Ana Sayfa > Karusel / Siyasət > XİN: Aİ Azərbaycanın ərazi bütövlüyünü onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dəstəkləyib
XİN: Aİ Azərbaycanın ərazi bütövlüyünü onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dəstəkləyib17-12-2021, 00:09. Yazar: Admin |
“Bəyannamədə Azərbaycan üçün əhəmiyyət kəsb edən bir sıra məsələlər əks olunub, o cümlədən Aİ bütün tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dəstəkləyib, Azərbaycan – Aİ yeni ikitərəfli saziş layihəsi üzrə davam edən danışıqlar alqışlanıb, Aİ-yə qaz təchizatı mənbələri və marşrutlarının şaxələndirilməsinə verdiyi töhfə baxımından Cənub Qaz Dəhlizi layihəsinin yekunlaşdırılması alqışlanıb”. Qarabaginfo.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Şərq Tərəfdaşlığı Zirvə toplantısının Birgə Bəyannaməsinə Azərbaycanın qeyd şərti ilə bağlı sualını cavablandırarkən deyib. Leyla Abdullayeva bildirib ki, birgə bəyannamədə, həmçinin, pandemiyanın qarşısının alınması, onun nəticələrinin yumşaldılması və aradan qaldırılmasında qlobal həmrəylik, gücləndirilmiş əməkdaşlıq və çoxtərəfliliyə çağırış edilib: “Bu, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində COVID-19 ilə mübarizə istiqamətində fəaliyyət prioritetləri ilə uyğunluq təşkil edir. Birgə Bəyannamədə Belarusla bağlı əks olunmuş fikirlərin Azərbaycanın xarici siyasət prinsiplərinə uyğun olmaması səbəbindən Azərbaycan, Birgə Bəyannaməni öz qeyd-şərti ilə qəbul etmişdir. Yəni, Azərbaycan Belarusla bağlı 11-ci bənddəki mövqeyi bölüşmədiyini bildirib. Azərbaycanın digər qeyd şərti Birgə Bəyannamənin texniki əlavəsində “münaqişənin təsirinə məruz qalan ərazilər”lə bağlı olub. Belə ki, sənəddə bildirilir ki, Aİ paytaxtlardan kənarda, münaqişənin təsirinə məruz qalan ərazilərdə fəaliyyət göstərən təşkilatlara dəstək verəcəkdir. Azərbaycan isə verdiyi qeyd-şərtdə həmin ərazilərdə fəaliyyətin ərazinin məxsus olduğu ölkənin müraciəti və razılığı ilə həyata keçirilməsinin zəruriliyini vurğulayıb. Bu mövqe isə bilavasitə beynəlxalq hüquqa və dövlətlərin suveren hüquqlarına əsaslanır". Geri dön |