Ana Sayfa > Karusel / Gündəm > Prezidentin çağırışı bu dövlətlərə açıq mesaj idi

Prezidentin çağırışı bu dövlətlərə açıq mesaj idi


7-12-2021, 18:55. Yazar: Admin

Bu gün müharibə artıq geridə qalıb və Cənubi Qafqazda reallıqlar tamamilə dəyişib. Ermənistan tərəfinin əl atdığı bütün təxribat cəhdlərinə baxmayaraq Azərbaycan bütün ikitərəfli və çoxtərəfli görüşlərdə sülhə hazır olduğunu bəyan etməklə Böyük Sülh Sazişinin imzalanmasının vaxtı çatdığını bildirir.

 

Ermənistanla istər Soçidə keçirilən, istərsə də cari ilin 15 dekabr tarixində Brussel şəhərində planlaşdırılan ikitərəfli görüşdə Azərbaycanın yeganə məqsədi ermənilərin nokaut vəziyyətindən çıxmasına kömək göstərmək və regionda bütün xalqların sülh, əmin-amanlıq şəraitində yaşamaları üçün ermənilərin də iştirakını təmin etməkdir.

 

10 noyabr 2020-ci il tarixində Rusiyanın bilavasitə iştirakı ilə Azərbaycan-Ermənistan arasında doqquz bəndi özündə əks etdirən imzalanmış üçtərəfli bəyanatın bütün bəndlərinin icrası nəinki vacibdir, eyni zamanda götürülmüş öhdəlikdir və bu nə qədər tez baş versə erməni xalqı üçün fəlakətin daha az olmasını şərtləndirə bilər.

 

Prezident İlham Əliyevin 06 dekabr 2021-ci il tarixində Quba rayonuna səfəri çərçivəsində sərəncam və göstərişlərinə əsasən regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarında yer alan layihələrin açılışında iştirak etməsi bir tərəfdən Azərbaycanın hərtərəfli sülhə hazır olduğunu nümayiş etdirir, digər tərəfdən isə ölkəmizin üzərinə götürdüyü, imzaladığı sənədlərə nə dərəcədə ciddi yanaşdığını ortaya qoyur.

 

Cənab Prezidentin açılışlar zamanı verdiyi müsahibələr, Zəngəzur dəhlizinin açılması ilə bağlı yeni müstəvidə növbəti şərtli çağırışı, konkret qrafikin tərtib edilməsi və həmin qrafikin təqdim edilmə vaxtı barədə fikirləri Ermənistana və regionda marağı olan dövlətlərə açıq mesaj idi.

 

Aranı qarışdıran, reallığı dərk etmə qabiliyyətini itirmiş revanşist qüvvələr, onların himayədarları Azərbaycanın gördüyü işlərdən, xüsusilə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdən nəticə çıxartmalı, Brussel şəhərində planlaşdırılan ikitərəfli görüşdə bu fikirlərin reallaşması və konkret nəticə əldə olunmasında maraqlı olmalıdırlar.

 

Azərbaycan Prezidenti, müzəffər Azərbaycan Ordusu, eləcə də mübariz Azərbaycan xalqı ölkəmizin müstəqilliyini əbədiyyətədək qoruyacaq, Azərbaycanın suverenliyinin tam bərpasını həyata keçirəcəklər.

 

Atalar üçdən deyib. Birinci dəfə Zəngəzur dəhlizinin açılması ilə bağlı Naxçıvanda, ikinci dəfə Qubada fikirlər səsləndirilmiş, çox guman ki, üçüncü dəfə mesaj səsləndirməyə ehtiyac qalmayacaq.


Geri dön