Ana Sayfa > Karusel / Siyasət > Ərdoğan lirəni “diriltdi“ - Türkiyəni nə gözləyir?

Ərdoğan lirəni “diriltdi“ - Türkiyəni nə gözləyir?


21-12-2021, 17:21. Yazar: Admin

Ərdoğan lirəni “diriltdi“ - Türkiyəni nə gözləyir?

Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dekabrın 20-də Nazirlər Kabinetinin iclasının keçirilməsindən dərhal sonra türk lirəsi yenidən dəyər qazandı. Dünən səhər 1 dollar 18,5 lirə idisə, axşam bu rəqəm 13,5 lirə təşkil etdi. 

Lirənin kəskin bahalaşması nə ilə bağlıdır? Bu proses nə qədər davam edəcək?

İnzibati müdaxilə yolu ilə lirənin dollar qarşısında duruşunu uzun müddət təmin etmək mümkün olacaqmı?

İqtisadi ekspert Elmir Səfərli Yenisabah.az-a açıqlamasında deyib ki, Ərdoğanın çıxışından sonra türk lirəsi müəyyən qədər də olsa, dəyər qazanmağa başladı:

“Dekabr ayının 20-də prezident Rəcəb Tayyip Erdoğanın çıxışından sonra demək olar ki, lirə dəyər qazanmağa başladı. Verilən yeni depozit qaydalarına görə, əhali depozitini 6 ay TL şəklində bankda saxladığı təqdirdə kurs faizindən yaranmış fərqin 50 %-i, bir ilə isə 100%- i geri ödənəcəkdir. Bu qərar müəyyən qədər də olsa lirənin dəyər qazanmağına imkan yaratdı”.

Ekspertin sözlərinə görə, bu proses uzun sürməyəcək:

“Türk lirəsi müəyən müddət sonra yenidən dəyər itirməyə başlayacaq. Burada əsas strategiya, insanların banklardan depozitlərini çəkib, ABŞ dollarına konvertasiya etməsinin qarşısını almaqdır. Burada önəmli bir sual ortaya çıxır. Bu faiz fərqini kim ödəyəcəkdir? Bankların bu qərara görə hansısa maliyyə resursu ayıracağını və eyni zamanda bu addımın marağında olacağını düşünmürəm.

Hesab edirəm ki, proses yenə də dövlət tərəfindən idarə olunacaq. Bu isə büdcə xərclərinin birbaşa artması deməkdir. Növbəti mərhələ üçün Türkiyə iqtisadiyyatını daha da riskə atacaq”. 

E.Səfərli qeyd edib ki, lirənin dəyər qazanması üçün bir çox şərtlərin həyata keçirilməsi zəruridir:

“İlk növbədə ölkə içərisində lirəylə bağlı verilən qərarlara daxili inamın olması çox önəmlidir. İkincisi, ölkə içərisində inflyasiya həddinin azalması üçün stratejik addımlar atılmalıdır. Üçüncüsü, banklara qoyulacaq xarici valyutada depozitlərin həcmi çox önəmlidir. Dördüncüsü, ixrac potensiallı məhsulların istehsalı üçün lazımlı xammalın idxaldan asılılığını uzun müddət üçün azaltmaq lazımdır. Beşinci, ölkəyə müəyyən xarici investisiyaların gətirilməsi üçün uyğun siyasi qərarlar verilməlidir. Bu faktorlar ilkin mərhələdə həll olduğu təqdirdə, lirənin dəyər qazanmasına şahid ola bilərik. Əks təqdirdə, yenə də lirə dəyər itirməyə davam edəcəkdir”.

 

Ərdoğan lirəni “diriltdi“ - Türkiyəni nə gözləyir?

Geri dön