Ana Sayfa > Karusel / Siyasət > Zahid Orucdan vertolyot qəzasını terror adlandıranlara ETİRAZ

Zahid Orucdan vertolyot qəzasını terror adlandıranlara ETİRAZ


14-12-2021, 11:26. Yazar: Admin

"Millətimiz üçün çətin sınaq olan 30 noyabr tarixli vertolyot qəzası ilə bağlı hadisədən dərhal sonra yaranan 5 saatlıq informasiya vakuumunda dövriyyəyə atılan müxtəlif təxribatçı versiyalar təəssüf ki, bu gün də davam edir".

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri parlamentin plenar iclasında çıxış edən deputat Zahid Oruc bildirib.

Deputat qeyd edib ki, birincisi, heç bir əsas olmadan xarici dövlətlərə qarşı hücum edən, hadisəni sübutsuz terror adlandırıb yanlış hədəflər göstərən qüvvələr bizə düşmənlər qazandırmaqla millətimizin təhlükəsilziyinə xidmət etmirlər:


"Çünki hərbi Zəfərimiz Britaniya, Rusiya, İran və bir çox dövlətlər tərəfindən qəbul olunub, Soçi və Aşqabad görüşü, Türkmənistan qazının İran vasitəsilə alınaraq dünyaya çatdırılması mühüm regional-beynəlxalq hadisələr olsa da, vertolyot qəzasının səbəbləri kimi göstərilə bilməz.

İkincisi, Vətən müharibəsində və ötən bir ildə, eləcə də 16 noyabr tarixli sərhəd toqquşmasında əsir düşən erməniləri Azərbaycana terror zərbələri ilə geri almaq mümkün deyil. Min kvadrat kilometrlərlə əraziləri qəhrəmanlıqla azad edən dövləti terror və təxribatlarla siyasi-hərbi güzəştlərə vadar edə bilməzlər.

Üçüncüsü, Vətən müharibəsindəki Qələbəmizə hücum məqsədilə “3000 şəhidin ölüm səbəbini sorğulamadınız, ona görə qəzada həlak olanların da haqlarını tələb etməyəcəksiniz” deyən əqidə sahibləri 44 günlük savaşda Ermənistanla birgə məğlub olanlardır. Bəli, düşmənçilikdən qazananlara böyük zərbə dəyib. Lakin Qələbəmizi möhkəmləndirməkdən  bizi heç kəs çəkindirə bilməz.

Dördüncüsü, Silahlı Qüvvələrimiz vahiddir. Onların rəhbərləri və bütün zabitləri, əsgərləri və bütün şəxsi heyəti, texnikası, texnologiyası vahid bir səngərdədir. Qəzasonrası Müdafiə Nazirliyi və Sərhəd Qüvvələri, o cümlədən bütün güc strukturları  koordinasiyalı hərəkət ediblər, 44 gündə olduğu kimi, bir düşmənə qarşı eyni amalı daşıyırlar.

Nəhayət, 1991-ci ilin Qarakənd terroru, Xocalı və Daşaltı əməliyyatları qanlı hadisələr olsa da 30 noyabr tarixli qəza ilə eyniləşdirilə bilməz. Çünki 30 noyabrda şəhid olanlar bir il əvvəl məhz həmin texnikalarla düşmənə öldürücü zərbələr vurublar və vertolyot sindromu, noyabr, Qarakənd, Qaraheybət faciə zənciri düzəltməyə ehtiyac yoxdur. 8 noyabr Salnaməsi bütün tarixlərdə Zəfər ayı olaraq qalacaq və millətimizin taleyində nə baş versə də, onun tarixi əhəmiyyəti dəyişməyəcək. Nəhayət, qəzadan sağ-salamat çıxan hərbçilərin yarğılanması, onların şok altında müsahibələrini şübhə ilə qarşılayanların halına acıyırıq. Ona görə də 10 noyabrla, 20 və 30 noyabrı paralelləşdirənlərin məqsədləri bəllidir. Belələrinin beyni "26 sentyabr”da qalıb.

Ona görə də inanırıq ki, açıq informasiya siyasəti, ədalətli məhkəmə bütün təxribatçı  rəy və ehtimallara aydınlıq gətirəcək, hərbi vertolyotlarımız daim qələbə uçuşlarını davam etdirəcəklər!".


Geri dön