Ana Sayfa > Karusel / Müsahibə > “Oğlumun yanmış nəşini ayaq barmaqlarından tanıdım” - Video

“Oğlumun yanmış nəşini ayaq barmaqlarından tanıdım” - Video


2-12-2021, 20:05. Yazar: Admin

“Oğlumun yanmış nəşini ayaq barmaqlarından tanıdım” 

Bu gün evdəki saatın əqrəbləri 06:00-ın üzərinə gələndə Samirə ana oyaq idi. Amma artıq "Abış dur, işə gecikərsən" sözünü deyəcəyi balası yox idi. Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçularından biri - baş leytenant Abdulla Süleymanovun anasının ah-naləsi yaşadıqları mənzilin kəndarından eşidilirdi.

"Axı sən mənim ümid yerim idin. Mənə səninlə bağlı bütün arzularımı həyata keçirəcəyinə vəd vermişdin. Adam da öz anasını aldadarmı, ay vəfasız?"

Dünəndən bəri bütün qonşular Abdullanın anasını ovutmağa çalışsalar da, buna nail ola bilməmişdilər. O, oğlundan xatirə qalan əşyaları qucaqlayıb hönkür-hönkür ağlayırdı.

"Onun nəşini elə ayaq barmaqlarından tanıdım"

Qarabaginfo.az A.Süleymanovun anası Samirə Zamanovanın "Sputnik Azərbaycan"a verdiyi müsahibəni təqdim edir.

S.Zamanova deyir ki, oğlunun istifadə etdiyi ətir, namaz qıldığı möhür və təsbehi, geyindiyi zabit mündiri ona balasından qalan ən qiymətli əşyalardır:

"İş yoldaşları balamın digər əşyalarını da gətirib mənə verəcəklər. Onun pilot-sərhədçi forması əynində yanıb, bədəninə yapışıb. Oğlumun bircə ayağının altı yanmamışdı. Onun nəşini elə ayaq barmaqlarından tanıdım".

Fotoda şəhid Abdulla Süleymanovun ailəsi

S.Zamanova deyir ki, əvvəlcə oğlunun nəşini yandığı üçün ona göstərməsələr də, ana oğlunu son dəfə görmək üçün israr edib. Bundan sonra Abdullanı görmək üçün anasına və doğmalarına icazə verilib:

"Oğlum yanıb yumağa dönmüşdü. Balamın yanmış nəşini bağrıma basdım. Onu son dəfə qoxladım, öpüb-qucaqladım. Balamla belə vidalaşacağım ağlıma da gəlməzdi. Mənim onunla bağlı arzularım tamamilə başqaydı..."

Uşaqlığı sıxıntı içində keçən şəhid

S.Zamanovanın sözlərinə görə, Abdulla uşaqlıqdan zirək, ailəcanlı olub:

"Mən uşaqlarımı atasız, tək böyütmüşəm. Çox çətinliklər görmüşük. Abdulla həmişə mənə ürək-dirək verirdi. Deyirdi ki, ana, narahat olma, az tapacağıq, az yeyəcəyik, çox tapacağıq çox. Qəti yemək davası etməzdi. Çox şükürlü idi balam. Məni o qədər anlayırdı ki, elə bil böyük kişi idi. Bir dəfə pulumuz olmayanda mis toplayıb əridib pulunu mənə gətirmişdi. Mənim onlar üçün çəkdiyim zəhməti dəyərləndirirdi.

Deyirdi ki, işləyəndə çəkdiyim bütün zəhmətlərimin əvəzini qaytaracaq. Bunun mənim valideyn borcum olduğumu desəm də, razılaşmırdı. Qayğıkeş, ağıllı idi. Elə ali məktəbə də öz biliyi ilə daxil oldu. 80 imtahandan uğurla keçmişdi mənim balam. Həmişə deyirdi ki, mən ancaq özümə güvənirəm, istəmirəm mənə təhsil almağa, karyera qurmağa kimsə kömək etsin.

Şəhid Abdulla Süleymanovun fotosu

44 günlük müharibədə şəhid olmasa da...

Abdulla 44 günlük Vətən Müharibəsində də könüllü iştirak edib. S.Zamanovanın sözlərinə görə, əslən Cəbrayıl rayonunun Çərəkən kəndindən olan 22 yaşlı Abdulla həmişə ən böyük arzusunun şəhid olmaq olduğunu dilə gətirirmiş:

"Elə hey deyirdi ki, mən İmam Əlini ancaq şəhid olsam, görə bilərəm. Müharibədə şəhid olmadığına görə təəssüflənirdi. Torpaqlarımızın azad olunmasında onun da payı olduğu üçün özünü xöşbəxt hiss edirdi. Arzusuna qovuşdu balam..."

A.Süleymanov 11 yaşlı qardaşı Şəhriyarın da qayğısına qalırmış. Şəhriyar deyir ki, qardaşının ən böyük arzusu onu həkim görmək imiş: "Mən deyirdim ki, hərbçi olacağam. Amma qardaşım istəyirdi ki, mən həkim olum".

Şəhriyar deyir ki, qardaşı üçün çox darıxır. Şəhriyarın yatağında yatmaqla, onun şəklini qucaqlamaqla qardaşının qoxusunu alır.

S.Zamanova Abdullanın qardaşına daim yaxşı təhsil alması üçün məsləhət verdiyini söyləyir: "Deyirdi ki, 11-ci sinfi başa vurandan sonra mən səni ali məktəbə qəbul olunmuş görməliyəm".

Bütün arzuları yarımçıq qaldı

Şəhid anası ilə söhbət zamanı öyrənirik ki, uşaqlığı çətinliklə keçən Abdulla atasını da vaxtsız itirib. S.Zamanova Abdullanın ən böyük arzusu yüksək rütbəli hərbi qulluqçu və gözəl ev, ailə sahibi olmaq olub:

"Oğlum bir il idi ki, Dövlət Sərhəd Xidmətinin Akademiyasını bitirmişdi. Əməkhaqqını qəpiyinə qədər mənə verirdi. Biz Qobuda yaşadığımızdan işə gedib-gəlməyə çox pulu çıxırdı. Mənə həmişə təsəlli verirdi ki, yaxın vaxtlarda əməkhaqqı artacaq. Arzusu özünə avtomobil almaq idi. Arzularının hamısı yarımçıq qaldı".

Fotoda Şəhid Abdulla Süleymanovun qardaşı Şəhriyar Süleymanov

Abdullanın şəhid xəbəri anasına necə verildi?

Qonşusu Hicran xanım Abdullanın ölümünün bütün qonşuları sarsıtdığını söyləyir. Deyir ki, Abdulla şirindilliliyi ilə bütün qonşulara özünü sevdirib:

"Hərbi məktəbdə oxuyanda evə hər həftə sonu gəlməyəndə darıxırdıq. Abdulla bizim də balamız idi. Zarafatı ilə hamının könlünü ələ almağı bacarırdı. Anasının onları tək böyütdüyünü, bütün yükü çiyinlərində daşıdığını anlayırdı. Ona görə də anasını heç incitmədi. Öz savadı ilə təhsilini başa vurdu. Pilotlarımızın şəhid olduğu xəbərini eşidəndə əlaqə saxlayıb Abdullanı soraqladım. Əvvəlcə mənə o adda pilot olduğunu söyləsələr də, sonra hadisə zamanı Abdulla adında bir neçə şəxsin olduğunu, dəqiqləşdirməli olduqlarını bildirdilər".

Abdulla Süleymanovun şəhid olmasından isə anası saatlar sonra xəbər tutur. Hadisə 30 noyabr saat 11:00 radələrində baş versə də, işdə olan anası oğlunun şəhid olduğunu saat 15:00 radələrində öyrənir:

"Mənə demişdi ki, təlimdə iştirak edəcək. Oğlumu səhər öpüb işə yola salanda inanmazdım ki, onun yanmış nəşini qucaqlayacağam. Hər gün işdə olanda Abdullaya zəng edirdim. Həmin gün iş başımı qatdığından əlaqə saxlamamışdım. Hadisədən xəbər tutan kimi Abdullaya zəng etdim. Telefonuna zəng çatmadı. Abdulla o qədər məsuliyyətli idi ki, telefonu hər zaman açıq olurdu. Əgər zəngi eşitməsəydi, dərhal geri yığırdı məni. Bu dəfə zəngim cavabsız qaldı..."

Şəhid Abdulla Süleymanovun medalı

"Artıq "Abış, dur, işə gecikərsən" sözünü deyəcəyim balam yox idi"

Hər gün səhər saat 06:00 radələrində oğlunu işə yola salan Samirə Zamanova deyir ki, əlində olsaydı, zamanı dayandırardı: "Oğlumu hər gün sübh tezdən oyadıb işə yola salırdım. Ona sevələmək mənasında Abdulla yox, Abış deyirdim. Bu gün saat əqrəbləri 06:00-ın üzərinə gələndə artıq mən oyaq idim. Amma artıq "Abış dur, işə gecikərsən" sözünü deyəcəyim balam yox idi"...

Şəhid olmaq arzusu çin oldu

Burada öyrənirik ki, Abdullaya hərbini onun bu sahədə çalışmış dayısı Səbuhi Zamanov sevdirib. O, dayısının məsləhəti ilə bu sahəni seçərək Dövlət Sərhəd Akademiyasında təhsil alıb. S.Zamanov heç vaxt Abdullanı dörd övladından seçmədiyini söyləyir. Onun sözlərinə görə, Abdulla torpaqlarımız işğalda olarkən həmişə bu barədə onunla söhbətləşirmiş:

"Abdulla torpaqlarımızın işğalda olması ilə qəti razılaşa bilmirdi. Elə hərb sahəsini də torpaqlarımızı peşəkarcasına döyüşüb almaq üçün seçmişdi. İkinci Vətən müharibəsi başlayanda rəis müharibədə kimin döyüşmək istədiyini soruşanda, Abdulla ilk qabağa çıxan zabitlərdən olub. O, Vətən müharibəsində iştirak edərək, Zəngilanda və digər rayonlarda gedən döyüşlərdə iştirak edib.

Cəbrayıl işğaldan azad ediləndə Abdullanın sevincinin həddi-hüdudu yox idi. Müharibədə şəhid olmadığına görə təəssüflənirdi. Bir hərbçi yoldaşı müharibədə şəhid olmuşdu. Bundan dərin sarsıntı keçirmişdi. Deyirdi "Niyə bəs mən şəhid olmadım?". Sanki Allah onun bu istəyini eşitdi. Abdulla ən uca məqama, şəhidlik zirvəsinə ucaldı".

Fotoda Səbuhi Zamanov

Məşəqqətli yataqxana həyatından sonra qara torpaq aldı

S.Zamanova deyir ki, Abdullanın uşaqlığı Azərbaycan Texniki Universitetinin yataqxanasında keçib. Ailəsi 1993-cü ildən Cəbrayıl rayonunu məcburi köçkün kimi tərk edəndən sonra ağır həyat şəraiti sürüblər. Uzun illər yataqxana şəraitində ağır məhrumiyyətlər içində yaşayan Abdulla bütün çətinliklərə rəğmən, ali təhsil alıb, hərbçi peşəsinə yiyələnib.

Sən demə, uzun illər yataqxanada yaşayan Abdulla onlara verilən yeni mənzillərində də doya-doya yaşamayıb. Uzun illər Texniki Universitetin yataqxanasında yaşamağa məcbur olan şəhid Abdulla Süleymanovun ailəsi, nəhayət, bir müddət əvvəl Qobu qəsəbəsində salınmış köçkün şəhərciyində mənzillə təmin olunub. Amma Abdulla bu rahat mənzildə çox az yaşayıb. O, özünə son mənzil olaraq Azərbaycan xalqının qürur yerinə çevrilən İkinci Şəhidlər xiyabanını seçib...

Qeyd edək ki, noyabrın 30-da Xızıdakı "Qaraheybət" aviasiya poliqonunda baş vermiş helikopter qəzasında Dövlət Sərhəd Xidmətinin 14 zabiti şəhid olub və 2-si yaralanıb. Helikopter qəzası ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.


Geri dön