Ana Sayfa > Karusel / Siyasət > Ermənistan müxalifətinin təcili sessiya keçirmək cəhdi baş tutmadı

Ermənistan müxalifətinin təcili sessiya keçirmək cəhdi baş tutmadı


16-12-2021, 08:18. Yazar: Admin

Ermənistan müxalifətinin təcili sessiya keçirmək cəhdi baş tutmadı

Ermənistan Milli Məclisindəki müxalif Hayastan fraksiyası deputatlarının dekabrın 15-də çağırdığı növbədənkənar iclas baş tutmayıb. Hakim fraksiyadan olan deputatlardan heç biri iclasa gəlməyib və qeydiyyatdan keçməyib və beləliklə də əsası keçmiş prezident Robert Koçaryan tərəfindən qoyulmuş fraksiyanın çağırdığı iclas hüquqi qüvvə kəsb etməyib.

Reqlamentə uyğun olaraq ayrılmış 4 saat ərzində iclasın keçirilməsi üçün zəruri olan 54 millət vəkili Milli Məclisinə yığışmayıb. Azatutyun yazır ki, dekabrın 15-də bu iclasda iştirak üçün 30 deputat qeydiyyatdan keçmişdi.

İclası aparan spiker müavini Akop Arşakyandan başqa qeydiyyatdan keçən deputatların hamısı iki müxalifət fraksiyasının üzvləri idilər. Azatutyun yazır ki, müxalifətin Milli Məclisin növbədənkənar iclasında müzakirə üçün təklif etdiyi məsələ Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyasına aid idi.

Müxalifətin bəyanat layihəsində “Azərbaycanın təcavüzü” pislənir, Ermənistan hökumətindən delimitasiya və demarkasiya məsələsinin “Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququndan” ayırmaması tələb olunurdu. Müxalifət habelə Azərbaycan tərəfi ilə danışıqlarda heç bir yazılı və ya şifahi razılıqların verilməməsini tələb edirdi.

Müxalifətin təklifində deyilirdi ki, Qarabağ və Ermənistanın əsas hüquqlarını pozan razılaşma əvvəlcədən etibarsız sayılmalıdır. Azatutyun yazır ki, iqtidar müxalifətin “daxili siyasi spekulyasiya” ilə məşğul olduğunu bildirib.

Lakin Milli Məclisin Hayastan fraksiyasından olan vitse-spikeri İşxan Saqatelyan iqtidarın iclası nəyə görə pozduğunu belə izah edib: “Bu beynəlxalq birliyə, düşmənə yeni Ermənistan parlamentinin, müxalifət və iqtidarın vahid möqveyi barədə mesajı olmalı idi. Lakin onlar bundan boyun qaçırdılar, çünki Türkiyə və Azərbaycanın əleyhinə kəskin və tələbli bəyanatlardan çəkinirlər. Onların deməyə sözləri olmadığı üçün, necə deyərlər, günahdan uzaq olmaq üçün boykota getdilər”.

Hakim Vətəndaş müqaviləsi partiyasının parlament fraksiyasından xarici əlaqələr komissiyasının üzvü Anuş Beqloyan etiraf edib ki, bugünkü iclasa gəlməmək barədə vahid qərar olub:

“Milli Məclisin bəyanatları beynəlxalq birliyə ən ciddi mesajların verilməsi üçün ən ciddi alətlərdən biridir və bu alətdən ünvanlı, vaxtlı və ciddi mesajların, həqiqətən də beynəlxalq birliyə ünvanlanmış mesajların verilməsi üçün istifadə edilməlidir. Amma biz görürük ki, müxalifətin bəyanatı daxili siyasi, mən hətta deyərdim ki, təbliğat-spekulyativ xarakteri daşıyır”.

Azatutyun yazır ki, Hayastan bloku sözü gedən bu bəyanatı artıq ikinci dəfədir müzakirəyə çıxarmağa çalışır.

Müxalifətin artıq mənfi rəy verilmiş layihəsi müzakirəyə yalnız səsvermə vasitəsilə çıxarıla bilərdi, lakin hakim partiyanın deputatları belə bir səsvermədə iştirak etməyiblər.

Bu dəfə isə müxalifət növbədənkənar sessiyanın çağırılmasına çalışırdı, lakin hakimiyyət bu təşəbbüsün də qarşısını ala bilib.

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında razılaşmaya əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.


Geri dön