Xatırladaq ki, 2013-cü ildə imzalanmış müqavilənin kommersiya sirlərinin pozulmasının Bolqarıstan üçün çox ciddi nəticələri ola bilər. Azərbaycan tərəfi müqaviləni pozmaq hüququna malikdir, “Bulqarqaz” isə sərt maliyyə sanksiyalarına məruz qala bilər. Bolqarıstan şirkəti informasiya sızmasının mənbəyini aşkarlamaq tələbi ilə Dövlət Milli Təhlükəsizlik Agentliyinə müraciət edib.
«Bulqarqaz»-ın rəhbəri Nikolay Pavlov ümid edir ki, Azərbaycanı Bolqarıstana qaz nəqlini dayandırmamağa inandıra biləcək.
«Bu, yolverilməzdir. İlk dəfədir belə vəziyyət yaranır, - Pavlov hiddətlə bildirir. - Son 10 ildə heç kəs müqavilənin bəndlərini sitat gətirməyi, sənədləri əldə etməyi özünə rəva bilməyib”. Onun sözlərinə görə, məlumat iki üsulla yayılıb - Bolqarıstan qaz assosiasiyası və bloqerlər vasitəsilə.
Haqqında söhbət gedən müqavilədə Yunanıstanla interkonnektorun (IGB) tikintisi başa çatandan sonra Bolqarıstanın tam həcmdə - ildə 1 milyard kub metr Azərbaycan qazını alacağı nəzərdə tutulur. Ancaq yunan-bolqar şirkəti olan ІSGV AD-nin cavabdehlik daşıdığı tikinti ləngiyir. Ona görə də Azərbaycan tərəfi Bolqarıstanın Petriç şəhəri yaxınlığından keçən köhnə tranzit boru kəmərinin istismarına razılaşıb, baxmayaraq ki, bunu etməyə məcbur deyildi. Həmin marşrutla Bolqarıstan nəzərdə tutulmuş qaz həcminin üçdə birindən çoxunu alır. Ancaq müqavilənin detalları açıqlanandan sonra Bolqarıstan tərəfi ehtiyat edir ki, Azərbaycan qaz nəqlini bütünlüklə dayandıra bilər. Həmin qaz isə bolqarlara digər təchizatçılardan fərqli olaraq 60 faiz ucuz başa gəlir.
«Biz elə bir vəziyyətə düşmüşük ki, qaz ala bilməməklə yanaşı hələ sanksiyalara da məruz qala bilərik”, - “Bulqarqaz”-ın rəhbəri deyir. Şirkətdə qeyd edirlər ki, ІGV qaz kəmərinin istismara verilməsində istənilən gecikmə “Bulqarqaz”-ı Azərbaycan şirkəti ilə danışıqlarda daha da əlverişsiz vəziyyətə salır. Tikintinin bitəcəyi vaxtla bağlı dəqiq bilgilər isə hələ də yoxdur.
Bolqar ekspertlər və yeni hökumət isə, öz növbəsində, qaz operatorunu tənqid edirlər. Onların fikrincə, “Bulqarqaz” qazın razılaşdırılmış həcmini idxal etməyin yolunu tapa bilməyib.
«Bizim şirkətimizin Azərbaycan qazının tam həcmindən imtina etməsinə dair deyilənlər doğru deyil, - Nikolay Pavlov ittihamlara cavab verir. - IGB qaz kəməri tam hazır olanda bütün həcmi alacağıq”.
Eyni vaxtda Bolqarıstan istehlakçıları üçün qazın qiyməti Yeni ildən 30 faiz bahalaşır. “Bulqarqaz”da bahalaşmanı Azərbaycan tərəfi ilə yaranmış problemlərlə əlaqələndirmirlər.
“Hətta “Bulqarqaz” Azərbaycan qazının həcmini bütünlüklə alsa belə, bu, qış aylarında ölkənin tələbatının cəmisi dörddə birini təmin edəcək”, - şirkətdən bildirirlər.
Keçmiş iqtisadiyyat, energetika və turizm naziri, hazırda isə müxalifətçi “Vətəndaşlar Bolqarıstanın Avropa inkişafı üçün” partiyasının sədri Delyan Dobrev yaranmış vəziyyətə reaksiya verərək, bolqar mətbuatının yazdığına görə, qalmaqallı ifşa ilə çıxış edib: “Ucuz Azərbaycan qazı ilə bağlı müqavilənin bəndləri xüsusi məqsədlə dərc olunub ki, “Bulqarqaz”-ın dövriyyəsindən milyardlar çıxarılsın”.
Onun sözlərinə görə, bu, dövlət şirkətinin maraqlarına ziyan vurmaq cəhdidir, çünki bu sektorda çoxlu böyük şəxsi maraqlar var. O bildirib ki, müqavilənin bəndlərinin qəsdən açıqlanması Bolqarıstanın Azərbaycanla münasibətlərini zərbə altında qoyur.
“Bizim Azərbaycandan aldığımız qaz başqa ölkələr üçün nəzərdə tutulan satış qiymətlərindən aşağıdır, - Dobrev deyir. - Ona görə də müqavilənin mətninin məxfiliyi ilə bağlı söhbət uşaq oyunu deyil. 8 il hər şey normal olub və birdən, yeni hökumət gələn kimi bu hadisələr baş verir. Bütün bunlar bizim enerji təhlükəsizliyimizə və Azərbaycanla münasibətlərimizə təhdiddir. Müqavilənin bəndlərini ilk olaraq kimin dərc etməsi məlumdur. O, energetika sahəsində heç vaxt çalışmamış və indi də özünü həmin sahədə ekspert elan etmiş şəxsdir. Heç kimi ittiham etmək istəmirəm, odur ki, ad çəkməyəcəm”.
Dobrev iddia edir ki, artıq Azərbaycan tərəfi məlumatın sızmasının onun maraqlarını pozduğuna dair məktub yollayıb. Yəni, təhlükə var ki, müqavilə ləğv olunacaq.
«Azərbaycandan məlumat var. Biz bu adamlarla 10 ildir çalışırıq. Onlar çox məyus olublar. Onlar narahatdırlar. Məktubda bizim hökumətimizdən günahkarları cəzalandırmaq üçün ölçülər götürmək xahiş olunur”, - o, bildirib.
Eyni zamanda “Biz islahatları davam etdiririk”, - parlament qrupunun sədri Andrey Qyurov bildirib ki, Azərbaycanın göndərdiyi məktubu görməyib.
«Biz qiyməti 60 faiz ucuz olan Azərbaycan qazını təkcə itirməmək üzərində yox, həm də qazın həcmini artırmaq üzərində çalışırıq”, - Qyurov deyib.(virtualaz.org)