Qarabaqinfo.az-ın “Bir şəklin tarixçəsi” rubrikasında bu fotonu təqdim etməsinə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqin saytımıza müsahibəsi səbəb oldu.
Cənab səfir müsahibəsində yarızarafat-yarıciddi alman futbolsevərlərin 1966-cı ildə baş verən hadisəni 55 il keçməsinə baxmayaraq hələ də unuda bilmədiklərini və azərbaycanlı futbol hakimi Tofiq Bəhramovu bağışlamaqda çətinlik çəkdiklərini deyib.
“Alman futbolsevərlərin bağışlamağa çətinlik çəkdiyi bircə şey var: 1966-cı ildə Qərbi Almaniyanı “Dünya çempionu” titulundan məhrum edən məşhur “Wembley-qolu“ sovet futbol hakimi tərəfindən qeydə alınmışdı - onun adı Tofiq Bəhramov idi!”.
Yəqin ki, yaşlı futbol azarkeşləri bu hadisə haqqında məlumatlıdır. Amma səfinin açıqlaması bizi bir daha həmin olayı yada salmağa məcbur etdi.
Zaman 1966-cı il… Məkan məşhur "Uembli" stadionu…
Dünya çempionatının final oyununda İngiltərə-Almaniya qarşılaşmasının əsas vaxtı 2:2 hesabı ilə başa çatır. Oyunun əlavə vaxtında SSRi-dən olan azərbaycanlı yan xətt hakimi Tofq Bəhramov İngiltərə millisinin oyunçusu Ceff Herstin vuruğu mübahisəli qolu qeydə alır.
Həmin an oyunun əsas hakimi ingilis futbolçunun zərbəsindən sonra tirə dəyərək yerə düşən topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirə bilməyəndə yan xətt hakimi Bəhramov mərkəzə doğru qaçmaqla qolu qeydə alır. Tofq Bəhramovun bu qərarı almanların etirazına səbəb olur və onlar azərbaycanlı hakimin üzərinə gedərək, onu geri şəkilməyə məcbur etməyə çalışırlar. Amma Bəhramov öz qərarına israr edir.
Bu qərar almanların böyük narazılığına, ingilislərin isə böyük sevincinə səbəb olur.
Beləliklə, İngiltərə yığması əlavə vaxtda 3:2 hesabı ilə önə keçir.
Əfsanəvi futbolçu Ceff Herst isə bundan daha da ruhlanır və oyunun sonunadək bir qol da vuraraq, İngiltərəyə 4:2 hesablı qələbə qazandırır.
Yan xətt hakimi Tofiq Bəhramov bu oyundan sonra Böyük Britaniya kraliçası tərəfindən "Qızıl fit" mükafatına layiq görüldü. O dövrlər isə bu mükafatı yalnız baş hakimlərə verirdilər. Bu mənada Bəhramov laysman kimi “Qızıl fit” almış yeganə hakim kimi dünya futbol tarixinə düşdü.
Məşhur ingilis yazıçısı Artur Hopkraft isə sonralar özünün "Futbol adamı" kitabını həmyerlimizə həsr etdi. Həmin kitabda yazılır: “Bəhramov bayrağını qaldıranda təkcə "Uembli" deyil, bütün İngiltərə onun ayaqları altında idi. Hamı fikirləşirdi: Bu rus nə istəyir? Ancaq üstündən 10 illərlə vaxt keçəndən sonra hamı başa düşdü ki, o, rus deyil, möcüzəli bir ölkənin, Azərbaycanın oğludur. Sonradan futbolçular mənə etiraf edirdilər ki, onlar özlərini yan xətt hakimini qaçıb qucaqlamaqdan zorla saxlamışdılar. Onlara verilən bu hədiyyəyə görə yox, öz işini peşəkarcasına yerinə yetirdiyinə görə".
Həmin hadisədən illər keçsə də, ingilislərin vurduğu topun qapı xəttini keçib-keçməməyi ilə bağlı müzakirələr bitib-tükənmir.
55 il sonra – 2021-ci ildə Almaniyanı Azərbaycanda təmsil edən səfir Volfqanq Maniqin bir daha bu hadisəni yada salması almanların doğrudan da Bəhramovu bağışlaya bilmədiyini deməyə əsas verir.
Qeyd edək ki, o məşhur qolun müəllifi Ceff Herst (İngiltərə) və o qolu buraxan qapıçı Hans Tilikovski (Almaniya) 45 il sonra – 2011-ci ildə Bakıya gəlmiş, Tofiq Bəhramovun heykəli qarşısında şəkil çəkdirmişdilər.
1966-cı il "Uembli" stadionu… Alman futbolçular Bəhramova etiraz edirlər...
2011-ci ilin iyunu - o məşhur qolu vuran Ceff Herst (İngiltərə) və o qolu buraxan Hans Tilikovski (Almaniya) 45 il sonra Bakıda...(modern.az)