli, hakimiyyətə indiki sistemlə əlaqəsi olmayan yeni adam gəlməlidir.

 

 

Habelə Janaozendə və digər şəhərlərdə etirazçılar vaxtaşırı olaraq “Qoca, get!” şüarları səsləndirirlər. “Qoca” isə Qazaxıstanın keçmiş prezidenti və Təhlükəsizlik Şurasının indiki ömürlük katibi, “Elbası” Nursultan Nazarbayevdir.

Bu arada sosial şəbəkələrdə yayılan görüntülərə əsasən ötən gecə Alma-Atada etirazçılar şəhər administrasiyasının binasına daxil olmağa imkan tapıblar. Kadrlardan görünür ki, kütlə polis kordonunu yararaq binaya daxil olur və dövlət bayraqları ilə bəzədilmiş oval zalda “Hakimiyyət bizimdir!” şüarı qışqırırlar. Lakin təhlükəsizlik qüvvələri etirazçıları tezliklə binadan çıxarıb.(virtualaz.org)

 


Geri dön