Ana Sayfa > Karusel / Yazar > Serjikin timsah göz yaşları - 5 min qurulmayan erməni ailəsi və...
Serjikin timsah göz yaşları - 5 min qurulmayan erməni ailəsi və...19-12-2021, 23:17. Yazar: Admin |
Ermənistanda müxalifətinin radikal qanadlarından olan Respublikaçılar Partiyasının (ERP) növbəti qurultayı olub. Gerbi faşistlərin “svastika”sından fərqlənməyən partiyaya bu dəfə də Xocalı hərbi canisi Serjik Sərkisyan sədr seçilib. Göründüyü kimi, əli nəinki Azərbaycan xalqının, öz xalqının da qanına bulaşmış bu zat Ermənistanın siyasi səhnəsindən həmişəlik yox olmaq əvəzinə, utanıb-qızarmadan hələ də siyasətdən yapışıb, nəyəsə ümid edir. Əgər onun kimi avantürist-cinayətkarlara hələ də Ermənistanda sifariş varsa, siyasi mühitdə yer tapılırsa, demək ki, bu toplumun bəlaları bitməyib. Çünki ən yaxın tarix məsələsi var... Bəllidir ki, Serjik prezident kürsüsünü 2008-ci ilin martında seçkilərin saxtalaşdırılması nəticəsində ələ keçirmişdi. Daha doğrusu, hakimiyyəti Qarabağ klanının başqa bir odioz üzvü, Xocalı soyqırımının digər təşkilatçısı və icraçısı Robert Köçəryandan almışdı. Buna etiraz edən nümayişçilərə isə İrəvan küçələrində divan tutulmuş, 10 etirazçı öldürülmüşdü. Tutulanlar arşında indiki baş nazir Nikol Paşinyan da var idi. 2 prezidentlik müddəti (10 il) bitəndən sonra – 2018-ci ildə isə S.Sərkisyan konstitusiya dəyişiklikləri hesabına xunta rejiminin ömrümü uzatmağa çalışsa da, Paşinyanın başçılıq elədiyi inqilabi hərəkat nəticəsində devrildi. Odu-budu, Serjik ali hakimiyyətə yaxın düşə bilmir. Ölkədə iki erkən parlament seçkiləri (2018 dekabr, 2020 iyun) keçirilsə də rəhbəri olduğu keçmiş hakim partiya parlamentdə barmaqla sayılacaq deputat yerlərinə sahibdir. 2018-ci il seçkilərində, ERP ümumiyyətlə seçki baryerini aşıb parlamentə düşə bilməmişdi. Səbəb çox sadədir. Serjikin başçılıq elədiyi və partiya adlandırılan bu bandaya erməni cəmiyyətinin əksər kəsimində rəğbət yoxdur. Təkcə ona görə yox ki, Qarabağ klanının 20 illik hakimiyyəti illərində (1998-2018) ölkədə korrupsiya, özbaşınalıq çiçəklənib və əhalinin güzəranı pisləşib, bunlar öz yerində, həm də o səbəbı ki, özündənrazı Sərkisyan-Köçəryan tandemi iki on illik (!!) ərzində Qarabağ məsələsinin ədalətli həlli yönündə heç bir iş görməyib, vaxtı mənasız yerə uzadıb. Halbuki Bakı Azərbaycan ermənilərinə dünyada analoqu olmayan, ən yüksək muxtariyyət verməyə hazır idi.
Çıxışdan sitat: “Artıq 5000 erməni gənci heç vaxt öz toyunda rəqs etməyəcək, 5000 erməni ailəsi qurulmayacaq, uşaq doğulmayacaq. Bu demoqrafik faciəyə minlərlə günahsız insanın həyatına son qoyan pandemiya fəlakəti də əlavə olundu. Reallıq belədir ki, hazırda ölkədən gedən hər 5-ci sərnişin Ermənistanı həmişəlik tərk edir və bu, “rekord” göstəricidir. Reallıq budur ki, bu gün Ermənistanda hər 3-cü adam yoxsuldur və son 2 ildə bu göstərici kəskin şəkildə pisləşib. Dünya Bankının yoxsulluğun yuxarı həddinə görə isə, Ermənistan əhalisinin 47,6%-i yoxsulluq içindədir”. “Timsah göz yaşları” yəni.
Bəs bu qurulmayan 5 min erməni ailəsinə görə (biz hələ qurulmayan, məhv edilən Xocalı ailələrini demirik!) əsas baiskar kimdir? Əlbəttə ki, 20 il öz xalqını cənnət nağılları ilə, “miatsum” əfsanəsi ilə yuxuya verən hərbi canilər - Sərkisyan və onun yaramaz əqidə ortağı Köçəryan!.. Bu yerdə onun Xocalı soyqırımı ilə bağlı illər öncə britaniyalı konfliktoloq Tomas de Vaala müsahibəsində işlətdiyi məşhur fikri yada salmamaq olmaz. Serjik özünə xas əda və təkəbbürlə demişdi: “Xocalı hadisələrinədək azərbaycanlılar elə bilirdilər ki, biz uşaqlara, qadınlara, dinc əhaliyə əl qaldırmarıq. Ancaq onlar yanıldılar”. Amma Serjik tam əmin ola bilər. Daha heç kim nə yanılıb edəsidir, nə də onun qurultayda tökdüyü “timsah göz yaşları”na inanası... Zahid SƏFƏROĞLU "Yeni Musavat" Geri dön |