Ana Sayfa > Karusel / İqtisadiyyat > Hökumət kərə yağına görə güzəştin müddətini uzatdı, bəs keyfiyyət?

Hökumət kərə yağına görə güzəştin müddətini uzatdı, bəs keyfiyyət?


18-12-2021, 08:54. Yazar: Admin

 

Dükan-bazarda satılan məhsulun mənşəyi ilə bağlı ciddi suallar hələ də öz aktuallığını saxlayır...

Azərbaycan hökuməti kərə yağı və komponentlərinin idxalına tətbiq olunan gömrük güzəştlərinin müddətini uzadıb. Xatırladaq ki, Nazirlər Kabinetinin 2017-ci ilin noyabrında qəbul etdiyi qərara əsasən adı çəkilən məhsulların idxal gömrük rüsumu 15 faizdən 5 faizə endirilmişdi.

Qərarın qüvvədə olma müddəti bu il bitdiyinə görə Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb. Bu qərarla güzəştlər bu ilin sonundan 2023-cü ilin sonunadək uzadılıb.

Nazirlər Kabinetinin yaydığı açıqlamaya əsasən qərar daxili bazarda kərə yağının qiymətinin artımına yol verilməməsi üçün kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının idxalına tətbiq olunan rüsum güzəştinin qüvvədə olma müddətinin uzadılması məqsədilə qəbul edilib: “Qərarın qəbul edilməsi ilə kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının idxalı üzrə rüsum güzəştinin qüvvədə olma müddətinin uzadılması nəticəsində istehlak qiymətlərində sabitliyin təmin olunması və kərə yağı məhsulları ilə təminatın səviyyəsinin qorunub saxlanılması proqnozlaşdırılır”.

Məlumdur ki, son bir ildə bütün dünyada ərzaq məhsullarının kəskin bahalaşması müşahidə olunmaqdadır. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) hesablamalarına əsasən bu ilin noyabrında Qlobal Ərzaq Qiyməti İndeksi oktyabr ayı ilə müqayisədə 1,2 faiz, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 27,5 faiz artmaqla 134.4 bənd təşkil edib. Bu zaman ən yüksək artım nümayiş etdirən məhsullardan biri süd məhsullarıdır. Noyabrda Süd Məhsullarının Qiymət İndeksi oktyabr ayı ilə müqayisədə 3.4 faiz (4.0 bənd), ötən ilin noyabr ayı ilə müqayisədə isə 19.1 faiz (20.1 bənd) artmaqla orta hesabla 125.5 bənd təşkil edib. FAO-nun məlumatına görə, dünyada kərə yağı və süd tozuna qlobal idxal tələbi yüksək olaraq qalır.

Əksər bazarlarda satılan yağların kərə yağı ilə heç bir əlaqəsi yoxdur" — AÇIQLAMA - Azad söz

Dövlət Statistika Komitəsinin tərtib etdiyi ərzaq balansından aydın olur ki, 2020-ci ildə Azərbaycanın kərə yağı ilə özünütəminat səviyyəsi 62,7 faiz təşkil edib. Bu isə o deməkdir ki, ölkənin bu məhsulla təminatının 37,3 faizi idxal hesabına təmin olunur. Buna görə də kərə yağı idxalı 2018-ci ildəki 9,7 min tondan 2020-ci ildə 15 min 39 tona çatıb. Yerli istehsal isə 23 638 tondan 24 622 tona qədər artıb.

Bu ilin 10 ayında ölkəyə 59 milyon 187,8 min dollar dəyərində  11 min 457,97 ton kərə yağı idxal olunub. Ötən ilin eyni dövründə idxal 60 milyon 874,83 min dollar dəyərində 12 min 299,67 ton təşkil etmişdi. Göründüyü kimi, bu il idxal 841,7 ton, dəyər ifadəsində isə 1 milyon 687,03 min dollar az olub. Yerli istehsala gəlincə, 2021-ci ilin yanvar-noyabrında Azərbaycanda kərə yağı istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artmaqla 23 min 501,3 ton təşkil edib. Dekabrın 1-nə anbarlarda hazır məhsul ehtiyatı 152,3 ton təşkil edib. Maraqlıdır ki, eyni dövrdə kərə yağı istehsalında əsas xammal olan süd istehsalında artım cəmi 1,4 faiz təşkil etməklə 1 milyon 999,3 min ton təşkil edib.

Saxta kərə yağını necə tanıyaq? - İşbazların əl atdığı hiylələr Yeni Sabah

Son illərdə kərə yağının qiymətindəki bahalaşma əhalinin bu məhsulun alışını azaltması ilə nəticələnib. Bu zaman əhali məcburən maye yağlara, yaxud spred və marqarinlərə üz tutur. Bunu rəsmi statistikadan da görmək olur. Belə ki, 2014-cü ildə ölkədə adambaşına illik kərə yağı istehlakı 4,7 kiloqram təşkil etsə də, 2018-ci ildə bu, 3,3 kiloqrama düşüb, 2020-ci ilədək cüzi artaraq 3,6 kiloqram təşkil edib. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının tərtib etdiyi qida normasına əsasən, sağlam inkişafı təmin etmək üçün bir nəfər il ərzində 7,2 kiloqram kərə yağı istehlak etməlidir. Bu isə o deməkdir ki, Azərbaycan əhalisi kərə yağını bu normadan 2 dəfə az istehlak edir.

Və bu az istehlak olunan yağın tərkibinə cəmiyyətdə inam çox aşağıdır. Belə ki, əhalinin əksər hissəsi pərakəndə satışdan aldığı kərə yağının əsl yağ olduğuna ciddi şübhə ilə yanaşır. Bir çox ekspertlər də qiymətlərin bahalaşması ilə yanaşı, yağın keyfiyyətindən narahatlıq ifadə edirlər. Onlar bildirirlər ki, istehsalçı olan ölkədə kərə yağı Azərbaycandan daha baha satılır, bu isə ölkəmizdə eyni adla satılan məhsulun saxta olmasından xəbər verir. Bununla yanaşı, Azərbaycanda satılan bəzi marka yağların adı istehsalçıların saytında və hətta İnternetdə belə tapılmır. Bəzi markalarda isə 82,5 faiz yağlılığın olması bəyan olunsa da, istehsalçıların saytında bu məhsulun yağlılığı 72 faiz kimi göstərilir.

Ekspertlərin fikrincə, kərə yağlarının keyfiyyətinə demək olar ki, heç bir qurum nəzarət etmir, istehlakçılarının kütləvi aldadılması baş verir. O da iddia olunur ki, kərə yağları həm Bakıda saxtalaşdırılır, həm də ölkəyə digər yerlərdən kərə yağı adı altında qarışıq yağlar gətirilir.

Rövşən Ağayev

Rövşən Ağayev

İqtisadçı-ekspert Rövşən Ağayev ölkəyə kərə yağı idxalında dair rəqəmlərlə bağlı ciddi şübhələrə səbəb olacaq araşdırma aparıb. O bildirir ki, “Comtrade” gömrük bazasındakı rəqəmləri tutuşdurarkən maraqlı fərqlər aşkarlayıb: “Əmtəə kodu 040510 olan kərə yağın ixrac-idxalına dair əsas ixracatçı ölkələrin məlumatları ilə bizim məlumatlar arasında ciddi fərqlər var. Məsələn, 2020-ci ilin yekunları üzrə Yeni Zelandiya gömrüyü göstərir ki, ötən il ərzində Azərbaycana təxminən 15.5 milyon dollar həcmində 3.7 min ton kərə yağı ixrac ediblər - hər kq 4.2 dollar. Azərbaycanın məlumatına görə, həmin dövrdə Yeni Zelandiyadan 34.4 milyon dollar dəyərində 7.1 min ton kərə yağı idxal edilib - hər kq 4.8 dollar. Ukrayna gömrüyü göstərir ki, 2020-ci ildə Azərbaycana 12.9 milyon dollar dəyərində 2.9 min ton kərə yağı ixrac olunub - hər kq 4.4 dollar. Azərbaycanın həmin dövrü üzrə Ukraynadan kərə yağ idxalı göstəricisi belədir: 19.5 milyon dollarlıq 3.9 min ton - hər kq 5 dollar. Hər 2 ölkə üzrə qarşlıqlı statistikada oxşar tərəf budur ki, onlarda həm dəyər, həm də natural həcm etibarı ilə daha az göstərilir, bizdə əksinə, daha çox. Az qala 2 dəfə fərq var. Hərçənd ki, hər kq hesabı ilə qiymətlər bir-birinə çox yaxındır.

Bu nəticə niyə belədir? Əgər əvvəlki dövrlərdəki kimi, bizdə az olsa idi, əsas ehtimal bu olacaqdı ki, kölgə iqtisadiyyatı idxalı gizlədir. İndiki nəticənin izahı nədir? Gömrüyün şəffaflaşmasının nəticəsimi? Yoxsa idxalatçılar saxta sənədlər əsasında 3-cü ölkələrdən aldıqları məhsulu bu 2 ölkənin adına rəsmiləşdirməyə imkan tapır? Tək Ukraynaya qalsa idi, ciddi şəffaflıq problemi olan postsovet ölkəsi kimi dərhal razılaşmaq olardı. Amma Yeni Zelandiya inkişaf etmiş ölkədir, bu qədər geniş miqyasda statistika saxtakarlığına və kölgə iqtisadiyyatına malik olması real görünmür".

Ərzaq məhsulları idxalı prosesinə bələd olan şəxslər isə hesab edir ki, bu fərqin olması bəzi məqamlara görə normal ola bilər: “Bu, bəzən eyni malın ixracatçı ölkədə başqa, idxalatçı ölkədə başqa təsnifat kodunda qeydiyyata alınması ola bilər. İkinci səbəb, idxalatçı ölkə o malı üçüncü olkədən də ala bilər. Məsələn, Yeni Zelandiya bizə 3 min ton yağ satıb. Bizim iş adamlarının bəzisi 2 min ton Yeni Zelandiya yağını Dubay azad iqtisadi zonasından ala bilər. Nəticədə statistika bizdə artır.

Üçuncü səbəb qeydiyyata düsmə tarixi ola bilər. Bəzən şirkət malı Poti kimi azad zonalarda anbarlara vurub, lazım olduqca Azərbaycana gətirir. Burda vaxt fərqi yaranır. Məsələn, yanvarın 10-u bizə giriş ola bilər, halbuki o yağ Zelandiyadan keçən ilin dekabrın əvvəli çıxıb. Və ya ixrac Gürcüstana olub, amma realda bir müddət sonra Azərbaycana gətirilib. Bizdə bu ilə düşdü statistika, onlarda keçən ilə. Qiymətdə də həmçinin fərqlərin olması mümkündür. Məsələn, alıcı ölkədə gömrük dəyəri deyəndə mal qiyməti + yol xərci birlikdə nəzərə alınır. Burda da 5-15 faiz əlavə qiymət fərqi normaldır".

Oxu.az - Azərbaycan bazarındakı bu yağların 90 faizi saxtadır - Sonumuz ola bilər

Azərbaycan bazarında satılan kərə yağlarına normadan artıq qatqıların qatılmasına gəlincə, qeyd olunur ki, idxalatçı şirkətlər hazır 100 faiz yağı və onun qatqılarını ayrılıqda idxal edir: “Yağ və qatqı burada xüsusi sexlərdə bir-birinə qatılır və paketlənir. Xaricdən yağ böyük dəmir çəlləklərdə yüz faizlik halda gəlir. Onun qatqılarını ayrıca gətirmək sərf edir”.

Qeyd edək ki, Azərbaycanda kərə yağı ilə bağlı tətbiq olunan standart beynəlxalq “Codex” standartı əsasında hazırlanıb və tətbiq olunur. Bu standart birbaşa istehlak üçün nəzərdə tutulmuş kərə yağına aid edilir. Standarta əsasən, kərə yağı xüsusi olaraq süddən alınmış və ya süd məhsullarından hazırlanmış, əsasən suda - yağ emulsiya tipli formaya malik yağ məhsuludur.

Onun hazırlanmasında əsas xammal süd və ya süddən alınmış məhsullar olmalıdır. Kərə yağının tərkibinə qatılmasına icazə verilən inqrediyentlər xörək duzu, təhlükəsiz laktan turşusunun başlanğıc kulturaları və ya qoxu yaradan bakteriyalar və içməli sudur. Tərkibində minimum süd yağının miqdarı - 80 faiz m/m, maksimum su miqdarı - 16 faiz m/m, maksimum qeyri-yağ tərkibli südün quru maddəsinin miqdarı - 2 faiz m/m olmalıdır.

Beləliklə, demək olar ki, bazarda satılan yağların bu standarta uyğunluğuna nəzarət düzgün tətbiq olunarsa, istehlakçılarda aldıqları məhsulun tərkibinə dair hər hansı şübhə yaranmaz...


“Yeni Müsavat”


Geri dön