44 günlük müharibənin başa çatmasının birinci ildönümü ötən ay qeyd edildi. Azərbaycan Ordusunun möhtəşəm zəfəri ilə işğal altındakı ərazilərimizin böyük hissəsi azad olunsa da, postmüharibə dövrü üçün həllini gözləyən məsələlər kifayət qədər çoxdur. 

Ən əsası, ermənilərin savaşı sonlandıran üçtərəfli bəyanatın bir neçə vacib bəndini yerinə yetirilməmələri barmaqların tətikdən götürülməsinə hələ də imkan vermir. Bəyanatın əksinə olaraq, Qarabağdakı erməni terror birləşməsi öz mövcudluğunu davam etdirir. Bununla da qalmayaraq, imkan düşdükcə, ara-sıra mövqelərimizə hücum etmək cəsarəti göstərirlər.

Qarabağda separatçı rejim faktik fəaliyyətdədir. Bölgəyə yeridilmiş Rusiya hərbi kontingenti Qarabağda addım-addım “rus dünyası” qurur. Bu işlərlə yanaşı, separatçılara hərtərəfli dəstək verir, hər addımda himayəsini gözə soxur. Rus hərbçilər Qarabağdakı ermənilər üçün həm də uzunmüddətli sosial-humanitar proqramın icraçıları kimi davranırlar.

Separatçıların lideri Araik də Xankəndidə işinin başındadır. “Azərbaycanın tərkibində olmayacağıq” məzmunlu sərsəm bəyanatlar verərək, özünü tez-tez xatırladır. Qarabağa qayıdan, qaytarılan sıravi ermənilər də aşağı-yuxarı eyni düşüncədədirlər. Yəni Azərbaycana və bizlərə düşmən münasibətlərini nəinki dəyişiblər, əksinə, bir qədər artırıblar…

Ermənilərin bizə yönəlik bu yanaşmalarının qarşısına yenə də adekvat tövrlə çıxmırıq. Təbii ki burada fikrin cəm şəklində ifadə olunması bütöv xalqın münasibətini əks etdirmir. Söhbət rəsmi status daşıyan ayrı-ayrı fərdlərdən gedir. Onların önündə isə deputat mandatı ilə Xankəndini təmsil edən Tural Gəncəliyevdir.

Adam bir ara “Qarabağ erməniləri ilə inteqrasiyanı gücləndirmək üçün” erməni dilini öyrənməyimizi təşviq edirdi. Sanki ermənilər bizim deyil, biz onların bayrağı altına keçməliymişik… Əlbəttə, deputatın bu yanaşması yetərincə tənqid edildi. Amma o tənqidlərin bir nəticəsi olsaydı…

Bu dəfə Gəncəliyevin köməkçisi Samir Məmmədov patronundan da irəli gedərək “Eurovision Junior-2021”in qalibi olan erməni ifaçını sosial şəbəkədə təbrik etməyə tələsib. Özü də Gəncəliyevin tövsiyəsinə uyğun qaydada, ermənicə… “Musiqi dünyəvidir, təbriklər, Malena”, – Məmmədov yazıb.

Malenanın Azərbaycanda (Qarabağda), yoxsa Ermənistanda doğulduğunu heç araşdırmadım. Qız Azərbaycanda doğulmuş olsa belə, bu, onu təbrik etmək üçün səbəb deyil. Çünki öz ölkəsinin deyil, Azərbaycanla müharibə vəziyyətində olan Ermənistanın bayrağını qaldırıb. Əgər Ermənistanda doğulubsa və o ölkəni təmsil edibsə, yenə də təbrikin yeri yoxdur. Nə münasibət?

Hə, Məmmədov da Gəncəliyevsayağı “ağ qarğa” obrazında sülh çarçısı kimi görünmək istəyibsə, deməli, zaman anlayışını itirib. Yox, özünü haqlı sayırsa, o halda deputatla birlikdə Xankəndiyə, seçicilərinin görüşünə getsin.

Gedə biləcəksə, onda nəyin nə olduğunu mütləq görəcək…

(Yenicag.az)