Ana Sayfa > Karusel / Sosial > Deputat: "Dövlət hər zaman şəhid ailələrinə, qazilərə və veteranlara böyük diqqət göstərir"

Deputat: "Dövlət hər zaman şəhid ailələrinə, qazilərə və veteranlara böyük diqqət göstərir"


4-12-2021, 18:06. Yazar: Admin

Deputat: Dövlət hər zaman şəhid ailələrinə, qazilərə və veteranlara böyük diqqət göstərir

“Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir”.

Bunu Qarabaginfo.az a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

Onun sözlərinə görə, dövlət tərəfindən şəhid ailələrinin və qazilərin mənzil-məişət şəraitləri yaxşılaşdırılır: “Şəhid ailələri və əlillərə mütəmadi olaraq mənzillər, yeni avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilir. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır”.

Deputat bildirib ki, belə dəstək tədbirlərindən biri də ötən gün parlamentdə müzakirə edilərək qəbul olunan Vergi Məcəlləsinə dəyişikliklərdə əksini tapıb: “Məcəlləyə edilən dəyişikliklərlə Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştləri müəyyənləşib. Belə ki, dəyişikliklə Vətən müharibəsi şəhidləri ilə bərabər, Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir gəlir vergisindən azad edilib. Digər bir dəyişiklik isə Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 20 000 manatadək olan hissəsi gəlir vergisindən azad olunublar”.

Cavid Osmanov
Cavid Osmanov

C.Osmanov vurğulayıb ki, 44 günlük Vətən müharibəsindəki Zəfərdən sonra Azərbaycan işğaldan azad etdiyi torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirir: “Qeyd edim ki, bu işlər heç bir xarici dəstək alınmadan Azərbaycan dövlətinin öz hesabına həyata keçirilir. Ərazilərini bərpa edən bir ölkə üçün büdcəyə qənaət çox mühümdür. Ancaq buna baxmayaraq, Azərbaycanda qəhrəman oğullarımızın və onların ailələrinin rifahı hər zaman dövlət başçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Bugünə kimi qazi və şəhid ailələrinə göstərilən dəstək və vergi güzəştləri də bunun bariz nümunəsidir”.

“Onu da xatırladım ki, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər kəsə yaxşı məlumdur ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir”, - o qeyd edib.(Report)

 

 


Geri dön