“Paşinyanın fəaliyyəti ölkənin təhlükəsizlik sisteminin dağılmasına yönəlib. O, sistemi məhv edir”.
Qarabaginfo.az erməni mediasına istinadən xəbər verir ki, bu fikirləri “Şərəfim var” fraksiyasından olan deputat Tiqran Abramyan səsləndirib:
“Müharibə başa çatdıqdan sonra 4 müdafiə naziri dəyişib. David Tonoyan həbs edilib, Vaqarşak Arutyunyan diplomatik iş üçün müraciət edib, Arşak Karapetyan haqqında heç nə məlum deyil, indiki nazirin fəaliyyətindən və prioritetlərindən heç kimin xəbəri yoxdur. Artıq bir aydır ki, Ermənistanda yeni müdafiə naziri var, lakin əvvəlkilər kimi Papikyan da susur” – Tiqran Abramyan vurğulayıb.
Erməni deputat qeyd edib ki, Papikyanın fəaliyyəti ilə bağlı cəmi bir neçə rəsmi məlumat dərc olunub. İndiyə qədər onun rəhbərlik etdiyi sistemin bərpası, müharibənin nəticələrinin aradan qaldırılması istiqamətində hansı addımlar atdığı ilə bağlı bir kəlmə də yoxdur. Onun prioritetlərinin nədən ibarət olduğunu, hansı real proqramları və fəaliyyəti həyata keçirmək istədiyini başa düşməliyik” – Abramyan əlavə edib.
“Paşinyanın 2018-ci ildən sonrakı fəaliyyəti təhlükəsizlik sisteminin dağılmasına yönəlib. Onun bütün təşəbbüsləri nəinki iflasa uğrayıb, həm də onilliklər boyu yaradılanları məhv edib. Paşinyan sistemi dağıtmaqda israrlıdır. Bu işdə hakim komandanın bütün üzvləri məsuliyyət daşıyacaqlar” – deyə Tiqran Abramyan fikirlərini tamamlayıb.(Konkret.az)