Ana Sayfa > Karusel / Gündəm > Qarabağa qayıdışın effektivliyi üçün yeni elektron idarəetmə sistemi yaradılır
Qarabağa qayıdışın effektivliyi üçün yeni elektron idarəetmə sistemi yaradılır21-12-2021, 11:23. Yazar: Admin |
Azərbaycan dünyaya nümunə olacaq daha bir layihəni həyata keçirməyə hazırlaşır: işğaldan azad edilmiş ərazilərə - yenidən qurulan və bərpa olunan tarixi torpaqlarımıza Böyük Qayıdış başlanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli sərkərdəliyi, rəşadətli ordumuzun hərbi qüdrəti sayəsində, igid oğullarımızın canı-qanı bahasına düşməndən alınan şəhər və kəndlərimizə yeni həyat qayıdacaq. Bu layihə də dünyanın inkişaf trendinə uyğun işlənir və ən müasir texnologiyaların tətbiqi ilə reallaşdırılacaq. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, dövlətimizin başçısının tapşırıqlarının icrası ilə əlaqədar olaraq, Böyük Qayıdışın mühüm tərkib hissəsinin – repatriasiya və reinteqrasiya prosesinin effektivliyini təmin etmək üçün zəruri tədbirlər görür. Bunlardan biri də müvafiq elektron idrarəetmə sisteminin yaradılmasıdır. Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov deyib ki, Böyük Qayıdış mürəkkəb və məsuliyyətli işdir: "Dövlət Komitəsi də bu sahədə funksional vəzifələrini yerinə yetirməyə hazırdır, bu prosesin çevik, effektiv və şəffaf şəkildə aparılmasına nail olmaq üçün tədbirlər həyata keçirir. Belə ki, komitədə məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı və daimi yaşayış yerlərində dayanıqlı məskunlaşması məqsədilə hazırlanmış “İLK (İnamlı, Ləyaqətli, Könüllü) addım” layihəsi çərçivəsində “Qayıdış və reinteqrasiya” elektron idarəetmə sisteminin yaradılması üzərində işlər yekunlaşır. Komitədə hazırlanmış və müvafiq qurumlara təqdim olunmuş “İşğaldan azad edilmiş ərazilərə qayıdış və reinteqrasiya haqqında” Azərbaycan Respublikası Qanununun, qayıdış və reinteqrasiya proseslərinin aparılması üçün normativ-hüquqi aktların layihələrində köçürülmənin, daimi məskunlaşmanın və reinteqrasiyanın müəyyən olunan meyarları və prinsipləri təsdiq edildikdən sonra yeni sistemin alqoritmləri ilə sinxronlaşdırılacaqdır. Məlum olduğu kimi, dövlət başçısının tapşırığı əsasında, işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması zamanı ən müasir texnologiyalar tətbiq edilir. “Ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji zonası” yaradılması kimi innovativ layihlərin icrasına başlanılıb. “Ağıllı kənd” layihəsi üzrə Zəngilan rayonunun Ağalı kəndində, ilkin mərhələdə, 200 fərdi yaşayış evi inşa edilir və sosial-texniki infrastruktur yaradılır. Komitə Ağalıya qayıdış prosesini məcburi köçkünlərin vahid məlumat bazasından və “elektron hökumət”ə inteqrasiya olunmuş, müxtəlif qurumlara aid servislərdən istifadə etməklə yeni qurulmuş “Qayıdış və reinteqrasiya” elektron idarəetmə sistemi ilə aparmağa hazırlaşır". O qeyd edib ki, komitənin strukturunda İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsi son dövrdə yaradılıb: "Bundan sonra məcburi köçkünlərin uçotu elektronlaşdırılıb və onun əsasında vahid məlumat bazası formalaşdırılaraq, “elektron hökumət” və digər dövlət qurumlarının informasiya bazaları ilə inteqrasiya edilib. Hər bir məcburi köçkünə aid məlumatların toplanıldığı vahid elektron məlumat bazası komitədə funksional fəaliyyətin çevikliyini və operativliyini yüksəltməklə, həm də idarəetməni asanlaşdırıb. İki ildir ki, komitədə sənəd dövriyyəsinin elektron sistemi tətbiq edilir". Müşavir bildirib ki, məcburi köçkünlərin statusu və müvafiq vəsiqəsi, müavinət təminatı, kommunal ödənişləri haqqında məlumatlar ayrı-ayrılıqda elektronlaşdırılıb: "Bu e-xidmətlərdən dövlət qurumları istifadə edirlər. Vətəndaşlara isə my.gov.az elektron sistemindən məcburi köçkün statusu haqqında arayış əldə etmək imkanı yaradılıb. “Qayıdış və reinteqrasiya” elektron platformasının yaradılması ərəfəsində, qayıdışa hazırlıq məqsədilə komitənin keçirdiyi sorğular əsasında əldə olunmuş əlavə məlumatlar da daxil edilməklə məcburi köçkünlərin vahid məlumat bazası daha da təkmilləşdirilir". N.Nərimanov vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərə qayıdış uzunmüddətli prosesdir: "Söhbət yüz minlərlə həmvətənimizin daimi yaşayış üçün öz ata-baba yurduna qaytarılmasından, özü də beynəlxalq səviyyədə qəbul edilən təhlükəsizlik, könüllülük və layiqli həyat şəraitinin təmin edilməsi prinsipləri əsasında qaytarılmasından gedir. Qayıdışın və reinteqrasiyanın həyata keçirilməsi üçün yaradılan yeni elektron sistemin bu prosesin gedişində qazanılan təcrübə əsasında daha da təkmilləşdirilməsi nəzərdə tutulur. Sonrakı mərhələdə dayanıqlı məskunlaşmaya, məşğulluğun təmin olunmasına, reinteqrantlara xidmətlərin göstərilməsinə dəstək verəcək mobil tətbiqin hazırlanması da gündəlikdədir".report Geri dön |