Ana Sayfa > Karusel / Gündəm > Saytların fəaliyyətinə məhkəmə qərarı ilə xitam verilə biləcəyi hallar məlum olur

Saytların fəaliyyətinə məhkəmə qərarı ilə xitam verilə biləcəyi hallar məlum olur


13-12-2021, 13:39. Yazar: Admin

Saytların fəaliyyətinə məhkəmə qərarı ilə xitam verilə biləcəyi hallar məlum olur

Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi proseduru müəyyənləşir.
Qarabaginfo.az-ın məlumatına görə, bu, sabah Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq “Media haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə ali təhsili olmayan şəxs idarəetmə orqanının rəhbəri vəzifəsinə təyin edildikdə və bu pozuntu aradan qaldırılmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldıracaq.
Eyni zamanda qanunda müəyyənləşdirilmiş tələbləri pozduğuna görə fəaliyyəti 2 ay dayandırılmış çap mediası və onlayn media subyektləri həmin tələbləri 2 il ərzində yenidən pozduqda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq.
Media subyektinə dair tələblər pozulduqda da çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Həmin tələblər aşağıdakılardır:
- təsisçi fiziki şəxs olduqda Azərbaycanda daimi yaşayan Azərbaycan vətəndaşı olmalıdır;
- təsisçi hüquqi şəxs olduqda onun nizamnamə kapitalında üstün iştirak payı (75 faiz) Azərbaycanda daimi yaşayan Azərbaycan vətəndaşına (vətəndaşlarına) və Azərbaycanda qeydiyyatdan keçmiş hüquqi şəxsə (hüquqi şəxslərə) məxsus olmalıdır;
- media subyekti fiziki şəxs olduqda Azərbaycanda daimi yaşayan Azərbaycan vətəndaşı olmalıdır;
- Bu tələblər media subyektinin təsisçisi olan hüquqi şəxsin birbaşa və dolayısı ilə iştirakçısı olan şəxslərin iştirakçılarına da şamil edilir.
Media subyektinə dair tələblər sırasına media subyektinin təsisçisinə (iştirakçısına) dair tələblər də daxil edilib. Aşağıdakı şəxslər media subyektinin təsisçisi (iştirakçısı) ola bilməzlər:
- ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslər;
- məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;
- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;
- siyasi partiyalar (çap mediası istisna olmaqla);
- dini qurumlar (çap mediası istisna olmaqla).
Qeyd edək ki, layihəyə əsasən, çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət etməlidir. Rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda da çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq.
Layihəyə görə, Media Reyestrinə daxil edilmiş çap mediası və ya onlayn media subyektinin reyestr məlumatlarında dəyişiklik edildikdə dəyişiklik baş verdiyi tarixdən 14 iş günü ərzində bu məlumatlar müvafiq təsdiqedici sənədlərlə birlikdə təqdim edilmədikdə Media Reyestrinə daxil edilmiş media subyektləri Media Reyestrindən çıxarılır. Media subyektləri Media Reyestrindən çıxarıldığı tarixdən 1 ay ərzində bu pozuntunu aradan qaldırmadıqda onların fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq.
Eyni zamanda qəzetlər davamlı yayımlanan nəşrə və saytlar onlayn media subyektlərinin davamlı fəaliyyətinə dair tələblərinin pozulmasına görə Media Reyestrindən çıxarıldığı tarixdən isə 2 ay ərzində qeyd olunan pozuntuları aradan qaldırmadıqda onların fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq.
Qeyd edək ki, layihəyə əsasən, aşağıdakı qəzetlər davamlı yayımlanan nəşr hesab olunur:
- 1 il ərzində 12 nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan gündəlik qəzetlər;
- 1 il ərzində 9 nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan günaşırı qəzetlər;
- 1 il ərzində 6 nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan həftəlik qəzetlər;
Onlayn media subyekti (redaksiyaları) isə hər ay 20 gün ərzində gündəlik azı 20 kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur.
Qeyd edək ki, hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanuna əsasən, mətbu nəşrin təsisçisi müvafiq icra hakimiyyəti orqanına rəsmi müraciət etmədən yayıldıqda yaxud müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda müvafiq icra hakimiyyəti orqanı həmin nəşrin fəaliyyətinə xitam verilməsi barədə müvafiq məhkəmə qarşısında məsələ qaldırır.
Dövri mətbu nəşrlər tələbləri (çap prosesinin və ya hər hansı surətçıxaran texnikanın vasitəsilə hazırlanmış, birdəfəlik tirajı 100 nüsxədən çox, daimi adı və cari nömrəsi olan, ildə azı on iki dəfə çıxan qəzetlər və ildə azı iki dəfə çap olunan jurnal, toplu, bülleten və başqa dövri nəşrlər) yerinə yetirmədikdə müvafiq icra hakimiyyəti orqanı onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır. Dövlətin bütövlüyünə, ölkənin təhlükəsizliyinə və ictimai asayişə ciddi zərbə vuran çağırışlar və ya informasiyalar, habelə pornoqrafik materiallar dərc etdikdə (efirə verdikdə), kütləvi informasiya vasitəsinin xarici ölkənin dövlət orqanı, fiziki və ya hüquqi şəxsi tərəfindən qanuna zidd şəkildə maliyyələşdirilməsini aşkar etmiş qurumların məlumatları daxil olduqda və kütləvi informasiya vasitəsi məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində iki dəfə məsuliyyətə cəlb edildikdə də onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq.


Geri dön