Ana Sayfa > Karusel / Gündəm > QİÇS-lə Mübarizə Mərkəzində xəstələrin dərmanı kəsilir?

QİÇS-lə Mübarizə Mərkəzində xəstələrin dərmanı kəsilir?


30-12-2021, 18:33. Yazar: Admin

QİÇS-lə Mübarizə Mərkəzində xəstələrin dərmanı kəsilir?

“QİÇS-lə Mübarizə Mərkəzində xəstələrə verilən dərmanlar kəsilir. Dövlətin adından istifadə edərək bizə cəmi bir aylıq dərmanlar verirlər”.

Bu iddia ilə Qarabaginfo.az-a Bakı sakini Şəhriyar Qasımov müraciət edib. 

O bildirib ki, qeydiyyatda olduğu Mərkəzdə əvvəlcə altı aylıq dərmanlar verilsə də, sonradan bu müddət bir aya salınıb:

“Mən QİÇS-lə Mübarizə Mərkəzinə müraciət edəndə bildirdilər ki, hələ dərmanlar gəlməyib, hər ilin sonu gəlir. Mənə verilən dərmanın son istifadə tarixi 2023-cü ilədək idi. Soruşdum ki, əgər dərmanlar gəlmirsə, son istifadə tarixi iki il sonraya aid dərman necə verilə bilər? Burada oyun oynanılır.

Mən elə adam tanıyıram ki, dövlət ona altı aylıq dərman verir, altı aylığın pulunu verir və bir illik dərmanını götürüb, çıxıb gedir Türkiyəyə. Burada mənim və mənim kimi insanların dərmanını kəsib onlara verirlər. Deyirlər ki, dərman bir aylıq verilir...”

Şikayətçi bildirib ki, indiyə qədər bir dəfə altı aylıq dərman alıb. Əgər həmin vaxt bununla bağlı məsələ qanunda yox idisə, həmin vaxt dərmanın necə verildiyi sual doğurur.

Şikayətlə bağlı Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müraciət etdik. Mərkəzdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, bütün xəstələr kimi, Şəhriyar Qasımov da antiretrovirus preparatları ilə təmin edlir: 

“Monitorinq müayinələrinə və preparatların alınması üçün gəlişlərində gecikmələrə yol verildiyinə görə xəstələrin monitorinqarası müddəti bir ayadək qısaldılıb və dərman buraxılışı bu müddətə uyğun təyin edilib.

Məlumat üçün bildirilir ki, pandemiya dövründə sərt karantin rejimini nəzərə alaraq, pasiyentlərə dərmanlar altı aylıq verilib. Hazırda yalnız nadir istisna hallarında, xəstə uzun müddətə ölkəni tərk etdiyi hallarda, müvafiq sənəd təqdim etdikdə və eyni zamanda, tibbi vəziyyət imkan verdikdə və müalicəyə yüksək sadiqlik nümayiş etdirdikdə preparat ehtiyatı Mərkəz rəhbərliyinin icazəsi ilə altı aylıq verilə bilər”. 

Mərkəzdən ərizəçinin maddi maraq qarşılığında altı aylıq dərman almaq imkanının olması iddiasına belə cavab verilib: “Bu, həqiqəti əks etdirmir, müəssisə ünvanına söylənən iftiradır.”


Geri dön