Ad günü bir insan haqqında söz demək üçün ən münasib vaxt, ən gözəl “bəhanə”dir. Sözsüz ki, həmin kəsin xoş sözə haqqı varsa. Haqqında kiçik təbrik yazısı yazacağım adam, Hikmət Xudiyev bu haqqı çoxdan qazanıb...
Biz bir mühitin, bir məkanın, bir peşənin, kiçik bir fərqlə bir zamanın adamlarıyıq. Amma bunların hamısına toxunmayacam. Bu kiçik yazıda Hikmət Xudiyevin yaradıcılıq mühitindən bəzi məqamları açıqlayacam.
Hələ Xankəndində Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə oxuyanda, daha sonra Xankəndi Pedaqoji İnstitutunda təhsil alanda Hikmt Xudiyevin ara-sıra respublika qəzetlərində yazıları dərc olunurdu. Həmin dövrdə çox az sayda olan qəzetlərdə müllif kimi görünməyin nə demək olduğunu o illərdə yaşayanlar yaxşı bilirlər.
Zaman keçdi, Hikmət müəllim öz həyatını daxili işlər orqanlarına bağladı, amma qələm də kənarda qalmadı. Vəzfəsindən, titulundan, rütbəsindən asılı olmayaraq, hətta bəzən “paqon” adamı kimi mətbuatda çıxış etməyinə məhdudiyyət tətbiq edilməsinə baxmayaraq yazılarını, düşündüklərini, yaradıcılığını içində boğmadı.
Vətən və qəhrəmanlıq mövsusunda, Azərbaycanı dünyada tanıdanlar haqqında yazdığı kitablarla Hikmət Xudiyev mövzu seçimini heç vaxt dəyişməyib. “Azərbaycanın ilk milli qəhrəmanları”, “Azərbaycan polisinin qəhrəmanları”, 4 cildlik “Odlu tarix”, “Doktor İbrahim Yıldırım” Ağdamım el ağsaqqalı, ağır müharibə yolları keçmiş Zülfüqar Səfərəliyev haqqında yazdığı kitab və s. iyirmidən artıq müəllifi olduğu əsərlərdə 30 ildən artıqdır ki, bu ənənə davam etdirilib, gərgin araşdırmalar və yüksək peşəkarlıqla. Bu gün də belədir, qələmin mövzu istiqaməti sabit və dəyişməzdir.
Yazı masamın üstündə bir kitab var, “Milli Qəhrəman Polad Həşimov”. Müəllifi Hikmət Xudiyev. Bu kitab onun qəhrəmanlarımızdan bəhs edən növbəti kitabıdır. Qəhrəmanlar haqqında çox yazılıb. Amma etiraf edək ki, bu mövzuda yazılan yazılarda hər yazı qəhrəmanın səviyyəsində yazılmayıb. Ümumiyyətlə, bir qəhrəman haqqında yazını oxuyanda onu hiss etməlisən, onun həyatı, döyüş yolları gözlərində canlanmalıdır, canını vətəninə qurban edən şəhidin torpaq üstünə tökülən qanının rəngini qara rəngli hərflərdə görməlisən, duymalısan. Yuxarıda adını çəkdiyim kitabda sadaladığım məqamlar bütün çılpaqlığı ilə hiss olunur. Nəinki Polad qəhrəmanlığı, hətta qəhrəmanın anası Səmayə xanımın titrək səsi, göz yaşları kitabın səhifələrindən oxucunun ürəyinə süzülür. Bu cür həssas, kövrək məqamlara Hikmət Xudiyevin yaradıcılığında tez-tez rast gəlmək olar.
Bəli, Hikmət müəllimin qələmi vətən oğullarından, qəhrəmanlarımızdan güc alır.
Bu gün Hikmət müəllimin doğum günüdür. Həyatda özünü təsdiq edən adama nə arzulamaq olar? Sözsüz ki, ilk növbədə sağlamlıq, firavan həyat, doğmaları və dostları ilə birgə uzun illər.
Bu arzularla yanaşı mənim bir arzum da var. Allahın dərgahına qovuşan anamız Şura xanımın, böyük qardaşımız Nazim müəllimin həyata keçməyən bir istəklərini gerçəkləşdirmək, Xankəndindəki ata məzarı qarşında Hikmət müəllimlə birgə qoşa dayanmaq. Lap o məzar dağıntılara, erməni vəhşliyinə məruz qalsa da belə. Yüz yaşa və yüz yaşayaq ki, həyatda olmayan doğmalarımızın ruhlarını şad edə bilək.
Qısa, amma səmimi təbriklərimi qəbul et. Doğum günün mübarək!