Ana Sayfa > Karusel / Gündəm > Ata Abdullayevin məhkəməsinə məcburi gətirilən Masazır icra nümayəndəsi ifadə verib

Ata Abdullayevin məhkəməsinə məcburi gətirilən Masazır icra nümayəndəsi ifadə verib


30-11-2021, 11:58. Yazar: Admin

 

Ata Abdullayev

 


Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən bloger Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qarabaginfo.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasda cinayət işində zərərçəkmiş qismində tanınan, prosesə məcburi qaydada gətirilən Abşeron rayonu, Masazır qəsəbəsinin icra nümayəndəsi Şahlar Həsənov ifadə verib.

İcra nümayəndəsi bildirib ki, Ata Abdullayev məişət tullantılarının daşınmamasını əsas gətirərək ondan əvvəl 6 min, sonra isə 10 min manat istəyib: “Mənə zəng edib dedilər ki, Ata Abdullayev məişət tullantılarının daşınmaması ilə bağlı çəkiliş edir. Tez həmin əraziyə getdim. Həqiqətən də orda artıq tullantılar var idi. Canlı yayımda onunla mübahisəmiz yarandı. Bildirdim ki, burada məişət tullantıları yoxdur, evdə aparılan təmir işlərindən çıxan söküntülərdir ki, o da çəkiliş gedə-gedə yığışdırıldı. Özü canlı yayında da dedi bunu. Masazır qəsəbəsində 100 mina yaxın sakin yaşayır, texnika çatışmır. Texnikaların istismar müddəti başa çatıb. Cəmi 4 maşın var.

Ata Abdullayev çəkilişləri mütəmadi olaraq davam etdirirdi. Bir gün onunla görüşüb vəziyyəti izah etdim. Xahiş etdim ki, bu işləri dayandırsın. Tez-tez çəkilişlərdə rayon rəhbərliyinin adını hallandırırdı. Ona bununla bağlı irad bildirəndə isə dedi ki, o arvad (Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova-red.) bizi saymır. Mənə müəyyən məbləğ dedi, bildirdim ki, mən gündə 50-60 arayış verirəm, baxın görün arayışların birindən 1 manat gəlirim varsa, onda siz deyən məndə olardı. Mən maaşa baxan adamam. Təklif etdim ki, mənim gücüm ancaq ona çatar ki, bir quzu kəsdirim verim sənə apar balalarına. Ata Abdullayev ona da razılaşmadı. Mən də məcbur olub DTX-ya müraciət etdim".

İcra nümayəndəsi daha sonra bunları deyib: "Ona dedim ki, a, kişi nə danışırsan? Sonra məbləğ 6 minə düşdü. Qərəzim olsa, deyərəm ki, 6 mini vermişəm, amma verməmişəm. Niyə verməli idim axı? Ata Abdullayevlə bir neçə dəfə telefonla danışmışam. Telefonla məndən pul istəməyib. Bir dəfə restoranın yanında görüşdük onda pul istədi”.

Vəkilin “Nəyə görə məhz DTX-ya müraciət etdiniz” sualına isə Ş. Həsənov bunun onun konstitusion hüququ olduğunu bildirib.

İcra nümayəndəsi ifadəsində onu da deyib ki, Ata Abdullayevin anası bir neçə gün əvvəl yaşadığı evə gəlib: "Ata Abdullayevin anasına ürəyim ağrıdı. Yaylığını ayağıma atdı. Ona dedim ki, mənim də anam var. Nəyə görə vaxtında ona demədim ki, belə olmaz?"

Prosesdə Ata Abdullayev icra nümayəndəsinə üz tutaraq ona hörməti olduğunu deyib: "Şahlar əmi, bu qədər adam tanıyıram amma sizə başqa hörmətim var. Atamın, cavan qardaşımızın ruhuna and olsun ki, iki yetim uşağa baxıram. Allaha and olsun ki, bu deyilənlər cəfəngiyatdır. Mən çəkilişlərdə Şahlar Həsənovun adını çəkməmişəm. Mən demişəm ki, İradə Gülməmmədovaya diqqət yetirin. Anam da Şahlar Həsənovun yanına onun xəstə olması ilə bağlı gedib. Çünki, o, məhkəməyə xəstə olduğu barədə məlumat göndərmişdi”.

Təqsirləndirilən şəxs ondan pul aldığını sübut edən fakt ortaya qoyulmasını istəyib: "1992-93-cü illərdə yaşamırıq. Əllərdə müxtəlif vasitələr var. Nəyə görə pul istəyəndə çəkməmisiz?"

Zərərçəkmiş şəxsin ifadəsindən sonra cinayət işində şahid kimi tanınan Ziya Məmmədovun məcburi məhkəməyə gətirilməsi barədə qərar qəbul edilib.

Proses dekabrın 7-də davam etdiriləcək.

Qeyd edək ki, icra nümayəndəsi Şahlar Həsənov məhkəmədə iştirak etməkdən yayındığı üçün bundan əvvəlki prosesdə məcburi məhkəməyə gətirilməsi barədə qərar qəbul edilib.

Xatırladaq ki, bloqer Abdullayev Ata Eldar oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.

A.Abdullayevə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham verilərək barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.


Geri dön