Ana Sayfa > Karusel / Gündəm > Helikopter qəzasında həlak olan hərbi qulluqçuların nəşinin müayinəsi başa çatıb

Helikopter qəzasında həlak olan hərbi qulluqçuların nəşinin müayinəsi başa çatıb


1-12-2021, 11:35. Yazar: Admin

 

Helikopter qəzasında həlak olan hərbi qulluqçuların nəşinin müayinəsi başa çatıb

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçuların nəşinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinəsi başa çatıb.

Qarabaginfo.az xəbər verir ki, cənazələr morqdan qaldırılıb.

Cənazələr vida mərasimin keçirilməsi üçün DSX-nin "Sərhədçi" İdman Kompleksinə aparılır. Mərasim bir qədər sonra başlayacaq.

Daha sonra cənazələr dəfn olunmaq üçün hərbi qulluqçuların ailələrinə təhvil veriləcək.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən "qara qutu"nun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.


Geri dön